15 C
Bakı
18 Sentyabr 2025 09:44
CəmiyyətDünyaGündəmSiyasətTarix

Yazıq tarix, təkrarlanmasın neynəsin?

Son günlər Polşa üzərində dolaşan dronların səsi, Rusiyanın sərhədboyu hərbi təlimləri və təxribatları bizi XX əsrin qaranlıq illərinə aparır. O illərə ki, Hitler Almaniyası əvvəlcə Çexoslovakiyanın qapısını döydü, “sülh” bəhanəsi ilə sərhədlərini parçaladı, ardınca isə tam işğal yoluna çıxdı. Dünya isə tamaşaçı idi; bəyanatlar verildi, kağız üzərində müqavilələr imzalandı, amma işğal qarşısında real addım atılmadı.

Bugünkü mənzərə də həmin teatr səhnəsini xatırladır. Rusiya əvvəlcə Krımı “qorumaq” adı ilə qopardı, sonra Donetsk və Luqanskda “qardaş köməyi” tələsini qurdu, ardınca isə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başladı. İndi isə Polşa üzərində dolaşan dronlar sanki köhnə ssenarinin yeni pərdəsi, eyni faciənin növbəti aktıdır.

Münhen razılaşması vaxtilə Hitlerə Çexoslovakiyanın qapılarını açdı, ardınca Almaniya Polşanı uddu və bütün Avropanı od içində qoydu. Putin də eyni ardıcıllığı izləyir: əvvəlcə “qoruyacağıq” vədləri, sonra tankların palçıqlı izi, raketlərin gurultusu, saysız-hesabsız itkilər. Tarix bu dəfə ekran qarşısında oturmuş tamaşaçıya deyir: “Bax, bu səhnəni sən artıq haradasa görmüsən!” Ən çox da Münxendə. Putinin aqressiv ritorikası da məhz həmin şəhərdəki çıxışından başlanmışdı.
Kiselyov demişkən: “Təsadüfdürmü? Düşünmürəm”.

Azərbaycan isə vaxtında öz yolunu seçdi. Rusiyanın kölgəsindən uzaqlaşaraq, müstəqilliyini qorudu. Tarixin ağır dərsindən nəticə çıxardı; həm öz tarixindən, həm də dünyanın təcrübəsindən. Çünki təkrar qaçılmazdır, amma o təkrarda kiminsə qurban olub-olmaması xalqların düzgün seçimindən asılıdır.

Əgər tarixin dərsini öyrənməsək, Tarix müəllim bizi yenidən eyni lövhə önünə çıxaracaq. Bu dəfə isə daha sərt, daha amansız suallarla. Ona görə də tarixin acı təkrarı qaçılmazdır. Sadəcə məsələ budur: bu dəfə lövhəyə kimi çağıracaqlar?

 

Emin Əfəndi

Tacxeber.com

Oxşar xəbərlər

“Anqlosaksların işidir, Türkiyə ilə aramızda…” – Korotçenko

admin

Müsəlman Birliyi Hərəkatının daha bir üzvünün saxlanıldığı bildirilir

admin

Azərbaycanda qız övladı olacaq deyə ana körpəsi ilə çölə atılıb – VİDEO

redaktor