Üç gündür müzakirə gedir ki, Məhsəti adlı qısametrajlı film çəkilib. Tarixdəki şairə Məhsətiyə bənzər obraz bu günə gətirilib: klublara gedir, çaxır içir, sevgi ortamında əylənir, şeir deyir.
İdeya normaldır. İstəsəniz, növbəti statusda Məhsəti haqqında ayrıca yazaram. Amma indi gedən tənqidlərdən danışacağam.
Mən filmə baxmamışam. Amma deputatların və məmurların söylədiklərini oxumuşam: “Azərbaycan xanımına hörmətsizlikdir”, “milli dəyərlərə zərbədir”, “əxlaqsızlıq təbliğ edir”.
Əvvəla bilin ki, dəyərləri məhv edən film deyil. Kasıbçılıq və işsizlikdir. İnsan həyatının ucuz olduğu ölkədə milli dəyərlər də ucuzlaşır.
Razı deyilsinizsə istənilən kasıb ölkəni deyin, müzakirə edək. Kuba, İran, Latın Amerikası, Afrika, hansından danışaq?
İraqda 5–10 min dollara azyaşlı qızı atasından almaq olar. Mən demirəm, parlamentlərində müzakirə edilib. Əfqanıstan, Pakistan daha da ucuzdur, həm qız, həm oğlan satırlar. İndi bilmirəm necədir amma 2006-cı ildə Türkiyədə yaşayanda Türkmənistan, Özbəkistan və Azərbaycan qızlarının nələrlə məşğul olduğunu görmüşəm.
Mən “əxlaqsız” deyilən Avropada bir yerli almanın fahişəlik etdiyini görməmişəm. İngiltərə, Fransa, İtaliya kimi hara getsən, bu işləri kasıb ölkələrdən gələnlər görür. BƏƏ və Qətərdə də yerli qadınların belə şeylərlə məşğul olduğunu görməzsən, Hindistan və Afrika ölkələrindən gələnlər görür bu işi.
Ona görə də “milli dəyərlər” deyirsinizsə, əvvəl az oğurlayın, az talayın. Monopoliyaları götürün ki, pulu olan insan zavod, fabrik aça bilsin, təsərrüfatla məşğul ola bilsin. Xarici investor bilsin ki, burada biznesinə çökən olmayacaq, gəlsin, iş qursun. Azərbaycanı seks turizminə çevirib sonra da “dəyərlər” deyə qışqırmayın.
Sovetdən qalan ənənədir: problemi ört-basdır etmək. Çürüyün üstünə rəng vurub parıldadırlar. İçəridə hər cür zibil, iyrənclik, əxlaqsızlıq olsun amma kənardan görünməsin.
Axşamlar Bakıxanov girişinə, Nərimanov parkına, Tbilisi prospektinə və ya Əhməd Rəcəblidə yerləşən diskotekalara gedin milli dəyərlər hansı vəziyyətdədir görəcəksiniz.
