DünyaSiyasət

Şokolad diplomatiyası və yeni soyuq savaşın başlanğıcı

Trampla Putinin Budapeşt görüşü baş tutmadı. Səbəb kimi görüşdən əvvəl Lavrovla Rubionun telefon danışıqları zamanı ortaq məxrəcə gələ bilməmələri göstərildi. Onların fikir ayrılığı nədən ibarət idi?

Bu telefon danışığından əvvəl Tramp birtərəfli qaydada bəyan etmişdi ki, tərəflər təmas xətti boyunca atəşkəsə getməlidirlər. Rubio da telefon danışıqlarında bunu tələb etmiş, Lavrov isə tələbi qəbul etməmişdi. Bundan sonra Rusiya tərəfi Trampın Alyaska razılaşmasını pozduğunu qeyd edirdi.

Bəs Alyaskada razılaşdırılan nə idi?

Lavrov 2 gün əvvəl Alyaska sammitinin bəzi məqamlarını açdı. Bildirdi ki, əslində, Donetsk və Luqanskın Ukrayna silahlı birləşmələri tərəfindən tam boşaldılması müqabilində Rusiyanın Xarkov və Dnepropetrovsk vilayətlərində tutduğu ərazilərdən geri çəkilməsi şərti ilə sülh danışıqlarına başlamaq təklifini Rusiya yox, ABŞ vermişdi. Bu təklif Uitkofun 4-cü Moskva səfərində təqdim edilmişdi. Moskva bu şərtlərlə razılaşdıqdan sonra Alyaska sammiti baş tutmuşdu. Lavrov dedi ki, Putin bizim yanımızda ABŞ təklifinin şərtlərini bir-bir Trampa oxumuş və hər şərtdən sonra soruşmuşdu “Razısınız?”. Yəni əmin olmaq istəyirdi ki, Tramp bu şərtləri oxuyub və onlarla razıdır. Tramp onların hamısını təsdiq etmişdi.

Rusiyanı qəzəbləndirən də elə bu idi. Rusiya Uitkofun təklifi ilə tam razı deyildi, sadəcə, ABŞ-la münasibətləri daha da gərginləşdirməmək, qlobalistlərlə mübarizədə Trampın mövqeyini möhkəmləndirmək üçün güzəştə gedərək, o təklifi qəbul etmişdi. Sammitdə də Trampın sonradan şərtləri oxumadığını, onları Uitkofun yazdığını deməməsi üçün Trampın özünə bir-bir təsdiqlətmişdilər. Bu hadisənin üstündən 2 ay keçəndən sonra Tramp birtərəfli qaydada öz təklifini dəyişdi və bu dəfə qlobalistlərin təklifini bəyan etdi.

Bundan sonra Putin Trampla görüşməyin mənasız olduğunu başa düşdü.

Tramp Putini öz şərtləri ilə danışıqlara gətirmək üçün “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etdi. Putin dedi ki, sanksiyalar iqtisadiyyatımıza ciddi təsir göstərməyəcək. Tramp bunun cavabında dedi ki, 6 ay sonra baxarıq. Bundan sonra ABŞ da, Rusiya da strateji nüvə silahlarının sınaqlarını keçirtdilər. Əlavə olaraq Rusiya yeni nüvə raketləri “Burevestnik” və “Poseydon”un sınaqlarını keçirtdi.

Trampın “yaxşı və pis polisləri” olduğu (Stiv Uitkof və Kit Kelloq / Marko Rubio) kimi Putinin də yaxşı və pis polisləri var (Kiril Dmitriyev və Sergey Lavrov / Sergey Ryabkov). Lavrov və Ryabkov ABŞ-a Rusiyanın sərt üzünü göstərdiyi vaxt Dmitriyev Vaşinqtona uçdu (o da ABŞ-ın fərdi sanksiyaları altındadır, lakin hər dəfə ABŞ-a səfər etməsi üçün sanksiya müvəqqəti dayandırılır). Vaşinqtonda Uitkov və bəzi konqresmenlərlə görüşdü…

Maraqlı bir detal: Dmitriyev özü ilə hədiyyə kimi şokolad qutuları götürmüşdü. Qutunun üstündə Putinin fotosu və “ВЕЛИКИЕ СЛОВА Великого человека” yazılmış, həmin “Великий человек”dən bir sitat da verilmişdi: “Rusiya ilə güc nöqteyi-nəzərindən dialoq aparmaq mənasızdır”. Qutunun içindəki hər şokoladın kağızı üstündə Putindən bir sitat yazılıb.

Məsələn:

Rusiya elə bir ölkədir ki, heç nədən qorxmur.
Dünya dəyişir, daim pəncərədən ora-bura girmək, şalvarını cırmaq yaxşı məşğuliyyət deyil.

Dişlərin azaldıqca kaşa yeməyi daha çox xoşlayırsan.

Lazım gələrsə, biz özümüz kimi lazımdır öyrədə bilərik.

Rusiya qəzəblənmir, Rusiya diqqətini cəmləyir.

Biz zəmanənin istənilən çağırışını qəbul etməyə və qalib gəlməyə hazırıq!

Sanki Trampın trollinqidir.
Düzü, indiyədək Rusiyanın ABŞ-a qarşı belə arxayın davranışını görməmişdim.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Müasir diş fırçasını həbsxanada bir dustağın icad etdiyini bilirsinizmi?

admin

Trampdan Suriya açıqlaması: Daha təhlükəsiz yerə çevirəcəyik

redaktor

Yeni insan növləriKƏŞF OLUNDU – Qeyri-adi fiziki quruluşları var

admin