Hər dəfə deyirik ki, rejimin etdiklərinə daha təəccüblənməyəcəyik. Ancaq hər dəfə səviyyəni daha da aşağı salmaqla bizi təəccübləndirə bilirlər. Bu dəfə də müxalifətdə olan siyasətçi Emil Səlimin evini əlindən almaq fikrinə düşməklə bizi təəccübləndirə bildilər.
Xeyli müddətdir ki, Kristal Abşeron tikinti şirkəti AXCP Rəyasət Heyətinin üzvü, gənc və perspektivli siyasətçi Emil Səlimin özünün və yaxın qohumlarının evlərini dövlətin inzibati gücündən istifadə etməklə və yarıqiymətinə əllərindən almağa çalışır.
Tikinti şirkəti Emil Səlimin 30 ildir yaşadığı ata evini və digər yaxın qohumlarının evlərini məhkəmə yolu ilə əllərindən alıb, yerində hündürmərtəbəli bina tikmək istəyir. “Yuxarılardan” beli bağlı olan şirkət Emil Səlim və ailəsinin adekvat, ağlabatan kompensasiya tələbini qulaqardına vurur.
Hətta şirkətin qoluzorluları Emil Səlimə qarşı fiziki zorakılıq da göstərib, özünü də hədələyiblər ki, daha haqqını müdafiə etməsin. Şirkət Emil Səlimin Yasamal rayonu ərazisindəki 85 kvadrat metr sahəsi olan evini cəmi 60 min manat verməklə məhkəmə yolu ilə əlindən almağa hazırlaşır (Emil bəyin öz yazısı ilə şərh bölümündə tanış olun).
Əgər indiyə qədər müxalifətçilərə qarşı məhkəmə sistemindən dövlət hakimiyyətini ələ keçirənlər dəyənək kimi istifadə edirdilərsə, indi artıq özəl şirkət də belə bir istəyə düşüb.
Doğrusu özü də, biz də hələ dəqiq bilmirik ki, Emil bəyin və yaxın qohumlarının evlərini simvolik miqdarda (çox az) pul ödəməklə əllərindən almaq tikinti şirkətinin öz təşəbbüsüdür, yoxsa bütövlükdə siyasi rejim şirkəti qabağa verib, onun əlilə Emil bəyi və qohumlarını evsiz qoymaq istəyir?
Mənim şəxsən bu mövzuda yazmaqda da əsas məqsədim daha çox bu suala aydınlıq gətirməkdir. Əgər Emil bəyin və qohumlarının başına gətirilənlər Kristal Abşeronun özfəaliyyətidirsə, hakimiyyət onu tez başa sala bilər ki, bu zorbalıqla hökuməti daha da rüsvay etməsin. Yox əgər, tikinti şirkətini qabağa verib, müxalifətçi siyasətçinin evini əlindən zorla almaq siyasi rejimin qərarıdırsa, o zaman bilməlidirlər ki, müxalif siyasətçinin evinə əl qoymaqla ölkəmizdə çox təhlükəli bir president yaratmış olurlar. Bu presidentin zərərini bir gün özləri də çəkə bilərlər. Emil Səlimə və yaxın qohumlarına qarşı təzyiqlərin dayandırılmasını tələb edirik.