CəmiyyətGündəmSiyasət

Yaltaqlığın anatomiyası

Dövrümüzün damarını izah etməyə çalışmışam. Yaltaqlıq fenomeni, onun sosial- psixoloji əsasları və sairə özəllikləri. Yaşadığımız cəmiyyətin sosial xəritəsini bilmək borcumuzdur.

Yaltaqlıq fərdin öz mənəvi dəyərlərindən və vicdanından imtina edərək hakimiyyətə və ya sosial-inzibati ranq etibarı özündən yuxarıda saydığı şəxslərə iləxoş gəlmək, onun rəğbətini qazanmaq üçün özünü alçaltmasıdır, əsasən avtoritar və diktatura rejimlərinin mühüm sosial mexanizmlərindən biridir. Bu fenomenin kökləri həm tarixi, həm psixoloji, həm də struktur səviyyədə axtarılmalıdır.

Diktatura rejimlərində geniş yayılıb demək o qədər də dəqiq təsbit olmazdı, bir qədər daha dəqqiq desək, sosial münasibət faktı kimi diktaturanın sosial əsas dayaqlarından biridir.
Alman–amerikan sosial-psixoloqu Erix Fromm (Erich Fromm) “Escape from Freedom” “Azadlıqdan Qaçış” (“Escape from Freedom”, 1941) adlı əsərində bu fenomeni belə izah edir ki, azadlığı dərk etməyən insanlar məsuliyyətin ağırlığından qorxurlar və bu zaman hakim fiqura (liderə, gücə, dövlətə) sığınmağa meylli olurlar. Fromma görə, “avtoritar xarakter” daşıyıcısı olan belə şəxslər biq qayda olaraq güclü olanın qarşısında əyilir, zəifi isə əzirlər.

Bu da yaltaqlığın psixoloji əsasını təşkil edir: “Məni qoruyan gücə sadiqəm, çünki onun vasitəsilə öz qorxularımı yatırdıram”.
Diktatura rejimlərində cəza mexanizmləri, o cümlədən, repressiyalar, nəzarət, hədə-qorxu, işdən çıxarılma, həbs və ya təqib cəmiyyətdə qorxu mühiti yaradır. Bu şəraitdə insanlar təkcə sağ qalmaq üçün deyil, həm də yüksəlmək, mövqelərini qorumaq üçün hakimiyyətin xoşuna gəlməyə çalışırlar. Beləcə, yaltaqlıq sadəcə mənəvi zəiflik yox, özünümühafizə instinktinin bir formasına çevrilir.

Diktatorların yaratdığı ideoloji sistemlərdə lider “xilaskar”, “xalqın atası” və ya “millətin dahisi” kimi təqdim olunur. Bu kultun davam etməsi üçün təkcə zorakılıq kifayət etmir, cəmiyyətin müəyyən hissəsi bu kultu mədəni və emosional səviyyədə bəsləməlidir (becərib yetişdirməlidir). Yaltaqlıq bu prosesin “yanacaq” rolunu oynayır: tərif, mədhiyyə, vəfalılıq nümayişləri ideoloji təzyiqi forması kimi daha da dərinləşdirir və fərdlərin tənqidi düşüncə qabiliyyətini zədələyir. Yəni, yaltaqlıq belə şəraitdə ideoloji dəyərə çevrilir.
Demokratik cəmiyyətlərdə yüksəliş təhsil, bacarıq və təşəbbüslə mümkündürsə, diktaturalarda karyera və rifah hakimiyyətə sədaqət üzərindən formalaşır. Bu vəziyyətdə yaltaqlıq, sanki “rəsmi valyuta”ya çevrilir. Kim daha çox tərif deyə bilirsə, o da daha çox “imkan” qazanır.

Bəzi cəmiyyətlərdə əsrlərlə formalaşmış itaətkarlıq, feodal münasibətlər, “böyüyə hörmət” kimi anlayışlar diktatura şəraitində yaltaqlığın normal qəbul edilməsinə zəmin yaradır, yaltaqlıq qarışılıqlı münasibət müstəvisi kimi təhlükəli həddə qədər adiləşir. Beləliklə, yaltaqlıq təkcə siyasi deyil, həm də mədəni adaptasiya mexanizmi kimi işləyir.

Avtoritar rejim uzun müddət davam etdikcə, yaltaqlıq tək-tək fərdlərin davranışı olmaqdan çıxır və kollektiv kontakt normasına çevrilir. İnsanlar artıq yaltaqlığın mənəvi defekt tərəfini dərk etmədən, onu “adi həyat tərzi” kimi qəbul edirlər. Bu, cəmiyyətdə saxtakarlığın və ikili standartların dərinləşməsinə gətirir.

