Primoryedə yanacaqdoldurma məntəqələrində kilometrlərlə uzanan növbələr müşahidə olunur, benzin və dizel yanacağının topdansatış qiymətləri isə tarixi maksimumu yeniləyib.
Rəsmi qurumlar artıq səbəbləri gizlətmirlər, Ukraynanın zərbələrindən sonra Rusiyanın bir sıra neft emalı zavodları (NEZ) fəaliyyətini dayandırıb. Yayın pik günlərində ümumi emal gücünün 14%-ə qədəri sıradan çıxmışdı.
Ukraynanın zərbə strategiyasında dəyişiklik
2025-ci ildən etibarən Ukraynanın hücum taktikası kəskin şəkildə dəyişib. Əvvəllər zərbələr əsasən tək-tək olurdu: avadanlıq sıradan çıxarılırdı, zavod istehsalı azaldırdı, lakin bir neçə həftəyə bərpa olunurdu.
İndi isə hücumlar seriyalı və təkrar xarakter daşıyır – eyni obyektlər dəfələrlə hədəf alınır: Ryazan, Novokuybişevsk, Sızran, Volqoqrad və Afipsk NEZ-ləri. Bu, ilkin emal bölmələrinin və xüsusi qurğuların bərpasını mümkünsüz edir.
Məsələn, Rusiyanın emal gücünün 5%-ni təşkil edən Ryazan NEZ-də bir neçə hücumdan sonra istehsalın yarısı dayanıb. Novokuybişevsk NEZ-də (3%) isə ilkin emal bölməsi ciddi zədələnib. Rusiyanın cənubundakı ən böyük zavodlardan biri olan “Lukoil”un Volqoqrad NEZ-i, eləcə də Samara və Sızran NEZ-ləri neft qəbulunu dayandırıb.
Dron və raket təhlükəsi
Ukrayna artıq 1000–1500 km məsafəyə zərbə endirə bilən (FirePoint istehsalı olan AQ-400 tipli) dronlardan geniş istifadə edir. Bu dronlar Volqa bölgəsinə qədər çata bilir. Paralel olaraq, dəniz dronları da neft ixrac terminallarına qarşı tətbiq olunur – Ust-Luqa və Novorossiyskə endirilən zərbələr yanacaq məhsullarının yüklənməsini müvəqqəti dayandırıb.
Ukraynanın arsenalında həmçinin 3000 km-ə qədər məsafəni vura bilən və bir tondan çox döyüş başlığı daşıyan ağır qanadlı “Flamingo” raketi peyda olub. Bu, potensial hədəflərin coğrafiyasını Ural və hətta Sibirin bir hissəsinə qədər genişləndirir.
Neft emalı zavodları niyə həssas hədəfdir?
Rusiyadakı müasir NEZ-lər Shell, Axens, UOP və Haldor Topsoe texnologiyaları ilə qurulub. Lakin 2022-ci ildən sonra avadanlıq, proqram təminatı və katalizatorların idxalı dayandırılıb. Bu isə zavodların bərpasını çətinləşdirir və onları daha da həssas vəziyyətə salır.
Strateji problem ondadır ki, istehsal Qərbdə, tələbat Şərqdə Rusiyadakı NEZ-lərin xəritəsi ciddi strateji uyğunsuzluğu ortaya qoyur. Əsas emal gücləri ölkənin Avropa hissəsində cəmləşib, lakin yanacağa tələbat sürətlə Uzaq Şərqdə artır. Yanacağın şərq regionlarına daşınması minlərlə kilometr məsafəni əhatə edir ki, bu da əlavə xərclər və risklər yaradır. Primoryedə kilometrlərlə uzanan növbələr bu balanssızlığın birbaşa nəticəsidir.
Böyük zavodların əksəriyyəti – Volqoqrada qədər olanlar – artıq Ukrayna dronlarının zərbə radiusuna daxildir. Əgər “Flamingo” raketinin texniki göstəriciləri təsdiqlənsə, bu, Rusiyanın ən iri müəssisəsi olan Omsk NEZ-ni də birbaşa hədəf halına gətirəcək.
Raketlərin və dronların uçuş məsafəsinin artması əvvəllər toxunulmaz sayılan obyektləri də təhlükə altına qoyur. Kalininqraddan Uzaq Şərqə qədər bütün NEZ-ləri eyni vaxtda qorumaq praktiki olaraq mümkün deyil.
Nəticədə, əvvəllər Rusiyanın iqtisadi gücünün əsas dayağı sayılan neft və qaz sənayesi indi onun ən zəif nöqtəsinə çevrilir.