Vitaliy Portnikov iddia edir ki, “Trampın Sülh Planı” yalan məlumatdır.
Dünəndən bəri demək olar ki, bütün dünyanın diqqəti Rusiya-Ukrayna münaqişəsi üzrə Trampın Sülh Planına fokuslanıb. Özündə 28 maddəni əks etdirən və nüfuzlu beynəlxalq nəşrlərin yayımladığı bu material xeyli səs-küyə, təhlillərə, etiraz və qəzəbə səbəb olub. Əlbəttə, belə bir sənədin ortaya çıxması səssiz ötüşə bilməzdi. Amma deyəsən, hamı bir qədər tələsib. Hər halda, araşdırmaçı jurnalist Vitaliy Portnikov fəqli baxış sərgiləyir. Onun fikirləri xeyli maraqlı olduğundan bu açıdan məsələlərə diqqət edək. Portnikov iddia edir ki, Kirill Dmitriyev və Stiv Uitkoff Lukoil və Rosneftə sanksiyaların tətbiq edilməsinə 1 gün qalmış bir sıra manipulyasiyalarla hamını çaşdırmağa çalışıblar.
Axios saytında yayımlannış 28 maddəlik Trampın Sülh Layihəsinin olduğu birinci yazıda əsasən Avropanın, Ukraynanın, Rusiyanın təhlükəsizlik məsələləri əks olunub. Bir neçə saat sonra ortaya çıxan ikinci yazıda isə Ukraynaya təklif olunur ki, Donetsk vilayətini Rusiyaya versin. Ən maraqlısı isə odur ki, məlumatı paylaşan jurnalistin yazısının altında Stiv Uitkoffun tviti var idi və orada göstərilirdi ki, bu məlumat “K”-nın adından getməli idi. (Bu tvit sonradan silinsə də, skrini qalmaqdadır). Ehtimal etmək olar ki, “K” deyərkən Kirill Dmitriyev nəzərdə tutulub. Maqarlıdır ki, görünür, texnoloji bilikləri elə də yüksək olmayan Uitkoff şəxsi yazışma ilə publik yazışmanı səhv salıb və sonradan səhvini anlayaraq, tviti silməli olub.
Haşiyə
Doğrudan da, Axios saytının yazarı Barak Ravid qələmə aldığı bu məqalədə istinad olaraq ABŞ rəsmisi göstərilir: “Bilavasitə məlumatı olan ABŞ rəsmisi Axios-a bildirib ki, Trampın Ukraynadakı müharibəni bitirmək üçün yeni planı Rusiyaya Ukraynanın şərqinin hazırda nəzarət etmədiyi hissələri verəcək, bunun müqabilində Ukrayna və Avropa üçün gələcək Rusiyanın təcavüzünə qarşı ABŞ təhlükəsizlik zəmanəti verəcək.
Bu, niyə vacibdir: Ukrayna və onun himayədarları bunu Rusiyaya böyük güzəşt kimi qiymətləndirəcəklər. ABŞ rəsmisinin sözlərinə görə, Ağ Evin fikrincə, müharibə davam edərsə, Ukrayna hər halda ərazilərini itirəcək və “buna görə də indi razılığa gəlmək Ukraynanın maraqlarına uyğundur”.
Vitaliy Portnikov iddia edir ki, jurnalist Barak Ravid, Kirill Dmitriyev və Stiv Uitkoff arasında hansısa razılaşma ola bilər və Sülh Planının kimin adından açıqlanması ilə bağlı yaranmış bu anlaşılmazlıq bu razılaşmaya işıq salır. Bu səbəbdən də ehtimal etmək olar ki, Trampın heç bir Sülh Planı olmayıb. Amma Tramp bu vəziyyətdən yararlanaraq sanksiyaları təxirə sala bilər.
İkinci maraqlı məqam Stiv Uitkoff ilə ABŞ dövlət katibi Marko Rubio arasındakı mübarizədir. Rusiya-Ukrayna münaqişəsi lə məşğul olmağa başlayarkən Rubio ilk baxışdaca başa düşüb ki, Putinin heç bir güzəştə getmək fikri yoxdur və Tramp bunu görə bilmir. Rubionun Lavrovla birinci telefon danışığında bunu aşkar görmək oldu. Bundan əlavə, dünən Mariya Zaxarova bildirdi ki, onlarda heç bir danışıqlar və plan haqqında məlumat yoxdur. Bu da göstərir ki, bütün bu sərsəmləmələr Uikkovla Dmitriyevin uydurmasıdır ki, bu da özündə heç bir həqiqəti əks etdirmir.
Bu da məsələ ilə bağlı daha bir sübut. Yeri gəlmişkən, bu məlumatı Zaxarova ilə yanaşı, Rusiya prezidentinin sözçüsü Peskov da təsdiqləyib: “Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində bildirib ki, Moskva Ukrayna ilə bağlı mediada yazılan “razılaşmalarla” bağlı ABŞ-dan heç bir rəsmi bildiriş almayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da qeyd edib ki, Moskva və Vaşinqton avqustun 15-də Ankoricdə Vladimir Putin və Donald Trampın əldə etdiyi razılaşmalardan kənar Ukrayna nizamlanması üçün hər hansı yeni təşəbbüsü müzakirə etmirlər.”
Beləcə, Potnikovun iddialarına görə, bütün bu səs-küyün heç bir real əsası yoxdur.