“Yaxın Şərqdə sülh heç vaxt olmayacaq”. Bunu ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib. Onun sözlərinə görə, bəzi dövlətlərin Fələstini tanımaları regionda sülhün bərqərar olmasına yardım etməyəcək. Çünki sülh yalnız illüziyadır.
– Yaxın Şərqdə heç vaxt sülh olmayıb. Yəqin ki, heç vaxt da olmayacaq. Çünki hamı legitimlik uğrunda döyüşür – deyə Barrak “The Nation”a müsahibəsində vurğulayıb.
Bir neçə gün əvvəl ABŞ-nin BMT-də Qəzza zolağında dərhal atəşkəsin təmin olunması ilə bağlı qətnamənin qəbuluna veto qoymasını şərh edən Barrak bildirib ki, indiyə qədər 27 dəfə atəşkəs elan olunsa da, heç biri işə yaramayıb.
Xüsusi nümayəndənin sözlərinə görə, İsrailin hazırkı siyasəti Yaxın Şərqdə hər şeyi dəyişən hadisənin – 2023-cü ilin 7 oktyabr hücumunun kontekstindən şərh olunmalıdır.
– Regionda baş verənlər faciəvi olsa da, nəzərə almaq lazımdır ki, İsrail dəyərli müttəfiqdir. Onun ABŞ üçün xüsusi önəmi var. Hər il Amerika İsrailə 4-5 milyard dollar yardım göstərir,– Barrak vurğulayıb. (AzVision.az)