Mareska xal itkisini qəbul edə bilmirdi. Final fitindən sonra Qurban Qurbanovla soyuq görüşməsinin səbəbi də bu idi. Videosunda bu açıq-aşkar görünür, hiss olunur. Oyunsonrası mətbuat konfransında bu barədə suala Hoca həmişəki diplomatiya ilə cavab verdi və “rəqib həmkarının ümumi məyusluğu”na bağladı məsələni. Əslində isə Enzo özündən 50 dəfə ucuz komandaya uduzmağı özünə sığışdırmamışdı.
Konfransın ona aid olan hissəsində də mən sual verməsəydim “Qarabağ” barədə heç nə danışmayacaqdı. Elə xüsusi danışmadı da. 3-4 cümlə ilə “yola verdi”.
Hocaya isə “2017-ci ildə “Çelsi” matçından sonra “mənə təsir edən o oldu ki, bizə kiçik komanda kimi baxırlar” açıqlamasını vermişdiz. Bu gün rəqibin heyəti açıqlananda və startda 2-ci heyətdən 7 futbolçunun olduğunu görəndə, öz-özünüzə “bunları məhz buna görə cəzalandırmalıyıq, məhz buna görə qalib gəlməliyik” dedinizmi” sualını verdim. Yenə diplomatik cavabla yayındı. Amma adım kimi əminəm ki, Qurban Qurbanov belə şeyləri unutmur və vaxtı çatanda nöqtəni qoyur.
Mənim üçün bu gündən etibarən Qurban Qurbanov “Çelsi”nin baş məşqçisi Enzo Mareskadan bir baş üstün məşqçidir. Həm də dəfələrlə dediyim və yazdığım kimi Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidi. Nida!
