22 C
Bakı
08 Oktyabr 2025 11:17
Dünyaİqtisadiyyat

Putinin fərmanı Rusiyada Avropa şirkətlərinin aktivlərini hədəf alır

Rusiya prezidenti Vladimir Putinin ötən həftə imzaladığı fərman hələ də bu ölkədə işləyən xarici şirkətlərin aktivlərini hədəfə alır.

Fərmanda dövlət əmlakının sürətlə özəlləşdirilməsi nəzərdə tutulur. Bu tədbir ölkənin müdafiə qabiliyyətinin təmin olunması ilə əsaslandırılır. Amma sənəddə ABŞ və müttəfiqlərinin Rusiya vətəndaşlarına və hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirləri “düşmən hərəkətləri” adlandırılır.

Fərman aktivlərin qeydiyyatı, satışı və ötürülməsi üçün xüsusi prosedur müəyyən edir. Bu prosesin sürətlə aparılması tələbi qoyulur. “PSB Bank” (əvvəllər “Promsvyazbank”) satışların yeganə təşkilatçısı təyin edilir.

Aktivlərin “donunu açacaqlar”

Putinin bu qərarı Avropa İttifaqının (Aİ) Ukraynaya milyardlarla avro məbləğində kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadəni nəzərdən keçirməsinə cavab kimi görünür. Sözügedən aktivlər Rusiya üç il öncə genişmiqyaslı işğala başlayandan Avropa banklarında dondurulub.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ötən ay Avropa Parlamentində çıxışında “reparasiya krediti” ideyasını gündəmə gətirib. O, ideyanı oktyabrın 1-də Danimarkanın paytaxtı Kopenhagendə Aİ liderlərinə təqdim edib. Ukrayna prezidenti Volodimir Zelenski də görüşə qatılıb. Avrozonanın maliyyə nazirləri isə bu həftə Lüksemburqda planın detalları üzərində işləyəcəklər.

“Reparasiya krediti” planının detalları tam bəlli olmasa da, əsas konturları belə görünür: Rusiyanın üç ildir dondurulmuş aktivləri istiqraz buraxılışı üçün girov rolunu oynayacaq. Bu istiqrazlardan əldə edilən gəlir Ukraynanın bərpasına xərclənəcək.

Rusiya müharibə zərərlərinə görə təzminat ödəməsə, Ukrayna krediti qaytarmayacaq. Kredit ödənildikdə aktivlər “donmuş” statusdan çıxarılacaq. Mexanizm reallaşarsa, Ukrayna 2026-2027-ci illərdə 170–180 milyard avro vəsait əldə edə bilər.

Aİ planı vs. Putin fərmanı

Kreml bu təşəbbüsü “müsadirə” adlandırıb, simmetrik cavabla hədələyib.

Amma Aİ-nin təşəbbüsü Rusiya federal aktivlərinin milliləşdirilməsini nəzərdə tutmur. Putinin fərmanı isə birbaşa olaraq özəl şirkətlərin əmlakını milliləşdirməyə yönəlib.

Hazırda Rusiyada qərbi Avropa mənşəli təxminən 800 şirkət fəaliyyət göstərir. Fərmanda onlardan bir neçəsinin adları çəkilir: Avstriyanın “Raiffeisen Bank International”ın Rusiya filialı, İtaliyanın “UniCredit” bankı, Almaniyanın şokolad istehsalçısı “Ritter Sport”.

Bu şirkətlər Rusiyada fəaliyyətin risklərini gözə alaraq işi davam etdiriblər.

Avropa tənzimləyiciləri “Raiffeisen Bank”a 2022-ci ildən Rusiyadan çıxmağı tövsiyə etsələr də, bank bu addımı atmaq istəməyib. Çünki o, Rusiyada faktiki olaraq monopoliyaya çevrilmiş və Avropaya ödəniş göndərə bilən nadir banklardan biri olaraq böyük gəlir əldə edib, Rusiya filialını balansdan silmək istəməyib. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hindistanla Pakistan niyə və necə müharibə edirlər? – 78 illik davanın tarixçəsi İngilis planı bölgəni bitməyən savaşa məruz qoyub

admin

Ukrayna ordusu Liman şəhərini və 5 yaşayış məntəqəsini AZAD ETDİ

admin

Çinlilər Rusiyanı BELƏ ələ keçirir – Duqindən ŞOK XƏBƏRDARLIQ

redaktor