DünyaGündəmMuharibəSiyasət

HƏMAS niyə Trampın Sülh planını qəbul etdi?

Gəlin, əvvəl dəqiqləşdirək ki, HƏMAS Trampın Sülh planını yox, bu planın bəzi şərtlərini qəbul etdi.

HƏMAS nələri qəbul edir:
bütün hərbi əsirlərin qaytarılması;
bütün ölmüş hərbi əsirlərin/girovların cəsədlərinin qaytarılması;
Qəzzada yeni texnokratik idarəetmə orqanının yaradılması;

HƏMAS nələri qəbul etmir:
tərksilah olunmağı;
Qəzzanı tərk etməyi;
İsrail qoşunlarının Qəzza ərazisində qalmasını;
Fələstin dövlətinin elan olunmasının qeyri-müəyyən tarixə salınması.

Bəs niyə HƏMAS Tramp planının qəbul etdi?

Qəzza əhalisi həddən artıq əziyyət çəkirdi. HƏMAS Sülh planından imtina etsəydi, əhalinin böyük qismi ondan narazı olacaqdı. Plana qismən razılıq verməklə HƏMAS əhalinin psixoloji rəğbətini qazandı.
Atəşkəs aclıq və müalicəsizlikdən əziyyət çəkən Qəzzaya ərzaq və digər humanitar yardımların gəlməsi üçün imkan yaratdı. Bu imkan həm də HƏMAS-ın öz boşalmış ehtiyatlarını doldurmağa şərait yaratdı.
HƏMAS ona artıq heç bir siyasi divident verməyən, əksinə, İsrailin onu dünya ictimaiyyəti gözündə günahlandırması üçün psixoloji əsas verən hərbi əsirlərdən azad oldu. Onsuz da hərbi əsirlər İsrailin istədiyi yerə hərbi zərbələr endirməsinə mane olmurdu. Yəni bu əsirlər HƏMAS üçün faydasız yük idi.
Əsirləri qaytarmaqla HƏMAS 2000-ə yaxın fələstinli məhbus və girovun azad olunmasına nail oldu. Bu da onun əhali arasında nüfuzuna müsbət təsir göstərdi.
Atəşkəs HƏMAS-a imkan verdi ki, müharibə dövründə artıq aşkara çıxmış İsrail agentlərini, həmçinin İsrailin müqamimətçilərə qarşı silahlandırdığı kollaborasionistləri, İsrailin dəstəyi ilə humanitar yardım oğurluğu edərək, baha qiymətə satan və İsrailin bunda HƏMAS-ı günahlandırmasına əsas verən satqınları aradan götürsün.
Atəşkəs imkan verdi ki, HƏMAS-a ağır zərbə vurduğu barədə İsrail təbliğatı darmadağın edilsin. SAXAL geri çəkilən kimi HƏMAS döyüşçüləri yaxşı təchiz olunmuş formada və intizamlı şəkildə hərəkət edərək, qısa müddətdə Qəzzada xaosun qarşısını ala, asayişi bərpa edə bildilər. Bu isə HƏMAS-ın hələ də vahid idarəetmə mərkəzli güclü və səriştəli qüvvə olduğunu nümayiş etdirdi.

HƏMAS aydın başa düşür ki, İsrail gez-tez atəşkəsi pozacaq. Bununla sübut olunacaq ki, İsrailin Qəzzanı bombalamaqla və aclıqda saxlamaqla əhalini kütləvi şəkildə öldürməsi üçün “girovlar” bəhanə imiş.

Bəs İsrail niyə Trampın Sülh planının bəzi şərtlərini qəbul etdi?

Guya Trampa güzəşt getdi ki, o, Nobel mükafatı ala bilsin. Bununla Trampın boynuna minnət qoydu.
HƏMAS Trampın Sülh planını qəbul etsəydi, bu elə İsrailin itki vermədən tam məqsədinə çatmasına səbəb olacaqdı. Yəni bu plan tam olaraq İsrailin məqsədlərinə xidmət edirdi.
İsrail Qəzza şəhərinin işğalına 20 avqustda başladı (“Gideonun döyüş arabası – 2” əməliyyatı ilə). 2 aya yaxın müddətdə İsrail şəhəri xarabazarlığa döndərsə də onun yalnız ətrafına yaxınlaşa bildi, lakin çoxsaylı itkilər verdi. Şəhərin mərkəzinə yaxınlaşdıqca SAXAL-ın itkiləri artır, əsgərlər döyüşə girməkdən imtina edirdilər. SAXAL komandanlığı başa düşürdü ki, Qəzzanın işğalı onun üçün ağır itkilərə başa gələcək. Buna görə də şəhəri “sülh” yolu ilə ələ keçirmək qərarına gəldilər.

