DünyaSiyasət

Miflərin altındakı həqiqətlər

Dünyada və məmləkətimizdə yayılmış miflər və onları dağıdan cavablar və sullar – bəli, düzgü qoyulmuş sual çox vaxt cavabdan önəmlidir. (Düşünmək üçün)

Dünyada.

Mif – Çin ABŞ və Qərb üçün böyük təhdiddir, təhlükədir.

Cavab və suallar – Təhdid və təhlükə anlayışı tarixən işğalla, ərazi tutmaqla, özünə tabe etdirməklə əlaqəli tezislərdir. Çin indiyədən haranı işğal edib ki?! Əksinə, əhalicə özündən o zaman 5-6 dəfə az olan Yaponiya, Çini məğlub edib torpaqlarını işğal etmişdi. Yaxşı, Çin haranı özünə tabe etdirib və bunu zorla edib ki?! Elə bir örnək varmı?! Hə, Çin iqtisadi olaraq, texnoloji olaraq güclənir, istehsal gücü, ixrac gücü artır – bu Qərb, və ya Qərbdə yaşayan vətəndaşlar üçün niyə təhdid olsun ki?! Lap yaxşı da, Çin rəqabət yaradır, Qərb də əsl dəyərlərinə geri dönüb rəqabətə iqtisadi cavab versin – bundan bütün dünya vətəndaşları uduşlu çıxacaq, mal-xidmət bolluğu, rəqabətə görə ucuzluq olacaq.

Mif – Çin ərtaf ölkələrə, o cümlədən Tayvana saldıracaq.

Cavab və suallar – Tayvanda elə çinlilər yaşayır da, elə deyil?! Bu adanın tarixi də maraqlıdır, Çin Tayvana silah gücü ilə sahib olmayacaq, elə Qərbin əvvəllər yaxşı bacardığı yumşaq güclə, yəni, seçkilərlə sahib olacaq. Günlərin bir günü Tayvanda Çinlə birləşmək istəyən siyasi partiyalardan biri seçkilərdə qalib gələcək – daha önəmlisi odur ki, Tayvanda yaşayan çinlilər 30 il əvvəl Çində yaşayanlardan 10 dəfə yaxşı qazanırdı, indi fərq qapanıb, Çin daha cəlbedici olub. Hə, onu da deyim ki, Çinlə Tayvan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 298 mlrd. dollar olub – belə də “düşmənçilik” olur?! Tayvanın əhalisi 24 mln. nəfərdir, amma tək Çinlə ticarət dövriyyəsi 300 mlrd. dollara yaxındır, özü də, Çin Tayvanın 1 nömrəli ticarət tərafdaşı, 1 nömrəli investorudur. Çinin nə zorla yeridə biləcəyi ideologiyası, nə də buna imkan verən tarixi-fəlsəfi yanaşması var. Ona görə də, Çin iqtisadi ekspansiya edir, iqtisadi gücə çevrilir, Avropa, Qərb papağını qabağlna qoyub düşünsün ki, harda, necə, niyə rəqabəti Çinə uduzdular.

Mif – Rusiya Ukraynada qalib gələn kimi hər yerə, o cümlədən Avropaya hücum edəcək.

Cavab və suallar – Birincisi, ərazisinin həcmindən asılı olmayaraq, əgər müstəqil Ukrayna adlı dövlət qalıb-yaşayacaqsa, Rusiya artıq məğlubdur. İkincisi, Rusiya 4 ilə yaxındır ki, qəhrəman Ukrayna xalqı ilə bacara bilmir, NATO-yamı saldıracaq?! Üçüncüsü, Rusiya qurd deyil, ayıdır, qurdun dişi qana dəyənda qızışır, ayı ilə mütləq yuxuya gedib yaralarını sarımağa, yuxudan durandan sonra isə əritdiyi piyi bərpa etməyə çalışır. Yəni, Rusiya hələ bir müddət özünə gəlməyə çalışacaq, bunu da hələ bacarsa. Həm də, post-putin dönəmi Rusiya üçün o qədər ağır olacaq ki, başı illərlə daxilinə  qarışmış olacaq. Amma, ayı-ayıdır, hər zaman təhdidlərə hazır olmaq, qonşularının hədəfi olmalıdır. Bu isə hərbi xərclərlə deyil də, işlək ittifaqlarla mümkündür.

Mif – Tramp Rusiyanın adamıdır, 28 bənddən (mediada bəndlərin sayı müxtəlif göstərilir) ibarət plan Rusiyanın xeyrinədir.

Cavab və suallar – Tramp ABŞ-ın adamıdır, Amerika maraqlarından çıxış edir, bəziləri isə absurdcasına buna görə etiraz edirlər – deyirlər ki, Tramp niyə ABŞ maraqlarından çıxış edir?! Və ya, tutalım, Tramp cəmi 1 bənddən ibarət plan yazıb elan etsəydi ki, məsələn, Rusiya 1991-ci il sərhədlərinə qayıtmalı, Ukraynadan rədd olmalı, üzr istəməli, 1 trilyon dollar da kompensasiya ödəmilidir – o zaman nə olacaqdı?! Dünyanın psevdo-liberalları Trampı sevəsəkdimi?! Yaxşı, bu tələbi Rusiya qəbul etməyib, kənara atacaqsa, bu tələbi necə qəbul etdirmək olar?! Bəli, vuruşaraq olar, amma, nə ABŞ, nə NATO, nə AB Ukrayna ilə bir yerdə vuruşmaq istəmir axı, elə deyil?! O zaman nə təklif edirlər?! Seçim çox bəsitdir axı – ya Ukrayna xalqı ilə birgə Rusiya ilə vuruşmalıdırlar, ya da Ukraynanı indi xilas edib “finlandizasiya” modelinə keçməlidirlər. Üçüncü yol varmı?!

(gələn bazar günü davamı olacaq, ölkəmizdəki mifləri də dağıtmağa çalışacam)

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

İsrail aviasiyası İranın ən böyük nüvə tədqiqat mərkəzinə zərbə endirib

redaktor

Pakistanda etiraz aksiyaları zamanı insanlar İsrail bayrağını yedilər – Video

redaktor

Yağışlı hava nə vaxta kimi davam edəcək?

redaktor