Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Brüsseldə sammitdə Rusiyaya qarşı 19-cu sanksiya paketini yekun təsdiqləyiblər. Bu paket ABŞ-nin sanksiyaları sərtləşdirməsi ilə eyni vaxta düşür. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas qeyd edib ki, bu, Atlantik okeanının hər iki tərəfindən Rusiyaya Ukraynadakı müharibəni bitirmək üçün göstərilən təzyiqin sübutudur.
Sanksiyalarda 2027-ci ilə qədər Rusiyadan sıxılmış təbii qaz idxalına Aİ-də qadağa qoyulur. Daha öncə Aİ ölkələri Rusiyadan tam idxalın 2028-ci ilin yanvarın 1-dək dayandırmağa razılaşıblar. Bundan başqa, Rusiyanın rezidentlərinə kriptovalyuta xidmətləri təqdim edilməsinə qadağa, Şengen zonasındakı Rusiya diplomatlarına hərəkət məhdudiyyətləri tətbiq olunur. Həmçinin, “kölgə donanması” adlandırılan tankerlərin qara siyahısı genişləndirilib. “Rosneft” və “Gazpromneft” şirkətləri ilə bütün əməliyyatlara tam qadağa qoyulur. Sanksiya siyahısına Rusiyanın və Orta Asiya ölkələrinin bir neçə bankı və kriptovalyuta birjası, eləcə də sanksiyalardan yayınmağa kömək etdikləri iddia olunan Çin və Hindistan şirkətləri salınıb.
Ukrayna prezidenti Volodimir Zelenski Aİ sammitində iştirak edir. O, Moskvaya təzyiqin gücləndirilməsini alqışlayıb, Ukraynanın sülh nizamlanması çərçivəsində Rusiyaya ərazi güzəştə getməyəcəyini bildirib.
ABŞ də ‘Lukoil’ və ‘Rosneft’ə sanksiya qoydu
ABŞ prezident Donald Tramp administrasiyası dövründə ilk dəfə olaraq Rusiyaya sanksiyaları sərtləşdirib. Rusiyanın ən böyük “Rosneft” və “Lukoil” şirkətləri sanksiya siyahısına salınıb. Sanksiyalar “Rosneft” və “Lukoil”un təxminən 50 filial şirkətini də əhatələyir.
Oktyabrın əvvəllərində Böyük Britaniya da bu şirkətləri sanksiya siyahısına salmışdı.
ABŞ-nin maliyyə naziri Skot Bessentin bəyanatında deyilir ki, sanksiyalar Rusiya Ukraynada sülh prosesi üçün “ciddi öhdəlik” götürmədiyinə görə tətbiq olunub.
“Prezident Putin bu mənasız müharibəni bitirməkdən imtina etdiyindən Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən iki böyük neft şirkətinə sanksiyalar qoyur”, – Bessent bildirib.
ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Vaşinqton Rusiyanın sülhə doğru praktiki addımlar atmasını çox gözləyib və indi “Moskvaya təzyiqi artırmağın vaxtı çatıb”.
Apreldə senatorlar Lindsi Qrem və Riçard Blumental Rusiyada enerji resursları və xammal alan ölkələrə 500 faizlik tarifin tətbiqi barədə qanun layihəsi hazırlayıblar. Amma təşəbbüs prezident Donald Trampın münaqişəni nizamlamaq niyyəti barədə açıqlamalarından dolayı irəliləməyib. Oktyabrın 20-də senatda respublikaçıların lideri Con Tyun qanun layihəsinin müzakirələrinin Trampın Putinlə görüşünədək təxirə salındığını bildirib.
Budapeştdə gözlənilər görüş təxirə salınıb. Ağ evdən verilən açıqlamaya görə, Tramp yaxın vaxtlarda Rusiya prezidenti ilə görüşməyi planlaşdırmır.
Oktyabrın 22-də Avropa İttifaqı üzvləri Rusiyaya 19-cu sanksiya paketini təsdiqləyiblər. Onun bu gün – oktyabrın 23-də qəbul olunacağı gözlənilir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, yeni sanksiyalara Rusiya neftinin qiymət həddinin 60 dollardan 47.6 dollara salınması, “Mir” ödəniş sisteminə məhdudiyyətlər, “Rosneft” və “Gazprom neft” şirkətləri ilə əməliyyatlara qadağa və digər tədbirlər daxildir.
Rusiya Qərbin sanksiyalarını qanunsuz sayır. (AzadlıqRadiosu)
