Donetsk vilayətinin Pokrovsk şəhərində Ukrayna Müdafiə Qüvvələri tərəfindən iki Kolumbiya vətəndaşı əsir götürülüb.
Tacxeber.com xəbər verir ki, Ukrayna mediası həmin əsirlərin görüntülərini və ifadələrini yayımlayıb.
Əsirlər iddia edirlər ki, Rusiyaya işləmək üçün gəliblər, lakin aldadılaraq Ukraynada döyüşməyə göndəriliblər. Onlara aylıq 2500 dollar vəd edilib, lakin heç nə ödənməyib.
Əsirlərdən biri ona hərbi bölmələrdən birində qaynaqçı kimi iş vəd edildiyini bildirib. Digəri isə Rusiyaya qaz emalı zavodunun mühafizəsində işləmək üçün gəlib: “Dedilər ki, iş maksimum bir aydır. Bu, yalan çıxdı. Boqotadan İstanbula, İstanbuldan Ufaya uçduq. Ufaya çatanda pasportlarımızı, telefonlarımızı və bütün sənədlərimizi götürdülər. Üç gün sonra bizi avtobusa mindirib təxminən 36 saat naməlum istiqamətə apardılar; hara aparıldığımızı bilmirdik”.
Kolumbiyalılara döyüşməyəcəkləri barədə zəmanət verilib. Əsir iddia edir ki, bu cür vədlərə görə bir çox əcnəbilər Rusiyanın təklifləri ilə razılaşır və hazırda da Kolumbiya vətəndaşları Ufaya gəlməyə davam edir: “Onlar mənə çox axmaqcasına yalan danışdılar, mənə köməkçiyə ehtiyacımın olduğunu dedilər, ona görə də bir dostuma zəng etdim. O, gəldi və öldürüldü. Mən bunu gördüm. Mənə dediklərinə inandım: işin təhlükəsiz olacağına, bizi cəbhə xəttinə göndərməyəcəklərinə inandım”.
Kolumbiyalılar iddia edirlər ki, onlar heç vaxt atəş açmayıblar və ukraynalı hərbçilər onları əsir götürərkən, doğrudan da onların avtomatlarının “maqazini” dolu olub.
Qeyd edək ki, bundan öncə Ukrayna Silahlı Qüvvələri ruslar tərəfindən aldadılıb cəbhəyə göndərilən Keniyanın 36 yaşlı yüngül atletika idmançısını əsir götürüb. O, Sankt-Peterburqa yarışlara qatılmaq üçün gedib. Lakin Rusiyaya çatdıqdan sonra ona və digər afrikalılara rus dilində yazılmış müqavilələr verilib. Bunların hərbi xidmət müqavilələri olduğu ortaya çıxıb. Həmçinin, bir İraq vətəndaşı da Ukrayna qüvvələrinə təslim olub. O, rusların əcnəbilərlə pis rəftar etdiyini bildirib. Onunla birlikdə Keniya və Qanadan olan əcnəbilər də olub. (AzPolitika)
