“Azərbaycan və Türkiyə dövlət başçılarının Avropa Birliyi Sammiti çərçivəsində İrəvana səfər edəcəkləri barədə xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Amma bu, gözlənilməyən bir şey də deyil. Burada təəccüblü heç nə yoxdur.
Paşinyan da Azərbaycana gələ bilər. Dövlət başçısı necə qarşılanırsa, o cür qarşılanmalıdır. Əlbəttə ki, Qarabağda yaşanan o ağır faciələri, Xocalını unutmamışıq. Unutsaq, tariximizdən dərs almasaq, o faciələri gələcək nəsillərimiz yenidən yaşaya bilər. Bunu nə unudarıq, nə də unutdurarıq”.
Tacxeber.com xəbər verir ki, Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlıdeyib.
“Birincisi, Azərbaycan artıq Qarabağ torpaqlarını işğaldan azad edib. Biz indi hazırda Ermənistanla sülh danışıqlarından yanayıq.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, avqustun 8-də dünyanın ən güclü paytaxtı olan Vaşinqtonda belə bir qərar qəbul edildi ki, Zəngəzur dəhlizi, o cümlədən sülh sazişinin paraflanması həll olunsun.
Türkiyə Ermənistanla sərhədlərini buna görə bağlamışdı ki, Qarabağ torpaqları işğaldan azad olunsun. Bundan sonra Ermənistanla diplomatik əlaqələr qurula bilər. Amma cənab Prezidentimizin Ermənistan qarşısında irəli sürdüyü şərtlər var və Ermənistan bu şərtləri yerinə yetirmək məcburiyyətindədir. Bu gün Ermənistanda sülh müqaviləsinin imzalanması, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında sülh münasibətlərinin bərpa olunması və gələcəyə yönəlik davam etdirilməsi üçün Ermənistan Konstitusiyasında dəyişiklik etməli, Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından imtina etməlidir. Paşinyanın da hazırda çalışdığı budur. Əslində, Paşinyan erməni xalqını düşdüyü xəstəlikdən, bəladan xilas edir. Lakin oradakı radikallar, xüsusilə Qarabağ klanı bu proseslərin qarşısında durur, baş tutmaması, sülh müqaviləsinin sona çatdırılmaması üçün əlindən gələni edir. Düşünürəm, qarşılıqlı gediş-gəliş gələcəkdə baş verərsə, normal qarşılamaq lazımdır. Bir də bunu unutmayaq ki, Cənabu Qafqazda Ermənistan adlı dövlət var və təəssüf ki, bu dövlət bizim qonşumuzdur. Əbədi düşmənçilik isə yoxdur.
Düşünürəm, böyük Qarabağ Zəfərindən sonra Azərbaycan xalqı bir çox yaralarını sarımağa başlayıb. Qarabağ bu gün cənnətə çevirilməkdədir. Əlbəttə, buna da zaman lazımdır. Xalqlar və dövlətlər arasında diplomatik əlaqələr qurulduqdan sonra xalq diplomatiyası bu prosesdə dövriyyəyə girəcək. Yavaş-yavaş xalqlar, xüsusilə erməni xalqı türk millətinə olan nifrətindən, kinindən, “erməni soyqırımı” iddiasından, “Ağrı”, “Artsax” dediyi o respublika ideyasından, təkcə Azərbaycana, Türkiyəyə deyil, Gürcüstana belə daxil olmaqla Qafqazda təcavüzkar, onun-bunun torpağına göz dikmək niyyətindən əl çəkməlidir. Ermənistan dövləti normal dövlətə çevrilməlidir. Dövlət terrorist dövlət olmalı deyil. Bütün bunlardan əl çəkdikdən sonra niyə qonşuluq əlaqələri olmasın? Buna görə də qarşılıqlı görüşlərə normal baxıram”, – deputat bildirib.