2025-ci ilin yanvar-sentyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “Export Stream” MMC 40,2 milyon dollarlıq ixrac ilə 5-ci, “UYTROP” MMC 29,1 milyon dollarlıq ixrac ilə 7-ci, “HOPER” MMC 22,9 miyon dollarlıq ixrac ilə 10-cu yeri tutub.
Onu da deyim ki, “Export Stream” şirkəti 17.09.2024-cü il tarixində, “Uytrop” şirkəti 25.11.2024-cü il tarixində, “Hoper” şirkəti isə 19.11.2024-cü il tarixində dövlət qeydiyyatına alınıb.
İnanırsız nə qədər sevindim – bəs nə, məmləkətdə vunderkind biznesmenlər yaranıbmış, bizim də xəbərimiz yox. Şirkətlər keçən ilin sonunda qeydiyyata alınıb, bu il artıq ixracat liderlərinə çevriliblər.
Sadəcə, nə hikmətdirsə, milyonlarla ixracı, qazancı olan şirkətlərin nə saytı var, nə onlar haqqında məlumat tapılır – qoymurlar e, insan belə bacarıqlı, 2024-cü ilin noyabrında qeydiyyatdan keçib, 2025-ci ilin ilk 9 ayında milyonlarla dollarlıq mal-məhsul ixrac edən şirkətlərimizlə fəxr etsin!
Yaxşı, bunlar kimindir, nə istehsal edir, nə ixrac edir, nə satır, nə alır?! Milyonlarla dollar mal-məhsul ixrac edib, 2-3 minə bir sayt yarada bilmirlərmi?! Axı ixrac əməliyyatları ciddi əmək, bazar araşdırmaları, logistik problemlər kimi təməl məsələlərin həllini tələb edir – necə olur ki, 2024-cü il noyabrda şirkət qeydiyyatdan keçir, 2025 başlayan kimi ixracı fontan vurur?!
