Dünyada təhsil sahəsi yüzmilyardlarla dollarlıq bir bazardır, ağlı, keyfiyyətli təhsil sistemi olan ölkələr bu bazardan pay alır, payını artırmağa çalışır.
Dünya ölkələrinin ən çox tələbə cəlb etməyə çalışdığı ölkələrdən biri, bəlkə də, birincisi Hisdistandır. Son məlumatlara görə 1,3 mln. Hindistan vətəndaşları xaricdə təhsil alırlar, onların bir ildə təhsil aldığı ölkəlrdə xərclədiyi vəsait 40-50 mlrd. dollar arası dəyişir.
Rusiyanın Ukraynaya vəhşi təcavüzündən öncə bu ölkədə 76 min 548 Hindistanlı tələbə oxuyurdu. Onların bir ildə Ukrayna iqtisadiyyatına verdiyi tövhə 1,5 mlrd. dollara yaxın idi.
Müharibə başlayandan sonra təhlükəsizlik məsələlərinə görə Ukrayna istiqaməti Hindistan tələbələri üçün, demək olar ki, qapandı, sayları 10 dəfəyə qədər azalıb.
Bu məsələni fürsətə çevirən ölkələrdən biri qonşu, dost Gürcüstan oldu. 2024-25 ci təhsil ilində Gürcüstanda 20 min 319 hindistanlı tələbə təhsil alır, 2021-ci ildə, yəni, Rusiyanın Ukraynaya təcavüzündən öncə Gürcüstanda cəmi 6500 hindistanlı oxuyurdu – son 4 ildə sayları 3 dəfə artıb.
Hindistanlı tələbələrin Gürcüstan iqtisadiyyatına illik tövhəsi 400-450 mln. dollardır, hər tələbənin minimum 4, maksimum 7 il (tibb sahəsi) oxuduğunu nəzərə alsaq, 20319 tələbə 4 ilə Gürcüstana 1,6 mlrd. vəsait qazandıracaq.
Yeri gəlmişkən, Türkiyədə xarici tələbələrin iqtisadiyyata illik tövhəsi 3,1 mlrd. dollardır, qardaş ölkədə bu gün 198 dövlətdən 350 min tələbə təhsil alır.
Bizim ölkənin təhsil sisteminin vəziyyəti məlumunuzdur – bu sistemi ən çox tənqid edən elə Təhsil Nazirinin özüdür və yeri gəlmişkən, nazirlər arasında ən səmimi və doğru yanaşma ortaya qoyan da, məhz odur, amma onu da cəmiyyət anlamaqda çətinlik çəkir.
Yəni, biz normal təhsil sistemi yarada bilsək xaricdən ölkəyə onminlərlə tələbə cəlb edə, bunu iqtisadiyyatın ciddi bir sahəsinə çevirə bilərik. İndi ciddi fürsət yaranıb – işğaldan azad etdiyimiz gözəl Qarabağda və Şərqi Zəngəzurda şəhəryaradan Unversitetlər tikməklə həm köç, həm də məşğulluq problemini həll edə bilərik.
Bu sahəni, yəni, təşkilatı məsələləri bilən gözəl mütəxəssislərimiz də var – məsələn, yaxşı tanıdığım və qabiliyyətinə bələd olduğum, bir neçə dil bilən Mubariz Rahimli bu işləri gözəl bilir, Ukraynada, Özbəkistanda təhsilin təşkili ilə bağlı innovativ təkliflərlə, online platformalar qurmaqla xeyli iş görüb, uğur qazanıb. Azərbaycanda isə iş görməkdə çətinlik çəkir, çünki, sistem nə özünü, nə də ölkəni yaxşılığa doğru dəyişmək istəmir…
Natiq Cəfərli