Üç il bundan əvvəl bir reabilitasiya mərkəsinin rəhbərini və orada işləyən işçini hüquq mühafizə orqanları həbs etmişdi.
Demək onlar mərkəzdə müalicə alan bir narkotik auldəçisini ayağından asıb işgəncə vermişdilər. Adamı o qədər döymüşdülər ki, işgəncəyə dözməyib ölmüşdü. İndi baxıram ki, bu kimi mərkəzlərin sayı lap çoxalıb. Əvvəla, bu mərkəzlərdə müalicə adı altında hansı tədbirlərin həyata keçirilməsi şübhə doğurur. Ora ali təhsilli həkimlər prosesə cəlb olunmur, müasir müalicə metodları yoxdur.
Bir sözlə “türmə” qanunları ilə adamı saxlayırlar. Cəzaçəkmə müəssisələrində narkoman necə sağalırsa, burda da elə. Yəni narkotik tapa bilməyən adam bir müddətdən sonra normal həyata dönür, yemək yeyir, yatır və kökəlir. Hanslsa iynə və dərman bunun üçün lazım da deyil. Tək sağalma yolu narkotik maddənin əlçatmazlığıdır, başqa heç nə. Bu mərkəzlərin əksəriyyəti bu yolla varlanır. Bu səbəbdən belə mərkəzlərin fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunmalıdı, mütəmadi reydlər keçirilməlidir. Bundan başqa, bu cür mərkəzlərdə insanların məcburi qaydada saxlanılması ciddi qanun pozuntusudur.
Narkoman məcburi müalicəyə yalnız məhkəmənin qərarı ilə cəlb oluna bilər və bu zaman o Səhiyyə və Ədliyyə Nazirliklərinin tabeliyində olan tibb müəssisələrində müalicəyə cəlb edilir. Reabilitasiya mərkəzlərinə müraciət və orda müalicə də ancaq könüllü olmalıdır. Kimisə zorla tutub aparıb orada müalicə adı altında saxlamaq cinayətdir.
