CəmiyyətGündəmQalmaqalTəhsil

Emin Əmrullayevin təhsildə həyata keçirmək istədiyi “islahatların” səbəbi yorğan davasıdır.

Təhsil sistem olaraq elə bərbad günə salınıb ki, yüz Emin Əmrullayev gələ, düzəldə bilməz. Çünki nazirin səsləndirdiyi problemlərin heç biri müstəqil yaranmış problem deyil, ölkədə ilk baxışdan ayrı-ayrılıqda mövcud olduğu görünən, əslində isə bir-birinə bağlı digər sahələrin də problemlərindən yaranaraq ortaya çıxıb.

Məktəblərin ixtisarı heç cür səmərəlilik adlana bilməz. Hər şeyin öz adı var, məktəblərin bağlanmasının adı ixtisardır. Sinifdə 5-10, hətta 2 uşağın oxuması kəndlərin sürətlə boşalmasından qaynaqlanır. Niyə? Çünki kəndlərdə iş, infrastruktur yoxdur, yoxluq gəncləri və gənc ailələri paytaxta köçməyə vadar edir. Amma Emin Əmrullayev fəlakət sayıla biləcək kəndlərin boşalması prosesini nə dayandıra, nə də bu barədə açıq deyə bilir. Ona görə də məktəblərin bağlanması ideyası az uşaqlı məktəblərdə xor dərslərinin, idman və digər qrup məşğələlərinin keçirilməsinin çətin olması, uşağın sosiallaşmasının mümkünsüzlüyü ilə izah edilir. Bəli, həmin uşaqların gələcəyindən narahat olmaq lazımdır. Amma onların gələcəyinə bir kənddən digər kəndə yaxşı məktəb adıyla getməsiylə keyfiyyətli təhsildən daha çox uzaq məsafə, əlavə çətinliklər, mənəvi və fiziki yorğunluq qazandıracağı şübhəsizdir.

Nazirlik bəzi ali məktəblərə qəbul saylarını iki dəfə azaldacaq. Çünki cəmiyyətə keyfiyyətli məzun lazımdır. Tədrisin özü innovativ deyilsə, ölkədə ixtisas üzrə iş yeri tapmaq müşküldürsə, adamların ali təhsil vurğunu olması davam edəcəksə, orta-ixtisas peşə təhsili çoxsahəli və dəbdə olmadıqca, ona görə ki, ölkədə istehsal yoxdur, peşə təhsilinə bağlı sosioloji araşdırmaları aparılmayan, təhlil edilməyən, çoxlu digər səbəblərin cavabı verilməyən, bir sözlə diaqnozu düzgün qoyulmayan xəstəliyin müalicəsi tapılmadığı kimi abituriyentlərin sayını ha azalt, nəticə dəyişməyəcək.

Emin Əmrullayevin həyata keçirmək istədiyi “islahatların” həqiqətdə bir səbəbi var, dava yorğan davasıdır, büdcə azalıb və onu doldurmaq üçün təhsil xərcləri də azaldılmalıdır.

Və sonda, müəllimlərin 9 saatlıq iş günü. Nazir haqlı olaraq vurğulayıb ki, “Azərbaycan təhsilinin ən problematik hissəsi ibtidai təhsildir. Yəni ibtidai təhsili düzəltmədən, orta, tam orta, peşə və ya ali təhsili düzəltmək olmur. Çünki fundamentsiz ev tikmək olmur. Təxminən 40-50% uşaq artıq ibtidai təhsildən sonra təhsilini davam etdirməkdə çətinlik çəkir”. Bu çatışmazlıqları aradan qaldırmaq üçün müəllimlərin 9 saat işləməsi lazımdır. Heç bir halda 9 saatlıq iş ibtidai təhsili yaxşılaşdıra bilməz. İbtiadi təhsili yaxşılaşdırmaq üçün ilk növbədə ibtidai təhsil proqramının yükünü azaltmaq, onu uşaqların yaşından irəli gələn əqli mənimsəmə, fiziki hazırlığına uyğunlaşdırmaq lazımdır ki, uşağın da oxumağa həvəsi və qavraması olsun. Yəni sadələşdirmək, yüngülləşdirmək, azaltmaq. Uşaqların mobil telefon istifadə edə bilmək bacarığı birinci sinifdə artıq 3 pillə yuxarı biliyi də ala biləcəyinə dəlalət etmir.

Nazir deyir ki, 9 saatlıq işə görə maaşlar da yüksələcək. Bu təcrübə rəqabət doğurmaq üçün könüllülük prinsipinə əsaslanacaq. Təki keyfiyyət təmin olunsun.

Hörmətli nazir, sizi əmin edirəm ki, müəllimlərin hamısı 9 saatlıq işi könüllü qəbul edəcəklər, amma keyfiyyət xətrinə yox, maaşlarının yüksək olacağına görə.

Binamızın qarşısında iki məktəb var. Birində sinif otağının pəncərələrindən ayrı-ayrılıqda mavi, qırmızı və yaşıl rəngli pərdələr asılıb, Azərbaycanın bayrağının rəngləri olaraq. Sinif rəhbəri pərdələri məktəbin büdcəsindən yox, valideynlərin büdcəsinin hesabına tikdirib. Amma həmin üçrəngli pərdələrin dərslərin keyfiyyətinə, uşaqların təhsilə stimullaşdırılmasına necə, hansı formada təsir edə bilər ki?

O biri məktəbin tənəffüs zəngləri Üzeyir Hacıbəyovun əsərlərindən fraqmentlərdir. Hər 45 dəqiqədən bir həm də reproduktora ötürülən qısa fraqmentləri dinləyirik. Bilmirəm, niyə həmin məktəbdə elə düşünürlər ki, tənəffüs zəngləri “Koroğlu”nun üvertürasından ibarət olması uşaqların vətənpərvərliyinə, təhsilə təsir edəcək.

Bu iki misal açıq və görünən maddi nümunələrdir. İbtiadi sinif müəllimləri və ya məktəb direktorları yarımgünlük iş saatlarında sadaladığım ancaq bu yenilikləri düşünüb tapıblarsa, 9 saat ərzində bunlardan fərqlisini düşünüb tapacaqlar, amma tapdıqları yenə də tədrislə bağlı olmayacaq.

Üzürlü sayın, bir az uzun alındı.

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Erməni səngəri darmadağın edildi – Video

redaktor

Gömrük Komitəsində qalmaqal: “Siz öz ananızı, bacınızı belə təbrik edirsiniz?”

redaktor

Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı.

admin