16 C
Bakı
10 Oktyabr 2025 09:34
CəmiyyətGündəmSağlamlıq

Niyə camaatda sığorta ilə görülən işlərə inam yoxdur?

Yadıma gəlir, iki il əvvəl yanvar ayında vacib bir əməliyyat üçün sığorta ilə MRT-yə düşməli idim. Sığorta ilə müraciət etdim, mənə bir talon verdilər. Talonda MRT-nin vaxtı may ayı göstərilmişdi. Yəni 5 ay sonra. Bundan sonra nə MRT dalınca düşdüm, nə də əməliyyat.

Bu yaxında başqa bir şey üçün poliklinikaya getmişdik. Qeydiyyat şöbəsinə yaxınlaşdıq. İşçilər dedi ki, sistem işləmir, gözləməli olacaqsız. Yarım saat gözlədik, açılmadı. Getdiyim həkimin işdən çıxmağına yarım saat qalmışdı. Özü də elə bir müayinədir ki, o ya bu gün olmalıdır, ya da elə bu gün. Nə isə. Qalxdım ayağa, yaxınlaşdım qeydiyyata. Dedim, kimə zəng vurmaq lazımdır problemi həll etmək üçün? Dedilər, TƏBİB-lə. Dedim, nömrə verin. Dedilər, zəng vurmuşuq, düzələcək. Onlara vəziyyəti izah elədim. Əl-ayağa düşüb yoldaşımı qan analizinə saldılar, sonra isə həkim qəbul etdi. Dedilər, eybi yox, qeydiyyatı da sonra apararıq.

Yəni mən ayağa qalxıb məsələyə əl atmasaydım, kor-peşman evə qayıdacaqdıq.

Səhhətindəki problemləri sığorta ilə həll etmək çox müşküldür. Mənə haqq verən yüzlərlə, minlərlə insan tapılar.

Bu yaxınlarda Dəri Zöhrəviyə bir analiz üçün getmişdim. Həkim çəkdi qırağa, dedi ki, çalış özəl problemləri sığorta ilə həll etmə. Pulunu ver. Xüsusilə də hamiləlik, doğum və s. məsələlərdə. Bunu həkim deyir. Niyə deyir? Çox maraqlıdır. Niyə bir həkim pasientə belə bir şey desin? Canı yandığından? Yoxsa sığorta sərf etmədiyindən?

Dərd budur ki, artıq özəl xəstəxanalar da yaxşı şeylərlə gündəmə gəlmirlər. Gah ölüm olur, gah əməliyyat vaxtı hansısa pis hadisə yayılır. Hər gün dua edirəm ki, doğmalarım hansısa ağır xəstəliyə tutulmasın. Pulun olmasa, xilas edən olmayacaq. Yaxud da, elə pulun olsa da, bu baş verə bilər.

Bilmirəm. Mən çox ciddi narahatam səhiyyə məsələsində. Çox yaxşı həkimlərimiz var. Amma səhiyyə sistemi özü özlüyündə bir ayrı cəhənnəmdir.

Bir çox şeylərin üstündən keçmək olar, amma səhiyyənin yox! Prezident bu qədər sərəncam verir, bu qədər pul ayırır, sığorta sistemi illərdir gəlib, amma hələ də vəziyyət düzəlmir.

Niyə sığorta ilə müalicə, əməliyyat etdirmək bu qədər faciəli qarşılanır? Niyə camaatda sığorta ilə görülən işlərə inam yoxdur? Niyə elə düşünülür ki, sığorta ilə əməliyyat edən həkim işinə başdansovdu yanaşır? Məgər, sığorta ilə olunan əməliyyat üçün həkimə pul ödənilmir? Maaş verilmir?

Sual çoxdur. Mən sadəcə bir vətəndaş kimi çox narahatam. Məni tanıyan, izləyən, bu məsələni müzakirəyə çıxarmaq gücündə olan kəslərdən xahiş edirəm, sığorta məsələsini gündəmə gətirin.

 

Eminquey Akif

Tacxeber.com

Oxşar xəbərlər

Hər gün limonlu su için

redaktor

Asim Mollazadənin qalib gəldiyi dairənin nəticələri ləğv edilir?

admin

Avtomobilin mühərrikini qızdırmadan sürmək olarmı?

redaktor