Atəşkəs müddətində İsrail hərbi qüvvələrini yenidən təşkil etmək, əsgərlərinə müəyyən istirahət vermək, sursat və texnikasını bərpa etmək, yeni kəşfiyyat məlumatları əldə etmək istəyir.
Atəşkəsdən sonra HƏMAS üzə çıxmalıdır. Bu müddətdə İsrailin və bütün Qərbin kosmik və digər elektron, həmçinin fiziki kəşfiyyatı Qəzza şəhərini izləyir. Məqsədləri müqavimət hərəkatının haralarda gizləndiyini, tunellərin haralarda yerləşdiyini müəyyən etmək, müqavimət döyüşçülərini identifikasiya etməkdir. Bundan sonra isə HƏMAS-ın atəşkəsi pozması bəhanəsi ilə qısamüddətli əməliyyatlarla həmin obyektləri və şəxsləri aradan götürmək istəyirlər. Bunları uzaqdan etməklə SAXAL-ın itki verməsinin qarşısını ala bilərlər.

Atəşkəs zamanı son zamanlar beynəlxalq aləmdə nüfuzunu tam itirmiş İsrailin qara PR-nı dayandırmağa, “İsrail” sözünün “soyqırım” sözü ilə assosiasiya yaratmasına son qoymağa çalışacaqlar.
Tarixdə ilk dəfədir ki, ABŞ əhalisinin çox hissəsi İsrailə qarşı mənfi fikirdədir, İsrailə qarşı sanksiyalar tətbiq etməyin tərəfdarıdır. Hətta respublikaçılar arasında da Tramp administrasiyasının Netanyahunun soyqırımına dəstək verməsini tənqid edənlər çoxalır. Konqresə aralıq seçkilərdə Demokratlar partiyası əhalidən səs almaq üçün İsrailə qarşı sanksiyalar tətbiq etmək şüarı ilə çıxacaq. Belə bir şəraitdə Trampın Qəzzada “sülhə” nail olması seçkilərdə Demokratları əsas kozırdan məhrum edir.
Nəhayət, Trampın “Aralıq dənizi Rivyerası” layihəsinə doğru ilk addım atılır. Bu da Trampın şəxsi biznes-layihəsidir.

Göründüyü kimi, Qəzzada davamlı sülh üçün heç bir ciddi əsas yoxdur. İsrail və HƏMAS Qəzzada qalib gəlmək üçün atəşkəsi əlverişli fasilə hesab edir, Tramp isə yalnız öz siyasi və biznes maraqları haqda düşünür.

Atəşkəs uzun çəkə bilər, azı Tramp buna ümid edir. Lakin bu müddət ərzində İsrail vaxtaşırı atəşkəsi pozacaq və onlarla, yüzlərlə fələstinlini öldürəcək – bəhanə də gətirəcək ki, buna HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq etdi, heç bir sübut da təqdim etməyəcək. Bu bəhanə ilə tez-tez humanitar yardımları da dayandıracaq. Artıq SAXAL Qəzzanın Misirlə sərhədinə də nəzarət edir deyə hesab edir ki, Qəzza Misirdən yeraltı tunellərlə silah-sursat gətirə (bu ehtimal olunurdu) bilməyəcək. Bu yolla fələstinlilərin müqavimətini qırmağa çalışacaq.

İsrailin getdikcə zəiflədiyini, beynəlxalq dəstəyini itirdiyini nəzərə alaraq, vaxtın İsrailin xeyrinə işləmədiyini düşünürəm. İsrailin artıq əvvəlki nüfuzunu, etimadını bərpa etməsi mümkün deyil. Əhali də İsraildən sürətlə köçməyə başlayacaq.

Yəqin ki, HƏMAS da bunları nəzərə alıb. Görək, necə olacaq.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

“Yaxın Şərqdə sülh heç vaxt olmayacaq” – ABŞ prezidentinin xüsusi nümayəndəsi

redaktor

Atatürkün ölümünün sirri – Ömrü boyu bu xəstəliklərlə mübarizə aparıb

admin

“Bunkerlər tikməyin vaxtıdır” – “The Simpsons”dan 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZ

redaktor