“Aristokrat” adlı özəl klinikada stomatoluqun sertifikatsız fəaliyyət göstərdiyi məlum olub. Bunu Baku TV-dəki həmkarlarımız aşkar ediblər. Nəticədə həm “həkim”, həm də “Aristokrat” MMC İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tənbeh olunub.
Deməli, bunu bilib gizlədiblər. Əfsus ki, belə faktlar az deyil. Saxta həkimlər, sertifikatı olmayan tibb işçiləri səhiyyəmizin əsas problemlərindən birinə çevrilib. Bunu bəzi işbazlar asan gəlir mənbəyinə çeviriblər.
Mediada bu problem həmişə qabardılıb. Şəxsən mən dəfələrlə bu mövzuda yazıb bildirmişəm. Bakıda və respublikamızın digər bölgələrində, əsasən də Gəncədə belə faktların mövcudluğunu demişəm.
Heç bir təhsili olmayan həkimlər, kosmetoloqlar ölkəni bürüyüb. Şikayətlərə, müraciətlərə nə Səhiyyə Nazirliyi, nə TƏBİB heç bir reaksiya vermir. Hüquq-mühafizə orqanlarından da səs çıxmır.
Halbuki prokurorluq qanunların yerinə yetirilməsinə nəzarəti təmin etməlidir. Amma təəssüf ki, hətta vətəndaş müraciət etdiyi halda da məsələni araşdırmaq istəmirlər. Nə vaxta kimi belə davam edəcək?
Açıq-aşkar baş verən qanun pozuntusu görməzliyə vurulursa, deməli bunu himayə edən maraqlı qüvvələr var. Yoxsa, belə adamlar, müəssisələr bir gün də işləyə bilməzlər.
Naxçıvanda səhiyyə sisteminin vəziyyətindən neçə dəfə yazdıq, şikayətlərin izi ilə araşdırma aparıb faktları mediada göstərdik, şikayətləri dövlət təşkilatlarına, hüquq-mühafizə orqanlarına yönəltdik.
Lakin əməli tədbir görülməsi üçün şərait sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin işdən azad edilməsindən sonra yarandı.
Məhz onun işdən çıxarılmasında az sonra Naxçıvanın səhiyyə naziri Samiq Sadıxovu da vəzifəsindən azad etdilər. Ancaq bu qədər qanunsuz hərəkətlərə rəvac vermiş bir məmurun cəzası yalnız işdən çıxarılmaq olmalıdırmı?
Bəs onların qanun pozuntuları necə olacaq? Belə adamlar üçün işdən azad olunmaları əslində mükafat kimi bir şeydir. Dövlətin malını, pulunu yeyib-dağıdırlar, axırda da işdən çıxıb başqa işə hazırlaşırlar.
Səhiyyədə şarlatanlığıın artması birbaşa genefondumuza vurulan zərbədir. İnsanın sağlam ətraf mühitdə yaşamaq konstitusion və bəşəri haqqıdır. Bu hüquqa kim qəsd edirsə, ciddi cəzasını almalıdır.
Çox təəssüf ki, bizim qanunvericilikdəki müəyyən boşluqlar insan sağlamlığı ilə oynayan dəllalların inzibati cərimə, tənbehlə qurtulmaqlarına şərait yaradır. Bu barədə hamılıqla düşünüb qərara gəlmək lazımdır.
