Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Azər Tağıyev sədrlik edib.
İclasda təqsirləndirilən şəxslərdən “Toplum TV”nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli əvvəlki çıxışına davam edib və həm özünə, həm də “Toplum TV”yə qarşı irəli sürülən ittihamlara cavab verib.
Ələsgər Məmmədli bildirib ki, “Toplum TV”nin dövlət qeydiyyatından keçməməsi ilə bağlı ittiham əsassızdır və ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən xəbərsiz olduğunu göstərir:
“Toplum TV” sadəcə domen adıdır və beynəlxalq qaydalara əsasən onlayn qaydada qeydiyyatdan keçirilir. Onun ayrıca dövlət qeydiyyatına ehtiyac yoxdur. 2016-cı ildə alınmış domen əsasında 2017-ci ildə sayt fəaliyyətə başlayıb. O dövrdə qüvvədə olan qanunvericilik internet resurslarının dövlət qeydiyyatını tələb etmirdi”.
O əlavə edib ki, 2022-ci ildə qəbul edilən “Media haqqında” Qanunda da yalnız gündə ən azı 8 saat fasiləsiz yayım həyata keçirən platforma yayımçıları qeydiyyata alınır. “Toplum TV” isə bu kriteriyaya uyğun gəlməyib.
Ələsgər Məmmədli həmçinin onun adından xarici təşkilatlardan qrant alındığı iddialarını rədd edib. Onun sözlərinə görə, istintaq onun ekspert qismində bağladığı xidməti müqavilələrini “qrant” kimi təqdim edərək sübutları saxtalaşdırıb.
“Toplum TV heç vaxt kommersiya fəaliyyəti göstərməyib, gəlir gətirməyib. Bu, gənc jurnalistlərin praktiki vərdişlər qazanması üçün könüllü fəaliyyət platforması olub. Mənim əsas rolum yalnız domen almaqdan ibarət olub”, – deyə o bildirib.
Məhkəmədə çıxış edən “Toplum TV” jurnalisti Fərid İsmayılov isə saxlanıldığı Bakı İstintaq Təcridxanasında həyatına təhlükələr olduğunu deyib. Onun sözlərinə görə, sentyabrın 23-də yan kameradakı məhkum onu öldürməklə hədələyib və penitensiar işçilərinin gözü qarşısında ona stəkan atıb. İsmayılovun təkidlərinə baxmayaraq, hadisə aktlaşdırılmayıb.
Jurnalist əlavə edib ki, oxşar təxribatlar sentyabrın 24-də və 25-də də təkrarlanıb. O, məsələnin qəsdən yaradıldığını və həyatına real təhlükə olduğunu bildirib.
Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlardan Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, platforma üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov həbs olunublar. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə verilib.
İlk mərhələdə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb. “Toplum TV” baş verənləri peşə fəaliyyəti ilə əlaqələndirərək bunu müstəqil mediaya qarşı təzyiq kimi qiymətləndirib. (AbzasMedia)