Bizdə boşanmaların səbəbləri çox vaxt toydan cəmi üç gün sonra ailə başçısının diktatura rejiminə keçməsi ilə başlayır.
Evlilik yalnız hisslərin və zövqlərin birləşməsi deyil, o, cəmiyyətin kiçik formatda qurulmasıdır. İnsanlar özlərinə sual vermək istəmir, niyə evlənirik? Evlilik ehtiyacların sarayı deyil, evlilik hərtərəfli bir ev tikməkdir. O, yalnız xoşbəxtlik yuvası deyil, iki nəfərin qoşalaşıb çöpdən də olsa bir yuva qurmasıdır. Təəssüf ki, çox vaxt hər iki tərəf evliliyə iqtisadi gəlir gözü ilə baxır. Bu zaman kağız üzərində bağlanan müqavilə asanlıqla işdən çıxmaq müqaviləsinə çevrilir. Evlilik isə mənəvi adını unudur, müqayisə, bəhs və xırda çatışmazlıqların qurbanına çevrilir.
İki nəfərin imzası yalnız kağızda olur. Həyatın özündə isə daha çox imza görünür, ata, ana, hətta qonşu. Bəzən cütlüklər xəyanət və ya özünü məhv etmək əvəzinə daha səmimi olmaq istəyir, qarşılıqlı ehtiyaclar tamamlanmadığı üçün bu birliyi bitirmək məcburiyyətində qalırlar. Lakin məişət pozuntularından tutmuş cinsi pozuntulara qədər doğan hormonal dəyişikliklərin fizioloji qarşılığının olmamasını bir sıra cərəyanların bunu əlində silah kimi istifadə etməsi vəziyyəti daha da ağırlaşdırır. İki insan heç bu ehtirası özündə hiss etməmişkən bir də ayılır ki, üz-gözləri həyatın …mundar damğası… ilə çirklənib. Beləcə, boşanma …daha sivil həyat tərzi…kimi yayılır və evliliyin mədəniyyət, müqəddəs obrazı gözdən düşür.
Evlilik adiləşdirilir, cəmiyyətin gözündən salınır…it kökünə…qoyulur. Çünki kimlərinsə “boşanmış qadın” damğası xoşuna gəlmir. Onlar bu damğanın heyifini xalqdan və buna pis baxan toplumdan almaq istəyirlər. Nənəm danışırdı ki, Laçında bir tayfa olub, boşanmış qadını qəbul etmirmişlər boşandınsa, öldün demək idi. Bu adət təkcə Laçında deyil, ölkənin bir çox bölgələrində olub, indi də qalıqları yaşayır. Mən bunu mütləq düşüncə kimi qəbul etmirəm. Çünki həyatdır, insan ayrılar, ayrılmaq da tamamilə demokratik bir qərarın nəticəsi ola bilər. Bunları qəbul edirəm. Sadəcə demək istəyirəm ki, bu xalq evliliyi hər zaman cəmiyyət qurmaq kimi dərk etməsə də, onu öz mədəni kimliyi kimi sevib və qoruyub.
İndi isə vəziyyət tam tərsinədir. “Boşanmış qadın” cəmiyyətimizdə çox vaxt seks obyekti kimi görülür, yaxud əxlaqsızlıq damğası daşıyır. Axı niyə? İnsan təbiəti ilə öldürülür. Hərçənd, artıq bu da ayıb sayılmır. Boşanma həm də …beyni yeyilmiş insanların uğur mərkəzinə çevrilib. Amma kimsə anlamır ki, qadın öz səltənətindən endirilir, müəyyən qüvvələrin istismar maşınına çevrilir.
Əslində dağılmış ailədə daha böyük günah çox vaxt kişidə olur. Azadlıq adı altında təqdim edilən xaos qadının üzərində bir etiketə çevrilir və köynəyində ləkə kimi qalır. Ümumiyyətlə, həyat varsa, ayrılıq da var bunu qəbul edirik. Mən iki yetkinin qarşılıqlı razılaşma ilə verdiyi ayrılıq qərarından danışmıram, çünki bu, hər kəsin başına gələ bilər və faciə deyil. Mənim sözüm xəbərsiz şəkildə ayrılmağa, boşanmağa məhkum edilənlərədir. Boşanma həyatın bir halıdır, lakin bu gün artıq bir …vəbaya… çevrilib. Bu vəbaya yoluxmaq isə məni qorxudur.
Yenə deyirəm, məqsədim dramatik nağara çalmaq deyil. Cəmiyyət varsa, hadisələr də qaçılmazdır. Dəyərləri zəhərə çevirməmək üçün dozanı qorumaq lazımdır. Məsələ ondadır ki, boşanma artıq şəxsi qərar yox, ideoloji bir xəttə çevrilib. Əgər onun sosioloji, psixoloji, mənəvi ziyanları barədə düşünməsək, onda adiləşmiş bir pozuntu ilə yaşamağa məhkum olacağıq…
Evlilikdə sevgi olmalıdırmı,
yoxsa bu, uydurulmuş bir mifologiyadır?
Evlilik sevgini aşmaq, onun baryerlərini qırmaqdırmı,
yoxsa sadəcə büllur güzgülərə vurulmaqdır?
Bunları aydınlaşdırmaq gərəkdir,
Sevgi üzərində qurulan ailəmi daha möhkəmdir,
yoxsa ağıl müstəvisində formalaşan bağ?
Bəlkə də evlilik ailə institutunun tələbələri kimi
qovuşmaqdan başqa bir şey deyil?
Bizdə evlilik adət-ənənənin dəyərləri əsasında formalaşdığı üçün köhnəlir?