Baş nazirin keçmiş müavini, “Qaçqınkom”un sabiq sədri, hazırda isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun müşahidə şurasının sədri Əli Həsənovun kürəkəni, Almaniyanın Hamburg şəhərində yaşayan Elman Allahverdiyev İngiltərədə özünə yaxta şirkəti açıb. Yaxtasl varmı, yoxmu bilmirəm, amma Elman Allahverdiyevin bu ilin yanvarında Londonda təsis etdiyi OPAL YACHTING LTD törəmə şirkət kimi qeydiyyatdan keçib.
Süni intellektual təhlilə görə əgər yaxta şirkəti “dormant” (yəni fəaliyyətsiz, yalnız qeydiyyatda qalan) statusundadırsa, bu bir neçə məqsədə – gələcək fəaliyyət üçün hüquqi baza yaradılmasına, brend və ad qorunmasına, vergi və rezidentlik üstünlükləri əldə etməsinə, investor və tərəfdaş cəlb etməyə, eləcə də hüquqi struktur yaratmağa xidmət edə bilər:
Dormant şirkət vasitəsilə sahibkar bank hesabı aça bilər, bəzi ölkələrdə viza-oturum icazəsi üçün əsas qura bilər.
Bu, əslində yaxta biznesinə başlamadan əvvəl “platforma” yaratmaq deməkdir.
Yəni, əgər şirkət dormant qalırsa, bu daha çox strateji hazırlıq, hüquqi mövcudluq və gələcək üçün infrastruktur saxlamaq üçündür.
Xatırladım ki, Elman Allahverdiyev həm də Almaniyada LOHIMEX GmbH-ni təsis edib, AuK Hotel GmbH-nı alaraq GLORİOUS HOTELS & RESORTS GmbH olaraq yenidən qeydiyyatdan keçirib. Şirkətlər onun vaxtilə Bad Bevensen şəhərində satın aldığı Kieferneck otelində hüquqi qeydiyyatdadır. Bu keçmiş “Qaçqınkom” sədrinin Bad Bevensendəki yeganə oteli deyil. Onun burada istifadə edilməyən, “ağzıgünə” daha bir neçə oteli var. Məsələn, 2014-cü ildə Bad Bevensenin Bergstra küçəsində aldığı HEIDEKRUG otelini Elman Allahverdiyev 5 il istifadəsiz saxladıqdan sonra 2019-cu ildə Manfred Preuss adlı şəxsə dəyər-dəyməzinə satıb. O sə otel otaqlarını 15 mənzilə çevirib satıb.
Elman Allahverdiyevin həmin şəhərdə aldığı digər əmlak isə 2014-cü ildə aldığı Bad Bevensen DİABET KLİNİKASI olub. Burada ALMANİYA DİABET MUZEYİ yerləşib. Allahverdiyev 2019-cu ildə sahəsi 14770 kv.m. olan klinika binasını budozerlərin qabağına verib kürütdürüb. O vaxtdan yeri hələ də xarabalığı xatırladır (Google map üzərindən Am Klaubusch 12, 29549 Bad Bevensen adresinə baxa bilərsiniz).
Kurort şəhərinin Haberkamp küçəsindəki GRÜNİNG HOTEL də Elman Allahverdiyevin aldığı əmlakların siyahısındadır.
Siyahıya NİCOLAS PANSİONATını da əlavə etsək, Əli Həsənovun kürəkəninin Bad Bevensendə aldığı əmlakların siyahısı tam aydın olur:
4 HOTEL
1 PANSİONAT
1 KLİNİKA BİNASI..
Xatırladım ki, Elman Allahverdiyevin oğlu Nail Allahverdiyev 2017-ci il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə idarə etdiyi “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətmişdi. Əli Həsənovun kürəkəni məhz bu hadisədən dədərhal sona Azərbaycandan külli miqdarda vəsait çıxarıb milyonlarla avro dəyərində olan otelləri və klinika binasını alıb. Əli Həsənov 1998-2019-cu illərdə baş nazirin müavini, 1998-2018-ci illərdə həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olub.