Dünən dostlar status paylaşmışdı. Azərbaycanda orta aylıq əmək haqqı Cənubi Qafqazda öndə gedən Ermənistandan 300 dollar azdır. Bu baxımdan biz Gürcüstana da xeyli uduzuruq.
Dünyadakı dövlətlərdə orta aylıq əmək haqqının statistikası ilə bağlı 4 mötəbər qaynağa baxdım. Hamısında Ermənistan birinci, Gürcüstan ikinci, analoqsuz inkişaf etmiş Azərbaycan isə üçüncü-sonuncu yerdədir.
Qürbətə dərdin çürütdüyü şairimiz Saday Şəkərli Azərbaycan reallığını son dərəcə dəqiq ifadə edən şerində belə deyir:
bu qədər sərvətin, varın içində,
öldü balaların acından, Vətən…
Niyə Azərbaycan xalqı bu qədər sərvətin, varın içində acından ölür? Çünki xalqın və dövlətin var-dövləti bəlli klanlar tərəfindən son dərəcə həyasız şəkildə yağmalanır. Ölkəni çapıb talayırlar. Ona görə hətta məğlub Ermənistanda belə orta aylıq maaş qalib Azərbaycandan 300 dollar çoxdur…
Bu biabırçılığa görə niyə ölüb yerə girmirsiz? Doğrudanmı sizdə qeyrət adına bir şey yoxdur?…
Axı niyə oğurlayırsız? Adam kimi zavod açın, fabrik açın. İstehsal sahələri yaradın. Kənd təsərrüfatını inkişaf etdirin. Xəzər dənizindən belə pul qazana bilmirsiz. Şükür Allah, Azərbaycanda yerin altı da qızıldır, üstü də. Bu boyda var-dövləti qoyub gecə-gündüz çırpışdırmaq, oğurlamaq haqqında düşünürsüz…
Niyə istəmirsiz ki, həm insanlar işləyib maaş alsın, həm də siz halal yolla daha çox pul qazanın. Aclıqdan, səfalətdən əziyyət çəkənlər də sizin yeddi arxa dönənizi söyməsin…
