Şübhəsizdir. Vətənin bütövlüyü uğrunda canından keçmiş hər kəs müqəddəsdir.
Bunu qəbul edirəm, qibtəm sonsuzdur. Cəsur ürəkləri sevirik.
Sözümün kədəri igidlik göstərmiş qardaşlarımıza deyil,
simvolik igidliklə gələcəyimizi məhv edən, qan içənlərədir.
Məni bağışlayın.
27 sentyabrdan məğrur danışa bilmirəm.
Taleyimizdə şəhid şəkilləri gəncliyin başı üzərindədir.
Biz bu günü təkcə qürur kimi deyil, beynimizə yazılmış kod kimi daşıyırıq.
Unutmaq olmur. Amma faciəni ucalıq kimi yaşamaq istəmirəm.
Razıyam ki, beyin laboratoriyasında alınmayan bir kəşfin qurbanı olum,
yetər ki, ağrı təkcə xatirə qalmasın, gələcəyə qarışsın.
Tariximizdə qələbəmiz var, başqa xalqlar kimi bizim də qələbə paradımız mövcuddur, bu, bura qədər qəhramanlıqdır. Vəssalam.
Bu qəhramanlığın şəkillərini bayağı küçələrdə, maşın şüşələrində, kafe girişlərində, istismarçı aynalarda canlandırmaq və ucuzlaşdırmaq əvəzinə, onu məfkurəyə çevirib gələcəyin muzeyinə daşımalıyıq. Yəni, şəhid törəmələrinə gələcək göstərmək üçün əllərimizi yox, beynimizi qana batırmaq vaxtıdır artıq. Bu yenilməz tarixdir. Xalqın yaddaşı silinməz! Biz bunları yaşantılarımıza, gələcəyimizə göz dağı etməməliyik. Bir şəhid o zaman unutulmaz ki, uğrunda öldüyü torpaqlarda gözü yaşlı bir gələcək qalmasın.
Güllələnmiş ana qucağına baxıb şükür etmək, ağlayıb gözlərini doyurmaq,
bir gəncin kürəyinə “sən qəhrəman kişinin oğlusan” deyib onu bədbəxt etmək
bütün bunlar məni öldürür.
Yapon xalqı Hirosima və Naqasaki sonrası intiqamı nifrət silahı ilə deyil, elm, təhsil və mədəniyyətlə aldı. Dünya yaponların kəşflərini gördü.
Biz isə hələ də məktəblərdə uşaqların başı üzərində asılmış şəhid şəkillərindən başqa uğur görə bilmirik.
Bu, adamın içini yandırır.
Bəzən düşünürəm, biz də canlı şəhidik, keçmişi yaşadan, gələcəyi itirən.
Ruhunuz qarşısında borcluyam, mən sizə görə yaşayıram, bunu bilirəm.
Amma bu beyin borcu deyil, tale borcudur.
Məkanınız ucadır, torpaq oğulları!