DünyaHadisəQalmaqal

Gürcüstanda 100 sakini olan kənddə İranın 800 şirkəti qeydiyyatdan keçib

– Gürcüstanda qeydiyyatdan keçmiş 13 min İran şirkəti cəmi bir neçə ünvanda yerləşir.

– Bu şirkətlərin İranın beynəlxalq sanksiyalardan yayınmasında rol oynaması sarıdan narahatlıq var.

– Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətləri tikinti və logistika sahəsindən tutmuş turizm, hətta gecə klublarına qədər müxtəlif sektorlarda işləyirlər.

 

Gürcüstanda təxminən 13 min İran şirkəti qeydiyyatdan keçib. Onların çoxu cəmi bir neçə ünvanda yerləşir. Bu isə Tehranının beynəlxalq sanksiyalardan yayınmaq üçün bu ölkədən istifadə edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

AzadlıqRadiosunun gürcü xidmətinin əldə etdiyi sənədlərə görə, Gürcüstanda qeydiyyatdan keçmiş İran şirkətləri tikinti və logistika sahəsindən tutmuş, turizm, hətta gecə klublarına qədər müxtəlif sektorlarda işləyirlər.

Son 10 ildə Gürcüstanda İran şirkətlərinin sayı kəskin artıb. Bu isə beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq etdiyi dövrlə üst-üstə düşür. Bu sanksiyalar xarici şəxslərin, şirkətlərin və hökumətlərin İranla maliyyə əməliyyatları aparmasını məhdudlaşdırır. Qaydanı pozanlar ciddi maliyyə cəzaları, hətta cinayət məsuliyyətinə məruz qala bilərlər.

İyulda “Civic IDEA” QHT-si dərc etdiyi araşdırmada hakim “Gürcü Arzusu” partiyasını İran silahlı qüvvələri ilə əlaqəli bəzi şirkətlərin Gürcüstandan istifadə etməsinə imkan verməkdə suçlayıb. Qurumun iddiasına görə, bu şirkətlər beynəlxalq sanksiyalardan yayınaraq vəsaitləri Tehrana ötürürlər. Gürcüstandan isə strateji tranzit nöqtəsi kimi yararlanırlar.

Gürcüstan hakimiyyəti AzadlıqRadiosunun bu məsələ ilə bağlı sorğusuna cavab verməyib.

 

Ticarət, sanksiyalar və Gürcüstanın rolu

2025-ci ilin iyununa olan bilgiyə görə, Gürcüstanda 12 min 800-dən çox İran şirkəti qeydiyyatdan keçib. Rəsmi sənədlərə əsasən, onların, demək olar ki, hamısı tamamilə İrana məxsusdur. Hazırda Gürcüstanda fəaliyyət göstərən İran şirkətlərinin dəqiq sayı bəlli deyil.

İran şirkətləri təxminən 2009-cu ildən Gürcüstanda aktiv fəaliyyətə başlayıblar. 2012–2019-cu illər arasında Gürcüstanda İran şirkətlərinin qeydiyyatı kəskin artıb. Bu, beynəlxalq ictimaiyyətin Tehrana sərt sanksiyalar tətbiq etdiyi dövrdür. O zaman mediada gedən xəbərlərdə bəzi İran şirkətlərinin ABŞ-nin terror təşkilatı kimi tanıdığı, İran iqtisadiyyatında mühüm rol oynayan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduğu deyilirdi. Bu şirkətlərin Tehran üçün dolayı yollarla Qərb bazarlarına çıxış imkanı yaratdığı ehtimal olunurdu.

 

Gürcüstanda İran biznesi
Gürcüstanda İran biznesi

2018-2022-ci illərdə bəzi İran mənşəli şirkətlər Gürcüstan hökuməti ilə müqavilələr imzalayıb. Gürcüstan həmin illərdə iranlılar üçün bank qaydalarını sərtləşdirib, müvəqqəti olaraq vizasız gediş-gəlişi dayandırıb. Amma 2015-ci ildə Tehranla beynəlxalq qüvvələr arasında nüvə sazişinin imzalanmasından sonra İran investisiyaları yenidən artıb – xüsusilə daşınmaz əmlak, nəqliyyat və tikinti sektorlarında.

