ABŞ bu həftə Karib hövzəsinə Hərbi Hava Qüvvələrinin xüsusi əməliyyatlara aid çoxsaylı təyyarələrini, həmçinin qoşun və hərbi texnika göndərib.
Tacxeber.com xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə və müşahidə sistemlərinin məlumatlarına görə, dekabrın 22-də regiona azı 10 ədəd V-22 Osprey konvertoplanı və C-17 tipli hərbi-nəqliyyat təyyarələri çatdırılıb. Mənbələrdən birinin sözlərinə görə, təyyarələrin göyərtəsində hərbi personal və avadanlıq olub. Bununla belə, hansı qoşun növlərinin və konkret hansı texnikanın yerləşdirildiyi açıqlanmır.
ABŞ-nin Latın Amerikası üzrə hərbi əməliyyatlara cavabdeh olan Cənub Komandanlığının nümayəndəsi konkret hərəkətləri şərh etməkdən imtina edib. O bildirib ki, istənilən hərbi obyektlərdə avadanlıq və şəxsi heyətin rotasiyası standart praktikadır. Ağ Ev və Pentaqon isə “The Wall Street Journal”ın sorğularını cavabsız qoyub.
Məlumatda qeyd olunur ki, ABŞ payızın əvvəlindən etibarən Venesuela ilə münasibətlərin gərginləşməsi fonunda Karib hövzəsində hərbi mövcudluğunu ardıcıl şəkildə artırır. Regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin donanması, o cümlədən ən müasir aviadaşıyıcı “Gerald Ford”, beş esminesdən ibarət aviadaşıyıcı zərbə qrupu, dəniz piyadaları bölmələri, qırıcılar, radioelektron mübarizə təyyarələri və xilasetmə helikopterləri yerləşdirilib.
Son aylarda ABŞ Venesuela ilə əlaqəli olduğunu iddia etdiyi və narkotik daşımaqda şübhəli bilinən dəniz gəmilərinə zərbələr endirdiyini, həmçinin Karakasla əməkdaşlıq edən neft tankerlərini saxladığını bildirir. ABŞ Prezidenti Donald Tramp da Venesuelaya zərbələrin endirilməsi ehtimalını istisna etməyib.
Bu fonda “Associated Press” agentliyi dekabrın 23-də Moskvanın dekabrın 19-dan etibarən Venesueladan rusiyalı diplomatların ailə üzvlərini təxliyə etdiyini yazıb. Lakin Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib.(AzPolitika)
