DünyaSiyasət

Zelenskini nə gözləyir…

Zelenski artıq vurulmuş fiqurdur, onun hələlik şahmat taxtasında (siyasi səhnədə) qalması formal xarakter daşıyır. Çünki ABŞ üçün onu vəzifəsindən istefa verməyə məcbur etmək çox asandır: NABU ona qarşı topladığı və artıq surəti FTB-də olan kompromatları üzə çıxartsa, o nəinki vəzifəsindən istefa verəcək, hətta ABŞ-ın təzyiqi ilə həbs edilə bilər. Lakin onun vəzifəsindən indi çıxarılması nə Trampa, nə qlobalistlərə, nə də Rusiyaya sərf edir. Niyə?

Bu suala cavab vermək üçün əvvəl Ukraynadaxili siyasi vəziyyətə aydınlıq gətirək.

Ukraynanın vəziyyəti çox acınacaqlıdır: müharibədə şəhərlər itirilir, canlı itkilər artır, əhali zorla səfərbər edilsə ordunu tam komplektləşdirmək mümkün olmur, ordudan fərarilik artır, korrupsiya böhranı gərginləşir, Rusiyanın energetika obyektlərini partlatması ölkəni soyuq qış qarşısında çətin vəziyyətə salıb, iqtisadiyyat dağılır, xarici hərbi yardım azalır, maliyyə yardımı problemə çevrilib, gələn ilin büdcəsi $47,5 milyard kəsirlə təsdiq olunub, hakim partiya və onun parlament fraksiyası parçalanmaq üzrədir, Ukrayna ABŞ-dan dəstəyini itirir, Avropada tərəddüd edənlər artır və sairə. Lakin bütün bunlara, hətta ən yaxın silahdaşı Andrey Yermakın da istefasına baxmayaraq, Zelenski prezidentliyi itirəcəyindən qorxmur. Əmindir ki, onun yerinə heç kim göz dikməyib. Niyə belə əmindir?

Ukrayna əvvəl-axır sülh adlandırılacaq kapitulyasiya müqaviləsi bağlamalı olacaq. Lakin Ukraynada heç bir siyasətçi tarixə düşəcək belə bir biabırçılığın onun adı ilə bağlanmasını istəməz. Bu o demək deyil ki, onlar Ukraynanın məğlub olmayacağına inanırlar. Xeyr, sadəcə, onlar “Sülh” müqaviləsini başqasının imzalamasını istəyirlər ki, ondan sonra hakimiyyətə gəlib, hər şeydə əvvəlki prezidenti günahlandırsınlar. Hamı belə düşündüyündən, “Sülh” müqaviləsi imzalananadək heç kim Zelenskinin hakimiyyətdən getməsini istəmir.

Zelenski onlara günah keçisi kimi lazımdır. O, müqaviləyə qol çəkən kimi bütün opponentləri ayağa qalxıb, onu söyəcək və hakimiyyətdən getməyə məcbur edəcəklər. “Günah keçi” dilimizə Tövratdan keçmiş anlayışdır. Orada dini qaydalar arasında belə bir ayın var: kimsə günahlarından təmizlənmək istəyirsə, ravvinin yanına 2 keçi (kasıbdırsa – 2 toyuq) gətirməlidir. Rahib bir əlini günahkarın, digər əlini keçilərdən birinin başına qoyub müəyyən dualar oxuyur. Duaların sayəsində günahlar insandan ravvin vasitəsilə keçiyə keçir – ravvin bir növ “körpüdür”. Bundan sonra həmin keçi işarələnir və azad buraxılır, onu heç kim saxlaya, yeyə, ona toxuna, ondan süd və ya bala ala bilməz. İkinci keçi isə qurbanlıqdır – onu kəsirlər, içalatını oda atırlar, əti isə ravvinə, qismən də keçi sahibinə çatır… İndi Ukraynada da bütün siyasətçilər günahlarını Zelenskiyə köçürüb, hakimiyyətdən və cəmiyyətdən qovmaq istəyirlər.

