Bir sərt avtoritar, repressiv və korrupsioner rejim. Rejim bütün cəmiyyəti təslim edib, siyasi proseslər yox, vətəndaş azadlıqları yox. Fəaliyyəti maksimum məhdudlaşdırılmış, sərt təzyiqlər altında olan, zəiflədilmiş, amma təslim olmayan bircə qrup qalıb, tək bir partiya.
30 ildən çoxdur bu avtoritar rejimin başında bir ailə dayanır. Atadan oğula keçən bir hakimiyyət davam edir.
Və bu qəddar rejimə təslim olanların təslim olmayanlara qarşı bir iddiasını tirajlayırlar: niyə müxakifətin lideri 30 ildir dəyişmir? Anlamaq istəmirlər və ya anlayırlar ki, diktatura rejimimdə təslim olmayan, təslim olmadığını açıq bəyan edən etiraz mərkəzinin lideri vəzifə deyil, faktiki olaraq qəhrəmanlıqdır, igidlikdir.
Avtoritar rejimlərdə müxalifətçilik, müxalifətin liderlik strukturu çox maraqlı nəzəri əsasları olan gerçəklikdir və bunu məmnuniyyəylə təqdim etmək istərdum. Əlbəttə, anlaqlı və adekvat adamlar üçündür.
Son onilliklərdə dünyanın müxtəlif regionlarında avtoritar rejimlərin sabit və repressiv xarakteri bir sıra suallar doğurub. Xüsusilə bu rejimlərdə müxalifətin dəyişməz liderləri ictimai diskussiyaların mövzusuna çevrilir. Həm də, yalnız Azərbaycanda deyil. Tənqidçilər tez-tez manipulyativ suallar yayırlar: “Niyə müxalifət lideri dəyişmir? Bu da diktatura deyilmi?” Ancaq bu sual bəzən ya sadəlövh şəkildə, ya da bilərəkdən kontekstdən çıxarılaraq “hiyləgər sadəlövhlüklə” irəli sürülür. Reallıq isə olduqca fərqlidir.
Avtoritar sistemlər gücün mərkəzləşdirilməsi məntiqinə tapınırlar.
Avtoritar rejimlər bir qayda olaraq gücün bir ailənin və ya şəxsin ətrafında mərkəzləşdiyi sistemlərdir. Bu rejimlərdə siyasi institutlar formal xarakter daşıyır – parlament, məhkəmə, media və s. əslində yalnız vitrindir. Bütün qərarlar mərkəzdən – ya bir şəxsdən, ya da ailədən çıxır. Bu strukturlar içində cəmiyyətin siyasi proseslərə təsir imkanı faktiki olaraq sıfra bərabər edilir.
Daha təhlükəlisi, bu rejimlər təkcə siyasi sistemə deyil, cəmiyyətin özünə qarşı repressiv yanaşma sərgiləyirlər. Azad media, müstəqil vətəndaş cəmiyyəti, sərbəst toplaşmaq azadlığı- bunlar ya tamamilə qadağan olunur, ya da sərt şəkildə nəzarət altına alınır. Belə şəraitdə müxalifət təkcə “alternativ siyasət” deyil, həm də mövcudluq uğrunda mübarizə aparır.
Müxalifət lideri- vəzifə deyil, mübarizə simvoludur. Kiminsə təqdir edib- etməməsindən asılı olmayaraq belədir.
Avtoritar rejimlərdə müxalif liderin dəyişməməsi bir çox hallarda təşkilati zəifliklə deyil, əksinə, rejimin bütün vasitələrlə yeni liderlərin yetişməsinin qarşısını alması ilə bağlıdır. Həbs, sürgün, şantaj, hətta fiziki məhv etmə- bu rejimlərdə potensial liderlərin qarşılaşdığı reallıq budur.
Beləliklə, avtoritar sistemlərdə uzun illər eyni liderin qalması şəxsi ambisiyalardan yox, şəraitin məcburiyyətindən doğur. Əgər bu lider onillərlə repressiyalara baxmayaraq ayaqda qalmağı bacarıbsa, bu artıq yalnız “liderlik” deyil- simvol, dirəniş ruhu, vicdan mərkəzidir.
Amma həmin “sadələvh”, ya dq hiyləgər iddia davam edir: “Siz də dəyişmirsiniz!”
