İndilərdə xəbər yayıldı ki, keçmiş səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib. Üstəlik Sabiq nazirin Almaniyada müalicə olunduğu yazılıb. Deməli ölkə səhiyyəsinə canını etibar edə bilmir bunlar. Amma xalqa keyfiyyətsiz səhiyyəni rəva bilirlər.
Əsas məsələ də bilirsiniz nədir? Azərbaycanın daha bir naziri vəfat edib və hamı yenə də onun məzarına söyür. Haqsız da deyillər. Bu ölkədə elə bir məmur görmədim ki, ölümündən sonra haqqında yaxşı söz deyilsin, rəhmət oxunsun.
Dediyim kimi, çünki bu nifrəti özləri qazanıblar. Sağlıqlarında xalqa zülm edə-edə, hörmətsizlik edə-edə qazanıblar. O nifrət arta-arta da gedir. Məsələn bugün Oqtay Şirəliyev öldü.Amma sağ olub indi işləyənlər guya nə edir ki? Onlar da elə Oqtay və onun kimilərin yolunu gedirlər və eyni şəkildə söyülüb lənət oxunacaq adamlardır.
Ümumiyyətlə Azərbaycanda dövlət vəzifəsinə təyin olunan bütün məmurlar,sanki xalqa qənim kəsilmiş adamlardır.Vəzifədə olduqları sonuncu günlərinə qədər millətə qan uddurub gedirlər. Nəticəsi də, göz qabağındadır. Vallah adamın ürəyi ağrıyır öz ölkəsinə. Heç xoş deyil belə.
Salamat adam qoymayıblar. Sizi əmin edirəm, bütün bu tendensiyanın arxasında siyasi iradə var. O siyasi iradə heç kəsi təmiz adam kimi qalmağa imkan vermir, verməz də. Bu işin sirri odur ki, sistemə xidmət edən hər kəs, ümumi çirkabın içərisində və bütün cinayətlərə ortaq olmalıdır. Kimsə təmiz olub qaranın yanında ağ rəngdə görünə bilməz. Mexanizm belə işləyir.
Ona görə ağlı başında olan adam, belə ölkədə vəzifə ardınca qaçmamalıdır məncə. Ləyaqətli ömür yaşamaq istəyən adam uzaq olmalıdır belə işlərdən. Çox təəssüf ki, ölkəmizin uzun illərdir ki, vəziyyəti belədir. Çox ümid edirəm ki, bir gün bu ölkədə də hərşey düzələcək.Ölənlərin arxasınca rəhmət oxuya biləcəyimiz gün, bu ölkənin ağ günə çıxacağı gündür.
Əziz Məmiyev