ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Ukraynadakı münaqişənin həlli gözlənildiyindən daha mürəkkəb ola bilər.
Tacxeber.com xəbər verir ki, o, bu fikri Kanadanın Baş naziri Mark Karni ilə Ağ Evdə keçirilən görüş zamanı səsləndirib. Görüş Ağ Evin YouTube kanalında canlı yayımlanıb.
“Mən bu məsələnin asanlıqla həll olunacağını düşünürdüm, lakin indi görürəm ki, bu, Yaxın Şərqdəki vəziyyətdən belə daha çətin ola bilər,” – deyə Amerika lideri bildirib.
Qeyd edək ki, sentyabrın 30-da Tramp İsrail–Fələstin münaqişəsinin həlli ilə bağlı 20 bənddən ibarət plan təqdim edib. Sənəddə hərbi əməliyyatların dayandırılması, israilli girovların azad olunması və Qəzza zolağında hakimiyyətin HƏMAS-dan keçid komitəsinə verilməsi nəzərdə tutulur.
Plan çərçivəsində HƏMAS məhbusların azad edilməsinə və əraziyə nəzarətin keçid komitəsinə verilməsinə razılıq verib.
Ekspertlərin fikrincə, Trampın Rusiya–Ukrayna münaqişəsi ilə bağlı oxşar plan irəli sürməsi ehtimalı azdır, çünki “hər iki böhran tamamilə fərqli siyasi və geosiyasi çəkidədir”.