29 C
Bakı
11 Avqust 2025 13:29
DünyaGündəmMaraqlıSiyasət

Sülhün geosiyasəti: ABŞ Cənubi Qafqazın yeni qaydalarını yaza biləcəkmi?

Ötən cümə günü Ağ Evdə ABŞ, Azərbaycan, Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüş Cənubi Qafqazın geosiyasi xəritəsində yeni bir epoxanın başlanğıcını simvolizə edir. Onilliklərdir davam edən münaqişə atmosferində belə bir formatda görüşmək tərəflərin strateji prioritetlərini yenidən tərtib etdiklərini göstərir.

Vaşinqton bu masa üzərindən regionda öz təsirini gələcək onilliklər üçün institusional çərçivəyə salmaq niyyətini nümayiş etdirir. ABŞ üçün bu razılaşma uzunmüddətli geosiyasi strategiyanın bir hissəsidir. Bu strategiya regionda güc balansını yenidən tərtib etmək, yeni iqtisadi və təhlükəsizlik arxitekturasının əsas sütunlarını müəyyənləşdirmək məqsədi daşıyır (Politico, 2025).

ABŞ strategiyasının daxili məhdudiyyətləri
Burada ABŞ üçün nəzərdən qaçmamalı bir məqam var: Vaşinqtonun qaydaları yazmaq iddiası yalnız xarici diplomatik aktivliklə məhdudlaşmır, daxili siyasi faktorlarla da bağlıdır. ABŞ-da 2026 Konqres seçkiləri və 2028 prezident seçkiləri fonunda Cənubi Qafqaz siyasətinə yönəlik diqqət dəyişə bilər. Ukrayna müharibəsinə ayrılan resurslar, Asiya-Sakit okean regionunda Çinlə strateji rəqabət və Yaxın Şərqdə davam edən gərginlik region üçün ayrılan maliyyə və diplomatik kapitalı məhdudlaşdıra bilər. ABŞ ictimaiyyətində Cənubi Qafqazın prioritetliyi zəifdir, bu isə kontinuiteti riskə atır.

Ancaq ssenari optimist müstəvidə davam edərsə, Vaşinqton Rusiyanın təsirini balanslaşdırmaq üçün real imkan əldə edəcək. Moskvanın 2020-ci ildən sonra bölgədə oynadığı vasitəçi rol, Ukrayna müharibəsi və daxili iqtisadi böhran nəticəsində zəifləyib. ABŞ bu zəiflikdən istifadə edərək, Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda strateji platformalar qurmaqla Kremlin “təhlükəsizlik monopoliyasını” qırmağa çalışa bilər.

Digər tərəfdən, bu razılaşma Çin və İran kimi oyunçulara qarşı geoiqtisadi üstünlük təmin edir. Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Cənubi Qafqaza daxil olmağa çalışır. Pekin üçün Cənubi Qafqaz Orta Dəhliz vasitəsilə Avropa bazarına çıxış nöqtəsidir. Çin liman, dəmir yolu, 5G və rəqəmsal infrastruktur yatırımları ilə regionda yumşaq gücünü möhkəmləndirir  (Khar Center 2025). ABŞ-ın yeni qaydalar yazmaq cəhdi Pekinin uzunmüddətli iqtisadi nüfuzuna təhdid kimi görünür və Çin bunu dolaylı diplomatik balans siyasəti ilə neytrallaşdırmağa çalışa bilər.

İran isə həm Ermənistan, həm də Azərbaycanla tranzit əlaqələrində öz mövqelərini möhkəmləndirmək istəyir. Tehran faktiki olaraq üç əsas alətdən istifadə edir: Şimal–Cənub Nəqliyyat Dəhlizi, Ermənistanla qaz təchizatı müqavilələri və Azərbaycanla sərhəd boyu təhlükəsizlik təsir imkanları. ABŞ-ın dəstəyi ilə formalaşacaq yeni nəqliyyat dəhlizləri, enerji marşrutları və ticarət xətləri Pekin və Tehran üçün strateji məhdudiyyət yaradacaqdır.

Bundan əlavə, Vaşinqton üçün bu proses normativ təsir imkanı da yaradır. Tərəflərlə bağlanacaq ticarət, enerji və təhlükəsizlik razılaşmaları yalnız iqtisadi deyil, həm də geosiyasi standartların ixracını nəzərdə tutur. Bu, Qərb institutlarının regionda möhkəmlənməsi, ABŞ-ın diplomatik nüfuzunun uzunmüddətli qorunması və “oyun qaydalarının yazılmasında” lider mövqedə qalması deməkdir.

Beləliklə, Ağ Ev masasında əldə edilən sənəd Vaşinqtonun Cənubi Qafqazda struktur yaradan və qayda müəyyən edən strateji oyunçu kimi qalmaq planınından xəbər verir.