Vaşinqtonun 2018-ci ildə İrana dağıdıcı sanksiyaları bərpa etməsi Gürcüstandakı İran investisiyalarının qarşısını ala bilməyib.

İran investisiyalarının artımı Tbilisi ilə Tehran arasında ticarətin genişlənməsi ilə paralel gedib.

2022–2024-cü illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi 23 faiz artıb. 2024-cü ildə İrandan idxal edilən malların ümumi dəyəri təxminən 30 milyon dollar olub. İran bəzi sektorlarda Gürcüstan bazarında mühüm paya sahibdir: ölkəyə idxal olunan kərə yağının 13, kişmişin 45, xurmanın 85 faizi İrandan gətirilir.

İran neft və neft-kimya məhsullarının idxal dəyəri 2020-ci ildə 683 min dollardan 2024-cü ildə təxminən 2 milyon dollara qədər artıb. ABŞ prezidenti Donald Trampın mayda İranla neft ticarəti aparan ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlığına baxmayaraq, idxalda azalma müşahidə olunmur.

İranın ictimaiyyətə açıq ticarət saytları və konsaltinq şirkətləri sahibkarlara Gürcüstanda, xüsusilə limanlara yaxın ərazilərdə şirkət qeydiyyatdan keçirməyi tövsiyə edir. Onlar bunun xərcləri azaltmaq, ixrac marşrutlarını dəyişmək üçün sərfəli olduğunu bildirirlər. Bəzi saytlar hətta İran mallarını Qərb bazarlarına göndərməzdən öncə “Made in Georgia” etiketi ilə brendin dəyişdirilməsi strategiyalarını da təsvir edir.

Şübhəli ünvanlar

Rəsmi sənədlərə görə, Gürcüstandakı minlərlə İran şirkəti paytaxt Tbilisidə, eləcə də bir neçə ucqar kənddə cəmi bir neçə ünvanda qeydiyyatdan keçib.

Təkcə Tbilisidə bir yaşayış binasında təxminən 700 İran şirkəti qeydiyyata alınıb, amma orada real fəaliyyətin əsər-əlaməti yoxdur. Sənədlərdə bu şirkətlərin fəaliyyət sahələri logistika, turizm, zərgərlik, heyvandarlıq və informasiya texnologiyaları kimi göstərilsə də, onların faktiki mövcudluğuna dair heç bir dəlil tapılmayıb.

Gürcüstanın cənub-qərbində 300 nəfərlik əhalisi olan Untsa kəndində 800-dən çox İran şirkəti qeydiyyatdan keçib. Rəsmi məlumatlara əsasən, kənddəki ünvanlardan Rusiya vətəndaşları da yararlanır, Gürcüstanın əlverişli vergi sistemindən istifadə edirlər.

Ölkənin qərbində cəmi 100 nəfərin yaşadığı ucqar Dunta kəndində də eyni durumdur. Burada İranın təxminən 800 şirkəti qeydiyyatdan keçib. Dövlət sənədlərinə görə, bu şirkətlərin çoxu yükdaşıma ilə məşğuldur, bəziləri hökumətdən beynəlxalq yükdaşıma icazəsi də alıb.

Bəzi İran şirkətləri Gürcüstan hökumətinin tenderlərini də udub. 2018-ci ildə qeydiyyatdan keçmiş, iranlı Fərzad Nuriyə məxsus “Qafrina MMC” Gürcüstan Milli Bankına, Kutaisi məhkəmələrinə və Tbilisi Şəhər Meriyasına videomüşahidə sistemləri satıb.

İranın Geo Tech şirkəti Müdafiə Nazirliyinə, Gürcüstan Dəmir Yollarına, Tbilisi Nəqliyyat Şirkətini və bir neçə dövlət qurumunu gigiyena məhsulları, o cümlədən tualet kağızı təchiz edib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İlqar Mustafayev dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul – Bulvardakı mənimsəmə ilə bağlı məhkəmə

admin

Ruslar bu ölkədən qovulurlar – Səbəb

redaktor

Oğlunun “ciyəraxşamı”nda qumar təşkil edən ata həbs edildi

admin