Daha maraqlısı isə odur ki, liderin dəyişməməsini tənqid edənlər çox zaman artıq rejimin oyun qaydalarına uyğunlaşmış, ya da siyasi passivlik göstərən şəxslər olur. Onlar özlərinin sükut və konformizminə haqq qazandırmaq üçün müxalifəti hədəfə alırlar: “Görürsünüz, onlar da dəyişmir!”
Bu cür yanaşma həm intellektual cəsarətsizlik, həm də etik zəifliyin nümunəsidir. Rejimə qarşı çıxmaq üçün təkcə söz yetmir-fədakarlıq, təhlükəyə dözmək, itkiləri qəbul etmək, davamlı olaraq özünü riskə atmaq lazımdır. Bu keyfiyyətlərə sahib bir liderin illərlə dəyişməməsi qınanacaq yox, hörmət ediləsi haldır.
Unutmaq olmaz ki, bəzi rejimlərdə bir müxalifət lideri olmaq sadəcə siyasi rol deyil- bu, həyatla ölüm arasında seçimdir. Bu şəraitdə o liderin illərlə mübarizəni davam etdirməsi artıq bir vəzifə deyil, missiyadır. Belə şəraitdə liderlik demokratik ölkələrdəki kimi rotasiya ilə dəyişməyə açıq bir post deyil, bu, əslində bir səddir, cəmiyyətlə tiraniya arasında duran son sipərdir.
Yəni:
Avtoritar rejimlərdə müxalifət liderinin dəyişməməsi tənqid olunmadan öncə kontekst nəzərə alınmalıdır. Hər kəsin susduğu, təslim olduğu, qorxduğu yerdə bir nəfərin ayaqda dayanması qəhrəmanlıqdır. Bu liderlik əslində təkbaşına bir xalqın ümidini, ruhunu, əyilməzliyini daşıyır. Liderin dəyişməməsi onun zəifliyi deyil, rejimin qəddarlığının güzgüsüdür.
Bu problemə eyni zamanda müasir avtoritarizmin strategiyaları və dirənişin məhdud çərçivəsi kontekstində baxmaq lazımdır.
Avtoritar rejimlərin təməl xüsusiyyəti sadəcə vətəndaşların siyasi hüquqlarının məhdudlaşdırılması deyil, həm də alternativ düşüncə məkanlarının sistemli şəkildə məhv edilməsidir. Belə rejimlərdə sadəcə seçkilərin saxtalaşdırılması ilə iş bitmir. Onlar sistemli və total nəzarət mexanizmləri qururlar:
1. Repressiya və seçmə repressiya
Repressiv sistemlərdə rejim bütün müxalifəti eyni dərəcədə, eyni vaxtda hədəfə almır. Əksinə, “seçmə və növbəli repressiya” strategiyası ilə çalışırlar ki, cəmiyyətin müəyyən təbəqələri sakit qalsın, qorxsun, geri çəkilsin. Ən radikal, ən təsirli, ən prinsipial müxalif fiqurlar və təşkilatlar isə tamamilə məhv edilmək məqsədi ilə təqib olunur.
Bu da ictimaiyyətdə belə bir illüziya yaradır: “Hə, bax, filankəslər rahat yaşayır, deməli bu hökumətlə anlaşmaq olur, deməli problem müxalifətin özündədir”. Halbuki, bu, məğlub psixologiyanın məhsuludur və rejimin məharətlə qurduğu psixoloji müharibənin bir hissəsidir.
2. Demokratik illüziyalar və çoxlu oyuncaq rəqib obrazları yaratmaq
Ən müasir avtoritar rejimlər tam diktatura görüntüsü verməməyə çalışır. Onlar özlərinə kontrollu müxalifət, “rəqib partiyalar”, “təhlükəsiz” və rejimə faydalı siyasətçilər yetişdirirlər. Bu, həm beynəlxalq arenada, həm də daxildə bir balans görüntüsü yaradır.
Əsl müxalifət isə ya qanunvericiliklə sıxışdırılır, ya da kriminal cinayətlərlə ittiham olunur: dövlət çevrilişi cəhdləri, xarici agentlik, radikalizm və s. vasitələrlə leqitimlikdən çıxarılmağa çalışılır.
3. Liderliklə şəxsiyyətin sərhədini silmək
Avtoritarizmin özəlliyi ondan ibarətdir ki, rejimin başçısı ilə dövlət, xalq, tarix arasında bir identifikasiya qurulur. “Xalq mənəm” yanaşması ilə işləyən bu sistemlərdə liderə qarşı çıxmaq- vətənə xəyanət, hakimiyyətə etiraz- xaos yaratmaq kimi qavranılır.