Ağ Ev sənədinin regional güc balansına təsiri

Azərbaycan bu razılaşma vasitəsilə tranzit yollarını şaxələndirəcək və xarici tərəfdaş dairəsini diversifikasiya edə biləcək. Əgər 2020-ci il hərbi qələbə idi isə, 2025-ci ilin Ağ Ev sənədi həmin qələbənin siyasi kapitala çevrilməsidir (Reuters, 2025). Bakı üçün bu Moskvanın təhlükəsizlik çətirindən imtina, Vaşinqtonun iqtisadi, hərbi və diplomatik platformasına addım atmaq cəhdidir. Daxildə isə bu sənəd hakimiyyət üçün legitimlik kapitalı rolunu oynayacaq, dövlət və əlaltı media vasitəsilə “diplomatik zəfər” kimi təqdim ediləcək. Lakin Moskva ilə gərginliyin artması yalnız diplomatik münasibətlərin soyuması ilə məhdudlaşmır, həm də strateji nəqliyyat və ticarət marşrutlarının, xüsusilə də şimal istiqamətindəki dəmir yolu və avtomobil yollarının təhlükəsizliyini riskə atır. Rusiya ilə qarşıdurma fonunda bu marşrutların bağlanması və ya məhdudlaşdırılması ehtimalı Bakı üçün logistika və tədarük zəncirlərində ciddi fasilələr yarada bilər. Bundan əlavə, enerji bazarlarında mövcud qarşılıqlı asılılıq Moskva tərəfindən siyasi təzyiq vasitəsinə çevrilə, Azərbaycan iqtisadiyyatına dolayı zərbələr vura bilər.

Ermənistan isə razılaşmadan iqtisadi və müəyyən qədər təhlükəsizlik zəmanətləri qazanır. Bu, uzun illər davam edən iqtisadi blokadanın yumşalması, sərhədlərin açılması və Qərb investisiyalarının cəlbi demək ola bilər. Bu dividendlərin reallaşması üçün Ermənistanın hüquqi-institusional islahatlar aparması, Rusiya ilə enerji asılılığını mərhələli şəkildə azaltması zəruridir.

Lakin bu dividendlərin arxasında ciddi humanitar və hüquqi boşluqlar qalır: müharibə qaçqınlarının geri dönüş mexanizmi, mədəni irsin qorunması, həbsdə olan keçmiş DQMV seperatçılarının taleyi kimi məsələlər imzalanan sənədlərdən tamamilə kənarda qalıb (en.arovat.am, 2025). Bu, Yerevan üçün daxili siyasətdə ağır diskussiya və diaspora təzyiqi yaratmaq potensialındadır.

Bütün bunlar, Rusiyanın bölgədəki “təbii vasitəçi” mövqeyinin tənəzzülü fonunda baş verir. Kreml artıq nə Ermənistanın təhlükəsizliyinə tam zəmanət verə bilir, nə də Azərbaycan üzərində həlledici təsirini qoruyur (nestcentre.org, iyul 2025). Bu, regional güc balansında yeni bir dinamikanın formalaşmasıdır: Ağ Ev regiona yeni siyasi nəfəs verir, Bakı və Yerevan isə bu nəfəsi öz maraqlarına uyğun filtrdən keçirməyə çalışır.

Rusiya: İtkilər və təzyiq alətləri

Ağ Evdə imzalanan çərçivə razılaşması Moskva üçün strateji məğlubiyyət elementləri daşıyır. Kreml uzun illər Cənubi Qafqazda “yeganə təhlükəsizlik zəmanətçisi” və əsas vasitəçi rolunda çıxış edərək həm Ermənistanı, həm də Azərbaycanı öz təsir dairəsində saxlayırdı. Bu format ilk dəfədir ki, ABŞ-ın yüksək səviyyəli diplomatik təşəbbüsü ilə faktiki kənara itələnir. Təsadüfi deyil ki, Rusiya XİN sözçüsü Zaxarova məsələyə dair açıqlamasında sülhün əsasən regional aktorlar – Rusiya, İran və Türkiyə kimi ölkələrin iştirakı ilə, balanslı şəraitdə qurulmasının zəruriliyini vurğulayır. Xaricdən, yəni Qərbdən gələn təşəbbüslərin regional oyunçuları “kənara itələyə” biləcəyini etiraf edir (REN TV, 09 avqust 2025).

