Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Almaniyadan Patriot hava hücumundan müdafiə sistemləri alıb. O əlavə edib ki, Kiyev və Berlin hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi ilə bağlı danışıqları davam etdirir.
“Biz Ukrayna hava hücumundan müdafiə sistemimizin “Patriot” komponentini gücləndirmişik. Mən Almaniyaya və şəxsən kansler Fridrix Merzə insanların Rusiya terrorundan qorunması üçün atdığı bu birgə addıma görə təşəkkür edirəm”, – Zelenski bildirib.
Prezident qeyd edib ki, tədarük müqavilələri bir müddətdir ki, hazırlanırdı və hazırda tam icra olunub.
“Rusiyanın aviazərbələri Putinin bu müharibədə əsas bahisidir. O, yerdə öz ağılsız məqsədlərinə çata bilməməsini kompensasiya etmək üçün terrordan istifadə edir”, – Zelenski vurğulayıb. O əlavə edib ki, Ukraynanın hava hücumundan müdafiəsinin hər gücləndirilməsi müharibəni sona yaxınlaşdırır və Rusiyanın uğurları nə qədər az olarsa, bir o qədər tez onu bitirmək üçün yollar axtarmağa məcbur olacaq.
Zelenski həmçinin bildirib ki, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı həm hökumət səviyyəsində, həm də müvafiq sistemlərin istehsalçıları ilə danışıqlar davam edir.
“Bizim imkanlarımız lazım gəldikdə təkcə Ukraynanın deyil, həm də tərəfdaşlarımızın təhlükəsizliyinə təminat verə biləcək”, – deyə Ukrayna lideri qeyd edib.
