25 C
Bakı
25 Sentyabr 2025 14:50
CəmiyyətSiyasət

Əziz Orucov azadlığa buraxılmadı. Azadlığa çıxmasına 2 ay qalır

Bu gün, sentyabrın 25-də Suraxanı rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması üçün müdafiə tərəfinin təqdim etdiyi müraciətə baxılıb.

Bu barədə Ə.Orucovun ailəsindən məlumat verilib.

Ailənin açıqlamasına görə, hakim prosesdə həbsxana rəhbərliyinin verdiyi müsbət rəyə və Ə.Orucovun müalicə müəssisəsində davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi əsasında onun vaxtından əvvəl azad olunmasını təmin etməyib.

Bu açıqlamaya maraqlı tərəflərin münasibəti bəlli deyil.

Ə.Orucovun azadlığa çıxmasına 2 ay 2 gün qalıb.

Ə.Orucov 2023-cü il noyabrın 27-də icazəsiz evtikmə ittihamı ilə həbs olunub. Bir ay sonra – dekabrın 19-da ona əlavə valyuta qaçaqmalçılığı ittihamı da verilib. İstintaq yekunlaşarkən onun üzərindən qaçaqmalçılıq ittihamı götürülüb.

Bu il fevralın 26-da Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib. Jurnalist ittihamla razı deyil.

Xatırlatma

2023-cü ilin noyabrından Azərbaycanda “AbzasMedia”, “Kanal 13”, “ToplumTV”, meclis.info, “MeydanTV” kimi çoxsaylı media orqanının 30-dan çox əməkdaşı, əsasən, qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalistlər ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Bir çox hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 370 civarında siyasi məhbus var. Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə izlənmədiyini, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırır.

 

Azadlıq radiosu

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan İntervision müsabiqəsində iştirakdan imtina edib

redaktor

“Polkovnik oğlu olsam da, fəhləlik edirdim”

admin

Orqanizmi qripdən qoruyan  zülal kəşf edildi

redaktor