Xəbərin qısa icmalı
– Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır. O bu iddianı Azərbaycan-Çin münasibətləri haqqında danışarkən bildirib.
– 2023 və 2024-cü illərin statistikalarına əsasən, ŞƏT-ə üzv ölkələrdə ümumilikdə 3 milyard 386 milyon insan yaşayır ki, bu da təxminən 8 milyardlıq dünya əhalisinin 42%-ni təşkil edir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu “redaktor.az” saytına açıqlamasında bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır. O bu iddianı Azərbaycan-Çin münasibətləri haqqında danışarkən bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
2001-ci ildə Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan tərəfindən yaradılan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) siyasi, iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən beynəlxalq təşkilatdır. 2017-ci ildə Hindistan və Pakistanın, 2023-cü ildə İranın, 2024-cü ildə isə Belarusun qoşulması ilə təşkilata üzv ölkələrin sayı 10-a çatıb.
2023 və 2024-cü illərin statistikalarına əsasən, ŞƏT-ə üzv ölkələrdə ümumilikdə 3 milyard 386 milyon insan yaşayır ki, bu da təxminən 8 milyardlıq dünya əhalisinin 42%-ni təşkil edir. Təşkilata üzv ölkələrin iqtisadiyyatı isə dünya iqtisadiyyatının təxminən 23%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən etibarən ŞƏT-in “dialoq üzrə tərəfdaşı” statusunu alıb.
Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Hikmət Babaoğlunun iddiası yanlışdır.