Bu şəraitdə isə müxalif lider də təkcə bir siyasətçi deyil, mənəvi əks-konstruksiyadır. O, artıq rejimə alternativ yolun simvoludur və hər bir varlığı ilə rejimin yalanlarını təkzib edir. Elə buna görə də bu liderin dəyişməməsi, başqa alternativin olmaması rejimin gücü deyil, əslində rejimin zəifliyinin və qorxusunun sübutudur.
Daha bir qeyd: tarixi və müasir nümunələr, dəyişməyən liderlik, amma dəyişən tarix haqqında.
Bu dinamikanı yalnız nəzəri yox, konkret tarixi misallarla da təsdiq etmək olar:
1. Belarus, Aleksandr Lukaşenkonun rejimi və Svetlana Tixanovskaya
Lukaşenkonun 1994-dən bəri davam edən rejimi Belarusda hər cür alternativi sıradan çıxarıb. 2020 seçkilərindən sonra əri həbs edilən Svetlana Tixanovskaya faktiki olaraq müxalifətin liderinə çevrildi. Onun siyasi təcrübəsi yox idi, amma dərin xalq dəstəyi qazandı. Bu, onu liderliyə gətirdi. Bəs o, dəyişilə bilərdimi? Bəli. Amma rejimə qarşı çıxan hər kəs ya həbs olundu, ya sürgünə məcbur edildi. Liderlik isə sadəcə seçki yox, mövcudluq mübarizəsinə çevrildi. Tixanovskayanın özü isə dəyişən, zəruri olaraq dəyişən mühitdə Belarus müxalofətinin yeni lideri kimi zühur etdi. Orda “zəruri olaraq dəyişən siyasi mühit”in məhz nədən ibarət olduğunu isə ordakı siyasi prosesləri izləyənlər bilirlər, bu barədə ətraflı bəhs etmək istəmirəm.
2. Rusiya, Aleksey Navalnı
Navalnı illərlə Kremlə qarşı ən ardıcıl mübarizə aparan lider idi. Onun ətrafında yeni siyasi nəsil, gənc texnokratlar, fəallar formalaşdı. Amma rejim Navalnını zəhərləyərək öldürməyə çalışdı, sağ qalanda isə həbsə atdı. Bu şəraitdə yeni liderlərin ortaya çıxması, alternativin yetişməsi üçün fiziki imkan belə yoxdur. Dəyişiklik olmaması sistemin qapanmışlığının nəticəsidir.
3. İran, rejimin totalitarzmi və simvolik dirəniş
İranda da siyasi proseslər tamamilə nəzarətdədir. Amma buna baxmayaraq, bəzi fiqurlar xalq arasında böyük nüfuz qazanır və simvolik liderliyə çevrilirlər. Məsələn, Məhsa Əmini etirazlarından sonra qadın haqları uğrunda mübarizənin simvolu olan şəxslər yaranır. Onların heç biri “vəzifədə” deyil, amma xalqın gözündə mübarizənin liderləridir.
Üstəlik, mütləq nəzərə almaq lazımdır ki, avtoritar sistemlərin olduğu bir çox ölkələrdən fərqli olaraq İranda zaman- zaman siyasi proseslər yaranır. Bunun səbəbləri haqqında da ayrıca danışmaq oıar, amma ümumi şəkildə deyə bilərəm ki, İranda mövsümi siyasi proseslərin yaranması əsasən iki faktora bağlıdır:
– əhalinin sosial haqlar uğrunda etiraz ənənəsi;
– və İran hakimiyyətindəki müxtəlif qrupların siyasi çəkişmələri.
Nəticə olaraq. əslində “niyə lider dəyişmir?” sualı əgər ciddi şəkildə qoyularsa, cavab da bir o qədər aydındır:
Lider dəyişmirsə, demək ki, sistemin özü dəyişməlidir və normal siyasi proseslərin axarı təmin edilməlidir.
Demokratik rotasiya, açıq siyasi proseslər, daxili tənqid və sağlam müzakirə mühiti olmadan liderin dəyişməsi fiziki olaraq mümkün deyil. Bu şəraitdə liderlik artıq bir seçim deyil, bir böyük riskin və məsuliyyətin daşıyıcılığıdır.
Və bəzən belə liderlər sadəcə siyasətçi yox, qorxmamış və tamam tükənməmiş bir xalqın son nəfəsi olurlar.
(Təbii ki, bu yazı adekvat və anlayış qabiliyyəti olan oxucu üçündür).