Bunları nəzərə alsaq, aydındır ki, sülh müqaviləsinə qol çəkməyincə Zelenski hakimiyyətdə qalacaq (fors-major olmasa). Buradan Ukrayna siyasətçilərinin 2 mövqeyi ortaya çıxır:
Zelenski və onun ortaqları – müharibənin dayanmasını istəmirlər, çünki müharibə onun prezidentliyinin təminatıdır;

Prezident iddiasında olan digər siyasətçilər – müharibənin tezliklə bitməsini istəyirlər (hətta dildə başqa sözlər desələr də) ki, bu onların prezident olmasına imkan yaradır.

İndi isə xarici oyunçuların niyə Zelenskini vəzifədə saxlamaqda maraqlı olduqlarını izah edək:

Tramp üçün:

Yuxarıda yazdığım kimi, Ukraynada indi heç kim Zelenskinin yerinə gəlmək və “Sülh planı”na qol çəkmək istəmir.

Prezidentliyə namizədlərin sayı çox deyil (namizədi xalq az-çox tanımalıdır), yəni seçim məhduddur. Kimsə prezident olmağa razılaşsa da “Sülh planı”na qol çəkməkdən imtina edə bilər. Ona təzyiq edilsə, vəzifəsindən istefa verə bilər.

Zelenski isə ən əlverişli prezidentdir. İstəsə də öz kefi ilə istefa verə bilməz. Ona qarşı kifayət qədər “ölümcül” kompromat toplanıb. Onu məcbur etmək olar. Lakin kompromat zəhəri ona damcı-damcı içirdilməlidir ki, ölməsin, ona qarşı psixoloji təzyiqi yavaş-yavaş artsın və sonda təzyiqə dözə bilməyib, qol çəkməyə məcbur olsun. Bundan sonra o özü ölkədən qaçıb, gözdən-qulaqdan uzaq bir yerdə sakit yaşamağı xoşbəxtlik hesab edəcək.

Rusiya üçün:

Tramp üçün yazdıqlarımın hamısı – sadəcə, ABŞ-ın əli ilə.

Əlavə olaraq: Rusiya üçün “Sülh planı”na Zelenskinin qol çəkməsi çox vacibdir. O elə buna görə indiyədək Zelenskini öldürmürdü. Zelenski ölsə, hakimiyyətdən istefa versə və ya devrilsə, o bir müqavimət simvolu kimi yaşayacaq. Qərb ondan bir mübarizlik simvolu düzəldə bilib. İnsanı aradan götürmək asandır, simvolu isə çox çətindir, bəzən heç mümkün deyil. Simvolun özü gözdən düşməlidir ki, unudulsun. Zelenski məğlubiyyətə qol çəkərsə, o yalnız lənətlə xatırlanacaq. Bu ağır sual onun üçün ən dəhşətli damğa olacaq: Məğlubiyyətə razılaşacaqdısa, yüz minlərlə insanı niyə ölümə göndərdi, niyə 4 ilə ölkənin xarabazara dönməsinə imkan verdi?

Britaniya üçün:

O da Zelenskinin getməsini istəmir. Zelenski Britaniyanın kadrıdır, həm də rolunu böyük istedadla oynayır.

Britaniya müharibənin dayanmasını istəmir, buna görə də Zelenskinin Plana qol çəkməsinə imkan vermir.

Britaniya ehtiyat edir ki, Zelenski çox dirəşsə, Trampın səbri tükənə və Zelenskini çıxarda bilər.

Buna görə də əvvəlcədən prezident postuna hazırladığı Valeri Zalujnını ehtiyatda saxlayıb.

Aİ-nin mövqeyi haqda yazmıram, çünki onun müstəqil mövqeyi yoxdur, əsasən Britaniyanın əlinə oynayır. Ən güclü adamı da Kiyevin meri, keçmiş məşhur boksçu Vitali Kliçkodur. Yəni çox zəif fiqurla oynayır.

Ardını sonra yazaram, yenə çox oldu.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski vəd verdi: O vaxta qədər qalib gələcəyik

redaktor

İsraildə fövqəladə vəziyyət ELAN OLUNDU

redaktor

Kəmaləddin Heydərovun müavininin oğlu Londonda yeni şirkət yaratdı – FOTO

redaktor