Azərbaycanda statistika çoxdan “siyasiləşib”, amma, vəziyyət o qədər pisə doğru dəyişir ki, hökumət rəsmi rəqəmləri çox da dəyişə, manipulyasiya edə bilmirlər.
Bu gün açıqlanan bir neçə rəsmi rəqəmlərə diqqət çəkmək istədim:
1) Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları üzrə inflyasiya 8,2% olub. Ümimi inflyasiya isə 5,9%-ə qədər artıb,
2) Azərbaycanda 2025-ci ilin ilk 10 ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər illik müqayisədə 7,7% artıb,
3) 2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52615,7 milyon manatlıq əmtəə, o cümlədən, 28664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. Bu dövrdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsullarına xərclənib. Yəni, orta statistik vətəndaş yanvar-oktyabr aylarında xərclədiyi hər 100 manatın yarıdan bir az çoxunu, 50 manat 40 qəpiyini ancaq ərzaq üçün xərcləyib.
İndi gəlin bu rəsmi statistikanı “tərcümə” edək, hökumət baxıb-utansın (ümid edirəm ki, onlarda o hiss var).
Məmləkətdə bu ilin ilk 10 ayında maaşlar nominal ifadədə 7,7% artıb, amma, ərzaq inflyasiyası 8,2% olub, yəni, Mamed dayı ilə Tükəzban xalanın real gəliri AZALIB, artım olmayıb. Niyə belə əminliklə yazdım – çünki, Mamed dayı və Tükəzban xala rəsmi məlumata görə ay (il) ərzində xərclərinin yarısını ərazağa verir.
Yaxşı, inkişaf etmiş ölkələrdə aylıq (illik) xərclərin neçə faizi ərzağa gedir? ABŞ-da ortalama hər vətəndaşın aylıq xərclərinin cəmi 10,4%-i ərzağa gedir, 20% və daha çoxunu ərzağa yönəldən kasıb sayılır, müxtəlif yardım almaq üçün müraciətlər edir. Avropa ölkələrində bu rəqəm, təbii ki, ölkələrə görə dəyişir, məsələn, Almaniyada vətəndaş aylıq (illik) xərclərinin cəmi 11,7%-ni ərzağa yönəldir, amma, Latviyada isə bu rəqəm 19,3%-dir. Amma, AB ölkələrində də 20% və daha artığı ərzağa xərclənəndə, həmin vətəndaş kasıb, yoxsul sayılır.
Bu kriterlərə görə Azərbaycan əhalisi yoxsuldur, hər ay xərclərinin yarısını ərzağa verirsə, bu kasıblıq əlamətidir. Əhalinin real gəlirləri artmır, inflyasiya isə durmadan yüksəlir, bunun üzərinə hökumət vergi və cərimələri də artırır. Vətəndaş xərclədiyi hər manatın yarıdan çoxunu ancaq ərzağa, 15-20%-ni kommunal xidmətlərə yönəldirsə, deməli təhsilini, dünya görüşünü artırmağa pul qalmır, teatra, kinoya, konsertə, səyahətə gedə bilmir, mədəni həyatı olmur, ancaq qarnı üçün yaşamağa məhkum olur.
Belə bir mənzərə, heç də xoş olmayan mənzərə yaranıb məmləkətdə…
