Təhsil naziri Emin Əmrullayevin bu günlərdə “Tarix kitablarında problemlər var” açıqlaması geniş müzakirə edilir. Gec də olsa nazirin bu məsələni etiraf etməsi müsbət haldır. Yeri gəlmişkən qeyd edilən problemlər yalnız tarix dərliklərinə deyil, humanitar və ictimai məzmunlu digər dərsliklərə də aiddir.
Yeri gəlmişkən, tarix elmləri doktoru Şəlalə xanəm Məmmədovanın “Bakı Araşdırma İnstitutu”nun saytında tarix dərslikləri ilə bağlı silsilə məqalələri dərc olunur. Orada xeyli maraqlı məqamlar və mövcud tarix dərsliklərinə haqlı iradlar vardır.
Tarix dərsliklərində ciddi problemlərin olduğunu 10-15 il əvvəl dəfələrlə demişik, yazmışıq. Lakin bir nəticəsi olmayıb. Doğrusu, tarix dərslilərində olan problemlər problemdəndən də bir az dərindir. ağırdır, hətta bəzi məqamlarda ziyanlıdır.
Tarix dərslikləri (büdövlükdə dərliklər) elə yazılmalı, elə tərtib edilməlidir şagird bir mövzunu oxuyanda sonrakı mövzu üçün darıxsın. Oxuduğunun cazibəsinə düşsün, mövzunu öz düşüncəsində canlandıra bilsin. Təəssüf ki, belə deyil. Bizim tarix dərsliklərinin bir çoxu sanki şagirdə cəza vermək üçündür. Şagird məcburiyyət ucbatından onu oxuyandan sonra bu cəzadan yorulur, canını ondan qurtarmaq istəyir.
Dərsliklər yaxşı alimlərdən daha çox yaxşı müəllimlər tərəfindən yazılmalıdır. Dərsliklərin bir konsepsiyası olmalıdır. Məqsəd nədir, tədris edilən dərslik şagirdi necə formalaşdırmalıdır? Bizim tarix dərsliklərində ayrı-ayrı faktlar dəyişsə də, keçmiş Sovet dərliklərindəki konseptual yanaşma hələ qalmaqdadır. Həm də eybəcər formada qalmaqdadır. 30 ilin müstəqillik dövründə Azərbaycanın tarixi keçmişinə müstəqillik meyarları ilə yanaşma dərsliklərdə öz əksini tapa bilmədi. Alternativ dərsliklərə isə imkan vermədilər. Şagirdin seçim imkanı olmadı.
Bir zamanlar alternativ mənbələr olmadığı üçün dərsliklər yeganə bilik mənbəyi hesab edilirdi. Hər şey ora daxil edilirdi, nəzəri və faktaloji yük şagirdin çəkəcəyi yük deyildi. Bu meyl bizim müstəqillik dövrünün tarix dərsliklərində də qalmaqdadır. Mövzular yüklənib, faktaloji material yorucudur, dil ağırdır. Bizim tarix dərsliklərində (digər dərsliklərdə də) şagirdlərə məcburən verilən bilikləri Qərb universitetlərinin haradasa 2-ci kursunda tələbələr öyrənirlər.
Burda ciddi məsələlərdən bir qəbul imtahanlarında test bankının ağır olmasıdır. Əslində, ağır, yüklənmiş, yararsız dərsliklər “sirlər xəzinəsi” olan test bankını yaratdı və bu da dərsliklərin sonrakı təkmilləşməsi üçün buxova çevrildi. İndi bizim tarix üzrə (həm də digər fənlər üzrə) test bankı qlatyator döyüşünə gedən cəngavərlərin alın yazısına bənzəyir. Kim sağ qaldı, qaldı.
Test bankının ağırlığı ildən ilə keçid balının aşağı salınması ilə müşayiət edildi. Nəticədə universitet tələbəsi olmaq savadına, intellektinə, dünyagörüşünə malik olmayan xeyli məzun tələbə oldu. Halbuki Təhsil Nazirliyi və Test Komitəsi qarşılıqlı əməkdaşlıq yolu ilə bu məsəlini həll etməli idilər. Amma əksinə oldu. Onlar bir-birini ittiham edən dövlət qurumlarına çevrildilər.
Bizim tarix dərsliklərdə dil ayrıca bir problem olaraq qalır. Dərslik müəllifləri sanki məktəbli uşaqla, yeniyetmə ilə deyil, öz həmyaşıdı, öz həmkarı ilə müzakirə aparır. Şagirdin yaşı, qavrama qabiliyyəti, qəbuletmə imkanları nəzərə alınmır. Ümumiyyətlə Azərbaycanda tarix dərsliklərində pedaqoji və psixoloji amillər yox dərəcəsindədir, onlar pedaqoji rəyləşmədən keçirilmir.
Bizim ölkədə tarix dərsliklərinin və tarixi ədəbiyyatın şagirdlərdən və Azərbaycan xalqından uzaq düşməsinin ən böyük səbəblərindən biri və bəlkə də birincisi dil problemidir. Dilin ağırlığı, uzun və qarışıq cümlələr şagirdi və oxucunu yorur, onun həvəsini və zövqünü öldürür. Mövzunun mənimsənilməsində başlıca vasitə olan dil maneolcu ünsürə çevrilir. Dissertasiya cümlələri bəzən olduğu kimi dərsliklərə köçürülür. Həll olunmamış mübahisəli məsələlər dərsliklərə salınır.
Humanizm və demokratiya tarix dərslilərinin canına hopmalıdır. XXI əsr vətəndaşının formalaşması məhz bu meyarlarla müəyyən edilir. Qədim dünya, orta əsrlər tarixi şagirdlərə daha erkən yaşlarında tədris edilir. Burada baş kəsmək, qan tökmək, göz çıxarmaq, qılıncdan keçirmək, insan kəllələrindən təpə düzəltmək şagirdi qəhrəman kimi böyütmür, onun uşaq dünyagörüşünü zədələyir, onu “karvanbasana”, gələcəyin “qanuni oğrusuna” hazırlayır.
Digər ciddi bir məsələ tarix dərsliklərində respublikanın etnik mənzərəsinin nəzərə alınmamasıdır. Vaxtı ilə “SSRİ tarixi” dərsliklərində milli respublikalara nə qədər yer verilirdisə, hazırkı tarix dərsliklərində də milli etnik mənzərə təxminən o qədər nəzərə alınır. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq hər bir şagird tarix dərsliyində öz keçmişini görməlidir, duymalıdır.
Tarix dərliklərinin mənimsəmədə mühüm rol oynamalı olan bədii tərtibatı bərbad vəziyyətdədir. Hər şey mətnin üzərinə yüklənib. Şagirdin eynini açan, mövzunu vizual formada onun yaddaşına hopduran bədii material, foto, şəkil, kompazisiya, bədii səhnələr ya yoxdur, ya da son dərəcə primitivdir.
Bir sözlə ölkəmizin tarix dərsliklərindəki problemlər nazir Əmiraslanovun dediklərindən və mənim burada yazdığım qısa qeydlərdən daha dərindir.