Yaltaqlıq hakimiyyətin idarə edilməsində asanlaşdırıcı faktor kimi qəbul edilə bilər. Bu, çox zaman elə bu cür də olur, buna fgörə ona üstünlük və meydan verilir, çünki dayaz ağıl onun faydalı kimi görünən aşkar tərəflərini fərqləndirir. Dayaz ağıl, xüsusilə də yaltaqlığın keçici sosial strategiya olduğunu düzgün qiymətləndirməyən yanaşma belə hesab edir ki, bu, “sabitlik”, “tabeçilik” və “sülh” vasitəsidir. Avtoritar lider yaltaqlığın yayıldığı mühitdə öz avtoritetini gücləndirilmiş kimi hiss edir və bunu, bir növ özü üçün mənəvi mükafat kimi qəbul edir “mən sevilirəm, mən haqlıyam” illüziyası, ya da elə gerçəkdə olduğu kimi: “məndən qporxurlar, demək mən güclüyəm”. Nəticədə rəhbər öz qərarlarında daha arxayın olur. Axı, tənqidçilər susduğuna görə, ictimai sükunət təsiri yaranır, sistem “sabit” görünür, çünki fərqli səslər səssizləşib.

Açıq müzakirə, fikir müxtəlifliyi, demokratik qərar mexanizmləri enerji və resurs tələb edir. Yaltaqlıq sistemində isə qərarlar mərkəzdən bir göstərişlə verilir, bu hətta zahirən effektivlik də yaradır. Bu üzdən də avtoritar və yarı-avtoritar rejimlərdə yaltaqlıq “idarəetmə mexanizmi”nə çevrilir. Çünki, bu sistemi idarə etmək üçün xüsusi ağıl tələb olunmur, aşırı biclik intellekt müsgtəvisini boşaldır.

Bu asan müstəvi isə uzun müddətli ola bilmir, bununla bağlı da misallar verəcəm, amma öncə yaltaqlığın mümkün dağıdıcı təsirlərinə…
Yaltaqlıq sistemində rəhbərə yalnız xoş xəbərlər çatır. Pis xəbərlər və tənqidlər filtrdən keçirilir, reallıqla qərar arasında divar effekti yaranır. Nəticədə yanlış qərarlar seriyası başlanır.

Yanlış qərarlar seriyası böhranların zamanında ayırd edilməməsinə gətirib çıxarır, hətta fatal nəticə olaraq “süqut şoku”na qədər. Əslində isə şok kimi qəbul ediləcək bir şey deyil. Yaltaqlığı strateji sosial seçim kimi qiymətləndirməyin labüd nəticəsidir. Nədən belə düşünürük? Tarixi təcrübələrin təsvirinə varmaqla dərk etmək olur ki, yaltaqlığın bütün cəmiyyət üçün, yaxud hakimiyyət komandası üçün normaya çevrilməsi əbədi təntənə üçün heç bir təskinlik yaratmır. Sizə bu neqativ fenomenin inzibati dəyərə çevrildiyi Şərq despotizminin bağrından bir təsviri verim, özünüz nəticə çıxarın. Məsələn, Şərqin ən tanınmış sosioloqlarından biri kimi qəbul edilən İbn Haldun yaltaqlığı hakimiyyətin süqut dövrünün əxlaqi deformasiya əlaməti kimi izah edir: “Zülm və istibdad artdıqca, insanlar qorxudan həqiqəti gizlədir, yaltaqlıq cəmiyyətin adətinə çevrilir.”

Ona tezislərinə görə, birinci mərhələdə “siyasi güc azad fikri boğduqda, insanlar təhlükəsizlik üçün tərifə sığınır”, bu davranış sonradan mədəni vərdişə çevrilir, bu isə öz növbəsində dövlətin, yaxud istənilən hakimiyyətin, hakimiyyət komandasının əsaslanmalı olduğu kollektiv həmrəylik ruhunu dağıdır. Kollektiv həmrəylik, kollektiv qərarvermə və kollektiv məsuliyyətin dağılması isə tənəzzülün əsas psixoloji göstəricisidir.

Yeri gəlmişkən, Nəsirəddin Tusi də deyib ki, “haqqdan qorxan ağıllı deyil, kölədir”. Nəsirəddin Tusi isə bunu 800 il əvvəl deyib!

 

Qənimət Zahidov

Tacxeber.com

Oxşar xəbərlər

Arıqlamaq üçün həyatınızla qumar oynamayın: Bitki çayları göründüyü qədər məsum deyil

redaktor

Ramiz Mehdiyevin vəziyyəti ağırlaşıb?

redaktor

Bakıda məşhur yanacaq doldurma məntəqəsi satılır – Fantastik qiymət – Foto

admin