“Meydan TV işi” üzrə həbs olunan jurnalist, Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbs müddətinin uzadılması ilə bağlı noyabrın 28-də Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində jurnalist özü də çıxış edərək Baş Prokurorluğun təqdimatına münasibət bildirib.
Jurnalist çıxışında deyib ki, prokurorluq və məhkəmə bu prosesdə hansısa səlahiyyətə sahib deyil, çünki davam edən bu ədalətsiz proses şəxsən İlham Əliyevin nəzarətindədir:
“Sizin İlham Əliyevin nəzarətində olan hansısa bir prosesdə özbaşına qərar vermək səlahiyyətiniz və cəsarətiniz yoxdur. Bu proseslərdə müstəntiq də, prokuror da, hakim də İlham Əliyevdir. Hər kəs bilir ki, “Meydan TV işi”nə görə həbs edilən jurnalistlər hansısa cinayət əməlinə görə deyil, məhz jurnalist fəaliyyətinə görə həbs ediliblər. Meydan TV bu hakimiyyətin illərlə milyonlar xərcləyib yaratdığı süni informasiya mühasirəsini yarıb.
Ona görə də əməkdaşları qondarma ittihamlarla həbs edilib, fəaliyyətinə əngəl törədilməyə çalışılıb. Yəni baş verənlər müstəqil mediaya qarşı repressiyaların davamıdır. Sizə də tapşırıq gəlib ki, sanksiyanın müddətini artırasınız. Ona görə də məhkəmə formal xarakter daşıyır, yəni nə sifariş gəlibsə, o da icra olunacaq. İstər bu gün verilən təqdimat, istərsə də bütövlükdə cinayət işi hansısa hüquqi prosedura, fakta əsaslanmır. İndiyə qədər həbsimlə bağlı bircə fakt ortaya qoyulmayıb. Həbsim və həbsdə saxlanmağım tam qanunsuzdur, davam edən hüquq pozuntusudur. Bir sözlə, bu cinayət işi yox, Məlikməmmədin nağılıdır. Hətta Məlikməmmədin nağılı 31 cildlik cinayət işindən daha ciddi mətndir. Ona görə də vaxtımızı almayın, məhkəmənin sədrinə hansı tapşırıq gəlibsə, o da sizə hansı göstərişi veribsə, icra edin çıxıb gedək!”,- jurnalist təqdimata münasibət bildirərkən belə deyib.
