DünyaHadisəSiyasət

Nepal hadisələri bir təsadüfdür yoxsa …. ?

Pekində keçirilmiş hərbi paraddan və ŞƏT-in sammitindən sonra maraqlı hadisələr baş verməyə başlayıb. Si Zinpinin göstərmək istədiyi “mən də varam” gücünə verilən cavab özünü çox gözlətməyib. Dünya elə sürətlə fırlanır ki, Uzaq Şərqin nəfəsini dərməyə heç macalı da olmadı, cəmi 5 gündən sonra Nepalda inqilab baş verdi, Polşa isə Rusiyanın dron hücumlarına məruz qaldı.

Rusiya özünü NATO-ya göstərdi. Onun gücünü və nəyə qadir olduğunu yoxlamaq qərarına gəldi. Bu tabloda hər şey aydındır. ABŞ Rusiyanı Avropanın öhdəsinə buraxıb. Əvvəl-axır Avropanın bürokratik sisteminin öz təhlükəsizliyi naminə rahatlığını pozaraq isti yerlərindən tərpənməsi baş verəcək, gec olsa da.

Nepal isə başqa məsələdir və özü ilə Çin üçün gözlənilməz nəticələr gətirə bilər. Həmin nəticələrin özünü doğruldacağı halda Ukraynada müharibənin bitməsi və Rusiyanın Əfqanıstandan çıxdığı kimi Ukraynadan da çıxması qaçılmaz olacaq. Nəzərə alaq ki, Tramp komandası Çin və Rusiyanı birinci dərəcəli məsələdən ikinci dərəcəli məsələyə keçirib. İndi Ağ evi ilk növbədə məşğul edəcək məsələ Amerika torpaqları olacaq, o cümlədən Venesuela, o cümlədən Latın Amerikası ölkələrinin BRİKS-lə heç bir aidiyyatı olmadığını ortaya qoymaq olacaq. Vaşinqton Çinin caynaqlarını Latın Amerikasından qoparmaqla əhatə dairəsini bir az daraltmağa çalışacaq. Sonra Çinin elə öz həndəvərində davam edəcək. Məsələn, Nepalda.

Təsəvvür edin, Nepalın siyasi partiyaları arasında ölkənin idarəçiliyində əsas yer tutan 4 ən iri partiyadan 2-i kommunist partiyasıdır: Nepal Kommunist partiyası (birləşmiş marksist-leninçi) 2018-ci ildə rəqibi olmuş digər kommunist partiyaları ilə birləşərək ən iri vahid kommunist partiyası yaradıldı, Nepal Kommunist partiyası (maoçu mərkəz) radikal solçulardır. Təkcə parlamentdə onlar deputat yerlərinin sayına görə ikinci və üçüncü yerləri tuturlar. Ölkənin idarəçiliyində açar vəzifələr – prezident, vitse-prezident, baş nazir və parlament rəhbəri, təbii ki, məmurlar da hakim kommunist partiyaların üzvləridirlər. Bu o, deməkdir ki, Nepal müstəqil dövlət, parlament respublikası olsa da və demokratiya indeksinə görə təsnifatlandırılsa da, siyasi sistem mənbəyini SSRİ-dən miras götürmüş Çin maoçularının yaratdıqları kommunist rejiminə əsaslanırdı. Söhbət maoçulardan gedirsə, deməli, burda Çin təsirindən də danışmalıyıq.

Çin Nepalda çox qədimdən peyda olmayıb. Əvvəllər Hindistan və bir az da Tibetin, sonra ingilislərin, daha sonra isə çinlilərin nüfuz dairəsində olub. Nepal Himalay dağlarının arasında itib-batmış, dənizə çıxışları olmasa da, Çinlə Hindistan arasında strateji bir ərazidir.

İndi Nepalda baş verənləri əməlli-başlı üsyan adlandırmaq olar. Əvvəlcə ölkədə 30-dək populyar sosial şəbəkənin qapadılmasına Z nəsil gənclərin etirazları başladı, sonra gözləniləmədən kütləvi iğtişaşlara keçdi. Qadağa ləğv olunsa da iğtişaşlar yatmayıb, adamların ölümü və yaralanması ilə müayiət olunub. Bəhanə internet resurslarının qadağası idi, kütləni ayağa qaldıran səbəbsə ölkədəki korrupsiya və məmurların lüks həyatından bezməsii oldu.

Nepalda etirazlar nadir hal deyil, lakin yüksək çinli məmurların qovulması, hakim dairələrin istefası, onların evlərinə basqınlar, dövlət binalarının yandırılması proseslərin ciddiliyindən xəbər verir.

Nepal hadisələri Banqladeş hadisələrinə çox bənzəyir. Banqladeşdə olduğu kimi Nepaldakı proseslərin də məntiqi davamı olaraq qərb demokratiya dəyərlərinin qələbəsilə sonlanacağı inandırıcı görünmür. Çünki Qərb uzaq Asiyada deyil. İndi əsas məsələ Nepalı Çinin caynaqlarından qoparmaqdır. Qoparıb Hindistanın nüfuzuna qaytarmaqdır. Hindistan Çin qədər qorxulu çoxbaşlı əjdaha deyil, olsa-olsa sevimli Fildir.

Gerisi isə, biz tərəflərdə deyildiyi kimi, Sərvərin boynuna.

 

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın İrandakı səfirliyinə hücumun necə baş verməsi barədə açıqlama – VİDEO

redaktor

Rusiya ilə yeni toqquşmaya hazırlıq: nüvə də nəzərə alınıb

redaktor

NATO-dan İsrail-İran savaşına reaksiya: Biz yoxuq

redaktor