“The Wall Street Journal” xəbər verir ki, Tramp Pentaqona və kəşfiyyat agentliklərinə Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrdə kömək etməyə icazə verən sərəncam imzalayıb. Tramp administrasiyası ilk dəfə Ukraynaya uzaqmənzilli zərbələrdə kömək edəcək.
Təbii ki, “dərinliklər” demişkən söhbət neft emalı zavodlarından, neft-qaz kəmərlərindən, elektrik stansiyalardan və hərbi obyektlərdən gedir.
Amma bir məsələ var, Trampın prezidentliyinin son 8 ayı ərzində biz Ukrayna ilə bağlı ritorikanın ən neqativ tonlarından (məsələn, Oval ofisdə “sənin kartların yoxdur” deyə hücum etməsi) tutmuş, ən pozitiv bəyanatlara qədər (yaxınlarda dediyi “Ukrayna bütün ərazilərini azad edə bilər”) geniş spektrini gördük. Bu 8 ay bizə bir dərs verdi: Trampın sözlərinə deyil, əməllərinə qiymət vermək lazımdır.
Trampın Pentaqona və kəşfiyyat qurumlara Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi barədə göstəriş verməsi xəbəri kontekstində biz gərək sözlərə yox, yuxarıda qeyd etdiyimiz kimi əməllərə fikir verək.
Əməllərə gəlincə.
2 avqust tarixindən etibarən hamımız USQ tərəfindən Rusiya ərazisində yerləşən bir çox obyektlərə sistematik zərbələri müşahidə edirik. Amma bütün zərbələr dronlar vasitəsilə endirilir, Ukrayna istehsallı dronlarla. 3 gün qabaq isə Belqorod İstilik Elektrik Stansiyasına zərbə endilirdi və bu zərbəni digər zərbələrdən fərqləndirən o idi, o, dronlarla yox, HİMARS M142 RYAS-dan buraxılan ABŞ istehsallı raketlərlə vurulub.
Bu hadisədə 2 çox önəmli məqam var:
1) ABŞ mətbuatının verdiyi məlumata görə ABŞ istehsallı raketlərlə Rusiya ərazisinə zərbələrə icazə, Pentaqonun ən ən yüksək səviyyəsində verilməlidir(bəzi mənbələrə görə söhbət hətta şəxsən müharibə naziri Pit Heqset tərəfindən).
2) Müharibə naziri Heqset Trampa tamamilə loyal və Trampın icazəsi olmadan heç bir addım ata bilməyən adamdır.
Başqa sözlərlə bir neçə gün qabaq Rusiya ərazisinə ABŞ istehsallı raketlərlə vurulan zərbələr onu göstərir ki:
a) Zərbələrə şəxsən Tramp icazə verib;
b) “The Wall Street Journal”ın USQ-yə kəşfiyyat məlumatların ötürülməsi xəbəri həqiqəti əks etdirir.
Nəticə etibarı ilə ABŞ istehsallı raketlərin Rusiya ərazisində “iş başında” görməyə hazır olun.
Kamran Cəfərov