Tərkibində zəhərli kimyəvi maddələr (pestisid qalığı) normadan artıq olan məhsullar niyə vətəndaşların süfrəsinə gedib çıxır?
İki gün əvvəl çox ciddi və aktual bir məsələni diqqətinizə çatdırmışdım.
Belə ki, Türkiyəyə ixrac üçün nəzərdə tutulan 163,4 ton almada pestisid qalığının normadan artıq olduğu aşkar edilmişdi. Bu fakt Azərbaycanda kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi sistemində ciddi boşluqların olduğunun göstəricisidir.
Əslində, qanunvericiliyə görə, belə məhsullar dərhal utilizasiya edilməli və ya məhv edilməlidir. Lakin və təəssüf ki, çox vaxt həmin məhsullar daxili bazara yönləndirilir — yəni məhv edilmək əvəzinə, “itkisiz” satılır. Bu isə vətəndaşların sağlamlığını birbaşa təhlükə altına qoyur.
Vəziyyətin belə hal alması bir neçə əsas problemi üzə çıxarıb:
1. Ölkədə ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət sistemi faktiki olaraq yoxdur.
Rəsmi olaraq nəzarəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirməlidir, amma onların laboratoriya yoxlamaları çox az ərazini əhatə edir. Bazarlarda, marketlərdə meyvə və tərəvəz məhsulları analiz edilmədən satılır.
2. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlar arasında maarifləndirmə işləri çox zəifdir.
3. İstifadə edilən pestisidlərin keyfiyyəti standartlara uyğun deyil. Bu səbəbdən də kəndlilər lazımı nəticə əldə etmək üçün zəhərli kimyəvi maddələrdən dəfələrlə istifadə etməli olurlar. Belə halda isə istifadə edilən pestisidlərin dəqiq dozasını nəzarətdə saxlamaq mümkün olmur. Bu səbəbdən də əldə edilən məhsullarda zəhərli kimyəvi maddələrin qalığı normadan artıq olur.
4. İxrac üçün nəzərdə tutulan məhsul yoxlamadan keçsə də, daxili bazara çıxan məhsul üçün nəzarət demək olar yoxdur. Bu, ölkə vətəndaşlarının sağlamlığını ikinci plana atan sistem problemidir.
