Avropa Məhkəməsi bu gün Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı verdiyi şikayət üzrə qərarını elan edib. Xatırlayırsınızsa, Y. İmanov müvəkkilinin cəzaçəkmə müəssisəsində həbsxana əməkdaşları tərəfindən döyülməsi ilə bağlı şikayətini ictimailəşdirdiyinə görə VK-dan xaric edilib.
Avropa Məhkəməsi vəkilin ifadə azadlığı ilə, cəmiyyəti məlumatlandırmaqla bağlı vəzifəsi ilə əlaqədar bir daha vurğulayıb ki, vəkillərin xüsusi statusu ədalət mühakiməsinin həyata keçirilməsində — ictimaiyyətlə məhkəmələr arasında vasitəçi kimi onlara xüsusi mövqe verir.
Məhkəmə ərizəçinin bəyanatlarının məhkəmə hakimiyyətinin müstəqilliyinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilməsi barədə Hökumətin arqumentini qəbul edə bilməz, çünki həmin bəyanatlar məhkuma qarşı daxili məhkəmələrdə aparılan cinayət işinin mahiyyətinə deyil, onun həbsdə guya işgəncəyə məruz qalmasına aid idi. Bu baxımdan Məhkəmə bir daha xatırladır ki, dövlət orqanlarının nəzarəti altında olan şəxslər, məsələn, məhkumlar barədə mümkün qanun pozuntularını bildirmək və dövlət qulluqçularına qarşı şikayət vermək imkanı xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, ərizəçinin vəkil kimi vəzifəsi müştərisinin maraqlarını qorumaqdır və bunu qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə həyata keçirməkdir.
Məhkəmə qeyd edir ki, ərizəçinin A.H.-ın işgəncəyə məruz qalmasında günahlandırdığı həbsxana əməkdaşları barədə bəyanatları kifayət qədər ciddi idi və bəzi əməkdaşların adları da çəkilmişdi. Məhkəmənin fikrincə, bu bəyanatlar penitensiar sistemin fəaliyyəti və ya ümumi həbsxana şəraiti barədə ümumi tənqid deyildi, onlar birbaşa Qobustan Həbsxanasının əməkdaşlarını hədəfə alır, onların peşəkarlığını və dürüstlüyünü şübhə altına alırdı.
Məhkəmə hesab edir ki, daxili məhkəmələr ərizəçinin bəyanatlarını qiymətləndirərkən nəzərə alınmalı bir sıra amilləri nəzərə almayıblar. Xüsusilə, onlar həmin bəyanatların həbsxanadakı məhbusun guya işgəncəyə məruz qalması ilə bağlı olduğunu və bu məsələnin şübhəsiz ki, ictimai maraq kəsb etdiyini nəzərdən keçirməyiblər. Bundan əlavə, yerli məhkəmələr ərizəçinin guya böhtan atdığı həbsxana əməkdaşlarının özlərinin hər hansı hüquqi addım atmadıqları faktını da nəzərə almayıblar.
Məhkəmə həmçinin məhkum A.H.-ın Qobustan həbsxanasında işgəncəyə məruz qalması ilə bağlı ayrıca verilən şikayət üzrə Hökümətin bu pozuntuları etiraf etməsini də nəzərə alıb.
Beləliklə, məhkəmə belə nəticəyə gəlib ki, ərizəçinin vəkillikdən xaric edilməsi barədə daxili məhkəmələr tərəfindən göstərilən əsaslar kifayət qədər deyildi və ona tətbiq edilən sanksiya güdülən legitim məqsədlə müqayisədə qeyri-proporsional idi və Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsi pozulub.
Konvensiyanın 8-ci maddəsinin pozuntusu ilə bağlı Məhkəmə qeyd edib ki, vəkillikdən xaricetmə hüquq peşəsində ən ağır intizam sanksiyasıdır və vəkilin peşə həyatına dönməz təsir göstərir. Məhkəmə bu kontekstdə Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlər üçün “Vəkillərin peşə fəaliyyətinin azadlığı haqqında” (R (2000) 21) Tövsiyəsinə diqqət çəkir; orada açıq şəkildə bildirilir ki, vəkillərin intizam məsuliyyəti üzrə sanksiyaların müəyyən edilməsində proporsionallıq prinsipi qorunmalıdır.
Məhkəmə bir sıra işlərdə hökumət tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və insan hüquqları müdafiəçilərinə qarşı əsassız həbslər, saxlanılmalar və digər tədbirlərin sistematik xarakter daşıdığını müşahidə edib və Konvensiyanın 8-ci maddəsinin də pozuntusunu müəyyən edib.
Qərarın icrası ilə bağlı (Konvensiyanın 46-cı maddəsi) Məhkəmə bu məsələnin həllində Avropa Şurasının Nazirlər Komitəsinin daha uyğun mövqedə olmasını qeyd edib.
Məhkəmə Konvensiyanın 18-ci maddəsinin (hüquqların sui-istifadəsi) pozuntusu halını araşdırmağa ehtiyac görməyib.
Məhkəmə maddi və mənəvi zərərə görə 10000 avro, məhkəmə xərclərinə görə 2000 avro kompensasiyanın ödənilməli olmasını müəyyən etdi.
Lakin 7 hakimdən ikisi hesab edib ki, burada həm də 18-ci maddənin pozuntusu var, buna görə də xüsusi rəydə qalıblar. Onlar qeyd edib ki, ərizəçinin vəkillikdən xaric edilməsi ilə bağlı başlanmış intizam icraatı — Kollegiya üzvünə tətbiq oluna biləcək ən ağır peşəkar sanksiya və adətən yalnız ən ciddi etik pozuntular üçün nəzərdə tutulan tədbir — Konvensiyanın 8 və 10-cu maddələri baxımından hər hansı legitim məqsəd güdməyib. Əksinə, onların fikrincə, ərizəçi inandırıcı şəkildə sübut edib ki, bu icraatın yeganə məqsədi “gizli və qərəzli motivlər” olub.
Vəkil – Fariz Namazlı