Ana Vətən Partiyasında baş verənlər, ata və övladın partiya içində qarşı-qarşıya gəlməsi Azərbaycan siyasətinin dərin struktur xəstəliyini, siyasi siteminin tamamilə çürüməsini göstərən açıq nümunədir.
Bu ölkədə siyasət çoxdan ideyaların, proqramların və dəyərlərin mübarizəsi olmaqdan çıxıb. Burada siyasət mülkiyyət münasibəti kimi yaşanır: sədr postu ailə mirasıdır, liderlik isə bioloji ardıcıllığın davamıdır. Bu anlayış təkcə hakimiyyət düşərgəsində deyil, “alternativ” strukturlarda da eyni ciddiliklə müşahidə olunur.
Bəzən buna daxili demokratiya adı verilir. Reallıqda isə sədrlik əmanət kimi ötürülür–sonra geri alınmaq üçün. Yəni Putin–Medvedyev tipli sabitlik teatrı. Dəyişiklik görüntüsü altında dəyişməzliyin qorunması.
Formal olaraq bir ad gedir, digər ad gəlir, amma hakimiyyətin kodları, qərar mexanizmləri və loyalizm mədəniyyəti eyni qalır. Hamı can başla sistemin içindəki qapalı dairəni qorumağa çalışır.
Bu, demokratik sosiallaşmanın iflasıdır. Çünki belə bir mədəniyyətdə:
fərqli fikir tənqid yox, nankorluq kimi qəbul olunur;
lider dəyişməsi demokratik proses yox, “əmanətin qorunması” prosesi olur.
partiyalar ideoloji subyekt yox, şəxsi etibar şəbəkəsinə çevrilir.
Nəticədə bizdə siyasət “mübarizə” yox, ailə mirasının və ya dost əmanətinin qorunması prosesi halına gəlir. Adlar dəyişir, amma sistemin ruhu, itaət, şəxsi sadiqlik, qeydsiz-şərtsiz qəbul qalır.
Bütün dəyərlərin istismar olunduğu belə bir siyasi mədəniyyətdə (siyasi yabanılıqda) demokratiya cəmiyyət üçün cəlbedici nümunə ola bilərmi?
Azərbaycanın əsas problemi budur ki, biz siyasətdə hələ də ata–övlad, mağara dostluğu münasibətlərini model kimi daşıyırıq. Dövlət ailə şirkətidir, partiya mülkiyyətdir, lider əbədidir. Bu, avtoritar dayanıqlığın siyasi spektrın bütün damarlarına sirayət etməsidir. Artıq mübarizənin hədəfi nəyisə dəyişmək yox, nəyisə dəyişmək istəyənləri məhv etməkdir. Hər kəs sahib olquqlarını itirməmək uğruna yaşayır. Və həqiqi demokratiyanın vərdişə çevrilə bilmədiyi cəmiyyətdə siyasət sözü belə insanlarda ikrah hissi doğurur.
Nəticədə bütün ölkə boyu vətəndaşlıq institutu yoxa çıxır, yerinə hakim ailə üçün rəiyyət, xırda sədrlər üçün biət institu formalaşır. Darıxmamaq üçün də ara sıra ikincilər birincini monarxiyada, birinci də ikinciləri kreslodan yapışıb qalmaqda ittiham edir. Bu qarşılıqlı ittihamlar içində siyasətin özü yox olur.
