Dünya müxtəlif dinlərə, millətlərə və mədəniyyətlərə bölünüb. Kimisi müsəlman, kimisi xristian, kimisi yəhudi və ya başqa inanca sahibdir. Amma bütün bu fərqlərin üzərində duran əsas bir həqiqət var: insan olmaq.
Dinlərin mahiyyəti insanlara ədaləti, mərhəməti və vicdanı öyrətməkdir. Təəssüf ki, çox zaman din nifrət və zorakılıq üçün alətə çevrilir. Halbuki İslam da, xristianlıq da, yəhudilik də insanı yaxşılığa, sülhə və ədalətə çağırır.
Məhz buna görə deyirəm: bu dünyada mütləq müsəlman, xristian və ya yəhudi olmaq şərt deyil. Əsas məsələ insan ola bilməkdir.
Bunun nümunəsini siyasətdə də görmək olar. Fransa prezidenti Emmanuel Macron bəzən sərt qərarları ilə mübahisələr doğursa da, onun siyasət fəlsəfəsində bir prinsip dəyişməz qalır: insan hüquqlarına hörmət. Macron üçün yalnız xristianların yox, müsəlmanların, yəhudilərin və ateistlərin də hüquqları bərabər qorunmalıdır.
Bu yanaşma beynəlxalq müstəvidə də özünü göstərdi. Fransa BMT çərçivəsində Fələstin dövlətinin tanınmasını açıq dəstəkləyən ölkələrdən oldu. Macron bununla mesaj verdi: siyasət dinlərin və ya qlobal güclərin diktəsi ilə yox, ədalət və insanlıq prinsipləri üzərində qurulmalıdır.
Əslində, sual sadədir: kimliyimiz, dinimiz, millətimiz nə olursa-olsun, biz necə insan idik? Ədalətli, mərhəmətli, vicdanlı ola bildiksə, artıq ən böyük dinin davamçısıyıq, insanlıq dininin.
Bəhruz Əliyev