DünyaTarix

“Terrorçuların üçü öldürüldü, Süheyla Sayeh isə ….” Yadigar Sadıqlı

18 oktyabr 1977-ci il, Qərbi Almaniya polisinin xüsusi təyinatlı “GSG 9” dəstəsi Somalinin paytaxtı Moqadişoda antiterror əməliyyatı keçirir və beş gün əvvəl terrorçular tərəfindən ələ keçiirlən, “Lufthansa”ya məxsus “Boeing-737” təyyarəsindəki sərnişinləri azad edir.

Malyorkadan Frankfurt-Mayna uçan təyyarə oktyabrın 13-də saat 13:00-da (yazıda bütün vaxtlar Qrinviçlə göstərilir) havaya qalxmşdı. Göyərtədə 86 sərnişin və 5 heyət üzvü (2 pilot, 3 stüardessa) vardı.

Uçuşun 40-cı dəqiqəsində Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) üzvü olan 4 nəfər (iki qadın, iki kişi) təyyarəni ələ keçirdi. Qrupa Yusif Akaş başçılıq edirdi. Qadınlar Süheyla Sayeh və Hind Alameh idi. Daha bir nəfər Vabil Hərb idi. Kişilərin 23, qadınların 22 yaşı vardı. Onların iki tapançası, dörd əl qumbarası və plastik bombaları vardı.

Təyyarə əvvəlcə Romada yerə endi və terrorçular tələblərini açıqladılar: Almaniyanın ultrasolçu “Qırmızı Ordu Fraksiyası”nın (RAF) üzvü olan 10 terrorçunun, Türkiyədə həbsdə saxlanılan 2 fələstinlinin azad edilməsi və 15 milyon dollar. Yanacaq doldurulan “Boeing” saat 17:50-də havaya qalxdı.

Kiprin Larnaka hava limanında enəndə Fələstin Azadlıq Təşkilatının nümayəndəsi terrorçuları dilə tutmağa çalışdı, amma uğurlu olmadı. 22:50-də təyyarə uçuşuna davam etdi.

Terrorçular təyyarəni Beyrutda, Dəməşqdə, Ammanda, Bağdadda və Küveytdə endirmək istədilər, amma hava limanları onları qəbul etməkdən boyun qaçırdı. Bəhreynin Manama hava limanı da eyni cür davrandı. Amma yanacağın tükənmək üzrə olmasına görə təyyarənin kapitanı Yurgen Şuman dispetçerin köməyi olmadan eniş etdi.

Yanacaq doldurulan “Boeing” Dubaya uçdu və 14 oktyabr saat 05:51-də burada yerə endi. Fələstinlilər kapitan vasitəsilə təyyarəyə yemək, su, dərman, mətbuat verilməsini tələb etdilər.

Antiterror əməliyyatı zamanı terrorçuların sayını bilmək çox vacibdir. Amma bu barədə məlumat yox idi. Pilot Şuman terroçuların tələbinə 4 blok siqaret əlavə etdi: ikisi filtrli, ikisi filtrsiz. Sonra da uçuş zolağına 4 ədəd siqaret atdı. Onların ikisi salamat, ikisi sınıq idi. Bunun əsasında terrorçuların iki qadın, iki kişi olması təxmin edildi.

BƏƏ-nin müdafiə naziri çox “ağıllı” davranaraq terrorçuların sayı barədə informasiyanı mətbuatla bölüşdü, üstəlik, məlumatın kapitandan alındığını dedi. Bunu radiodan eşidən Akaş pilotu öldürməklə hədələdi.

Dubayda iki sutkadan çox qalan təyyarə oktyabrın 16-da saat 12:19-da havaya qalxdı. Omanın Maskat və Yəmənin Mukalla limanlarında eniş icazəsi almayan “Boeing” Yəmənin Ədən limanına üz tutdu. Burada da eniş vermədilər, hətta yanacağın bitmək üzrə olduğu deyilsə də. Uçuş zolaqlarına müxtəlif maneələr düzülmüşdü. Çıxış yolu olmayan pilotlar təyyarəni iki uçuş zolağının arasında torpağa endirdilər.

Şuman terrorçulara izah etdi ki, yenidən havaya qalxmazdan əvvəl şassilər və mühərriklər gözdən keçirilməlidir. Çıxmaq icazəsi alan Şuman baxışdan sonra dispetçer qülləsinə gedərək çox yorulduqlarını və terrorçuların tələbinin yerinə yetirilməsini istədi. Kapitanın gecikdiyini görən Akaş qüllə ilə əlaqə saxlayaraq Şumanın qayıtmayacağı halda sərnişinləri öldürməyə başlayacağını dedi. Şuman qüllədəkilərə “Geri qayıdıram. Əminəm ki, indi məni öldürəcəklər” söylədi. Təyyarəyə daxil olan kimi Akaş onu güllələdi.

“Boeing” oktyabrın 17-də saat 02:02-də Ədəndən qalxdı və Moqadişoya uçdu. Burada onlara normal eniş verildi və 04:34-də yerə endilər. Terrorçular rahat icazə almalarına təəccüblənmədilər. Somali Fələstin müqavimətinə loyal yanaşırdı və sovetpərəst ölkə sayılırdı. Amma icazənin əsl səbəbi bu deyildi. Almaniya Somali prezidenti ilə danışıqlar apararaq antiterror əməliyyatına razılıq almışdı.

Terrorçular bildirdilər ki, Moqadişo onların son dayanacağıdır və əgər tələbləri 14:00-a qədər yerinə yetirilməsə təyyarəni partladacaqlar. Vaxtın bitməsinə az qalmış dedilər, bütün salona spirtli içkilər səpilib ki, partlayış zamanı yanğın baş versin. Bu zaman Somali nümayəndələri onları inandırdılar ki, dustaqlar artıq azad ediliblər və Somaliyə gələcəklər. Amma bunun üçün vaxt lazımdır. Fələstinlilər vaxtı 18 oktyabr 02:30-a qədər uzatdılar.

“Alovlu magiya” (və ya “Alovun magiyası”) adlı antiterror əməliyyatında 30 nəfər “GSG 9” üzvü iştirak edirdi. Onlar quyruq tərəfdən təyyarəyə yaxınlaşdılar. Saat 02:05-də terrorçuların fikrini yayındırmaq üçün təyyarənin yaxınlığında işıq qumbaraları partladıldı. Eyni anda kommandos təyyarəyə daxil oldu. Terrorçuların üçü öldürüldü, Süheyla Sayeh yaralı ələ keçirildi. Bir kommandos, bir stüardessa və üç sərnişin yüngül yaralandı. 02:12-də bütün sərnişinlər təxliyə edildi.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Seyid Mehdi Haşemi, İran İslam inqilabının qəhrəmanı idi, sonra edam edildi

admin

Kadırov: Biz Fələstini dəstəkləyirik

redaktor

Donald Trampın Rusiyaya yeni vergi rüsumu tətbiq etməməsinin səbəbi bəlli oldu

redaktor