Azərbaycanda tənqid azadlığı təkcə hakimiyyət tərəfindən deyil, müxalifət daxilində də boğulur. İlham Əliyevi tənqid edənlərə qarşı dövlət aparatının vəhşi repressiyası artıq adi hala çevrilib, həbslər, təqiblər, saxta məhkəmə qərarları və fiziki zorakılıqlar.
Lakin paradoks ondadır ki, Əli Kərimlini və onun siyasi xəttini tənqid edənlər də bəzən fərqli formalarda, amma mahiyyətcə eyni təzyiqlərlə üzləşirlər: sosial mediada linç, damğalar və reputasiya hücumları. Bu, təkcə fərqli düşüncəyə dözümsüzlüyün deyil, həm də gələcəkdə siyasi mədəniyyətin dəyişməyəcəyi qorxusunun göstəricisidir.
Əli Kərimli kifayət qədər ağıllı və savadlı siyasətçidir. Onun potensial prezident namizədi kimi dəyərləndirilməsi və bəzən tənqid edilməsi təbiidir. Mən başa düşürəm ki, bu gün İlham Əliyevin zülmü fonunda Əli Kərimlini tənqid etmək bəzilərinə yersiz görünə bilər. Amma bu, yalnız bir mövqedir. Hər bir yazar, düşünən insan bu məsələdə fərqli baxışa sahib ola bilər. Hakimiyyətin troll şəbəkələrinin Əli Kərimlini gözdən salmaq üçün kampaniyalar apardığı doğrudur, lakin bu, nə onun, nə də tərəfdarlarının tənqiddən azad olduğu anlamına gəlmir.
Mən yazıçı Kəramət Böyükçölün sosial mediada kütləvi linç edilməsini qətiyyətlə pisləyirəm. O yazıçıdır, düşüncəsi, baxışı, duyğusu fərqli ola bilər və bu, onun təbii haqqıdır.
Demokratiya yalnız hakimiyyəti tənqid etmək deyil, həm də müxalifəti sorğulamaq azadlığıdır. Əgər liderlərin tənqidi “satqınlıq” kimi təqdim olunursa, bu artıq mübarizə deyil, kultun başlanğıcıdır.
Azərbaycan cəmiyyəti yalnız o zaman dəyişəcək ki, hakimiyyəti tənqid etmək cəsarət, müxalifəti tənqid etmək isə xəyanət sayılmasın.
