DünyaSiyasət

“İran xaos içindədir”…

Prezident Məsud Pezeşkian quzey Azərbaycanda ən çox tanınan və simpatiya qazanan İran siyasətçisidir. O, təkcə Azərbaycanda deyil, İranın özündə də mütərəqqi, tənqidi və nisbətən açıq mövqeyi ilə seçilən siyasi fiqur kimi qəbul olunur.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də ona münasibətdə açıq simpatiyasını gizlətmir. Yadınızdadırsa, Bakıda səfərdə olan Rəcəb Tayyib Ərdoğala söhbət zamanı İlham Əliyev Məsud Pezeşkianı göstərərək “o, öz vətənindədir” demişdi. Başqa bir çıxışında isə bu fikri daha da dərinləşdirərək belə ifadə etmişdi: “Bəli, o azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq, tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyac duymadı. Çox istedadlı insandır.”
Bu kontekstdə Pezeşkianın həm etnik-mədəni kimliyi, həm də siyasi baxışları onu region üçün maraqlı fiqura çevirir.

Son günlər isə sosial şəbəkələrdə və bəzi platformalarda İran prezidentinə aid edilən uzun və son dərəcə sərt bir sitat geniş yayılıb. Həmin mətndə İranın “tam dalana dirəndiyi”, “xaos içində olduğu”, “problemin ABŞ və ya sionist rejim deyil, ölkənin öz daxilində olduğu” kimi iddialar yer alır. Lakin aparılan yoxlamalar göstərir ki, bu mətn nə rəsmi çıxışlara, nə də etibarlı farsdilli mənbələrə əsaslanır. Yəni söhbət ya tamamilə uydurma, ya da müxtəlif çıxışlardan qoparılmış fikirlərin sərtləşdirilmiş montajından gedir.

Reallıqda Məsud Pezeşkian çıxışlarında daha ehtiyatlı, dolayı və siyasi balansı qoruyan ifadələr işlədir. Məsələn, “I can do nothing. People should not think a president can work miracles.”
(“Mən heç nə edə bilmərəm. İnsanlar prezidentdən möcüzə etməsini gözləməsinlər”. “The New York Times”) Bununla belə, onun mövcud İran siyasi sisteminə tənqidi yanaşması da şübhə doğurmur. Sual yaranır: niyə?

Çünki İranın hazırkı teokratik–molla sistemi Pezeşkian kimi siyasətçilərə genişmiqyaslı siyasi və iqtisadi islahatlar aparmaq imkanı vermir. Məsələn, o, açıq şəkildə İranın Türkiyə, Azərbaycan və Pakistanla daha yaxın münasibətlər qura biləcəyini deyib. Amma bu ideyalar real siyasətə çevrilmir. Səbəb isə aydındır: İranın üzərində qurulduğu sərt ideoloji çərçivə və şiə-siyasi doktrina bu cür regional yaxınlaşmalara ciddi məhdudiyyətlər qoyur.

İstənilən halda, yalanların, uydurma sitatların və manipulyativ mətnlərin əleyhinəyəm. Azərbaycan oxucusunun rəyini bu cür saxtakarlıqlarla yönləndirmək olmaz. Cəmiyyət öz düşüncəsini emosional uydurmalara yox, faktlara və yoxlanmış məlumatlara əsaslanaraq formalaşdırmalıdır.

İranın ideoloji modeli artıq ciddi suallar doğurur və böhran əlamətləri açıq görünür. Bunun hansı siyasi nəticələrə gətirib çıxaracağını zaman göstərəcək. Məncə, proses rejimin de-montajına doğru gedir. Amma bir həqiqət var ki, reallığı təhrif etmədən, olduğu kimi demək həm jurnalistikanın, həm də ictimai məsuliyyətin əsas şərtidir. Dediyimiz sözə məsuliyyətlə yanaşaq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Şok: Fransa şirkəti İŞİD-ə yardım etdiyini boynuna aldı

redaktor

Qalib kim olacaq: İsrail, yoxsa HƏMAS? – Ekstrasens

admin

Alimlərdən xəbərdarlıq: Günəş aktivliyinin pik həddinə çatır

redaktor