İkinci dünya müharibəsi illərində avropalı yəhudilərdən əsərlər oğurlayan nasist Fridrix Kadqienin qızı və kürəkəninə çoxsaylı sənət nümunələrini – o cümlədən fransız rəssamı Anri Matissin 22 əsərini gizlətməkdə ittiham irəli sürülüb.
Cütlük ötən ay Argentinada daşınmaz əmlak satış elanında holland kolleksiyaçısından oğurlanmış XVIII əsrə aid bir əsər gözə dəydikdən sonra diqqət mərkəzinə düşüb.
İtalyan barokko rəssamı Cüzeppe Gislandinin “Xanımın portreti” adlı əsəri 80 il ərzində itmiş hesab olunurdu. Lakin təsadüfən nasist Kadqienin qızı Patrisiya Kadqienin evində çəkilmiş fotoda göründü. Fridrix Kadqien müharibədən sonra Argentinaya qaçmış və orada 1978-ci ildə ölmüşdü.
Polis araşdırmaya başlayaraq bir neçə axtarış keçirib. Amma nəticədə həmin tablo tapılmayıb, onun əvəzində 1940-cı illərə aid Matissin 22 əsəri, eləcə də mənşəyi hələ müəyyənləşdirilməmiş digər sənət nümunələri aşkarlanıb.
Polisin məlumatına görə, əsərlər Kadqien ailəsinin Argentinanın dənizkənarı kurortu Mar-del-Platada yerləşən evində tapılıb.
58 yaşlı Patrisiya Kadqien və 60 yaşlı həyat yoldaşı, nəhayət, Gislandinin əsərini hakimiyyət orqanlarına təhvil veriblər və ötən cümə axşamı məhkəməyə çıxarılaraq sənət əsərlərini gizlətməkdə ittiham olunublar.
“Xanımın portreti” əsəri 1940-cı ildə nasist Almaniyası Niderlandı işğal edərkən həlak olan Jak Qudstikkerin böyük kolleksiyasına daxil idi.
Argentina mətbuatının yazdığına görə, tablo hazırda təxminən 50 000 ABŞ dolları dəyərində qiymətləndirilir.
Qudstikkerin kolleksiyası yüksək vəzifəli nasistlər – o cümlədən qestaponun qurucusu Herman Görinq arasında bölüşdürülmüşdü. Hitlerin maliyyə məsləhətçisi olan Kadqien isə qarət olunmuş əsərlərin Cənubi Amerikaya daşınmasına cavabdeh idi.
Müharibədən sonra Niderland kolleksiyadan təxminən 300 əsəri geri qaytara bildi və onların əksəriyyəti Qudstikkerin varislərinə verildi. Lakin bir çox əsər hələ də dünyanın müxtəlif yerlərində səpələnmiş vəziyyətdə qalır.