Vasitəçilik monopoliyasının itirilməsi
Moskva üçün ən ciddi zərbə Qarabağ münaqişəsinin və sonrakı sülh gündəminin artıq Kremlin vasitəçiliyi olmadan irəliləməsidir. Bu, həm siyasi nüfuzun, həm də regionda “təhlükəsizlik arxitekturasını dizayn edən” əsas oyunçu statusunu itirmək deməkdir. Ağ Ev görüşü, Rusiya diplomatiyası üçün konkret funksional itkidir.
Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşma siyasəti, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əlaqələrini dayandırması, Moskvanın Yerevana qarşı etimadını minimuma endirib. Kremlin baxışında Ağ Ev razılaşması, Ermənistanın “strateji xəyanətinin” növbəti təsdiqi kimi görünür.
Azərbaycan–Rusiya münasibətləri son illərdə artan gərginlik və etimad böhranı fonunda formalaşır. Enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlıq hələ davam etsə də, Bakının ABŞ vasitəçiliyi ilə əldə etdiyi strateji üstünlüklər Kreml üçün açıq təhdiddir. Bu şəraitdə Kreml balansı qorumaq üçün artıq praqmatik tərəfdaşlıq ritorikasından çox, təzyiq alətlərinə söykənən siyasət yürüdəcəkdir. Nəticədə Azərbaycan–Rusiya münasibətləri artıq geosiyasi qarşıdurma elementləri daşıyan mürəkkəb bir oyun meydanına çevriləcəkdir.

Təzyiq alətləri və mümkün cavab addımları
Moskva regiondakı nüfuzunu qorumaq üçün bir neçə alətdən istifadə edə bilər:

  • Ermənistan iqtisadiyyatında və enerji infrastrukturunda mövcud asılılıq.

  • Azərbaycanla şimal marşrutları və təhlükəsizlik əməkdaşlığı.

  • Qarabağ sonrası humanitar məsələlərdə təsir imkanları (qaçqınlar, minaların təmizlənməsi).

 Kremlin cavabı ehtimal ki, Cənubi Qafqazda daha çevik, lakin daha sərt strategiya olacaq. Bir tərəfdən Azərbaycanı digər tərəfdən Ermənistanı iqtisadi və siyasi təzyiq vasitəsilə tarixi orbitə qayıtmağa məcbur etmək.

İran üçün Ağ Ev razılaşması Tehranın oyundan kənar qalacağı birbaşa diplomatik zərbədir. İranın Dini Liderin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti, Tasnim xəbər agentliyinin müxbirinə verdiyi xüsusi müsahibədə “Cənubi Qafqaz Trampın icarəyə götürdüyü sahibsiz bir bölgədirmi? Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir və bu keçid Trampın sahib olduğu bir dəhliz yox, Trampın muzdlu əsgərlərinin məzarlığı olacaq.” şəklində kəskin cavab verib (Tasnimnews.com, 09 avqust 2025).

Ağ Ev razılaşmasının Ankara üçün strateji mənası

Ağ Evdə imzalanan sənəd Türkiyə üçün həm diplomatik, həm də geoiqtisadi baxımdan xüsusi əhəmiyyət daşıyır. Ankara uzun illərdir Cənubi Qafqaz siyasətini “bir millət, iki dövlət” prinsipi üzərində quraraq Azərbaycanı regional strategiyanın mərkəzi tərəfdaşı kimi qəbul edib. Təsadüfi deyil ki, rəsmi Ankara bu sammitə dair rəsmi münasibətində imzalanan sənədi sülh üçün fürsət kimi qiymətləndirməklə yanaşı, can Azərbaycan vurğusunu da unutmayıb (Türkiyə XİN, 8 avqust 2025).
Türkiyə üçün bu razılaşmanın ən mühüm maddələrindən biri Naxçıvan vasitəsilə Azərbaycana, oradan isə Xəzər hövzəsinə uzanacaq dəhlizin açılması ehtimalıdır. Ankara bu marşrutu iqtisadi qazanc mənbəyi,  həm də Orta Asiya ilə birbaşa quru bağlantı əldə etmək vasitəsi kimi görür. Bu, Türkiyənin “Orta Dəhliz” layihəsini gücləndirərək Pekin–London ticarət xəttində mühüm tranzit qovşağa çevrilməsinə xidmət edir.
Ankara son illərdə Ermənistanla münasibətlərdə normallaşma istiqamətində əhəmiyyətli addımlar atır. 2021-ci ildən başlayan dialoq prosesi indiyədək tam diplomatik əlaqələrə gətirib çıxarmasa da, Ağ Ev razılaşması bu prosesi sürətləndirə bilər. Türkiyə rəhbərliyi anlayır ki, sərhədlərin açılması həm Ermənistanın blokadadan çıxmasına, həm də Türkiyə-Ermənistan ticarətinin canlanmasına səbəb olacaq.

ABŞ və Rusiya balansında mövqe
Türkiyə üçün mühüm məqam odur ki, bu prosesdə həm ABŞ-ın, həm də Rusiyanın narahatlıqlarını nəzərə alaraq balanslı rol oynasın. Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan sənəd Ankaraya Qərb platformasında təsir imkanları yaradır, eyni zamanda Rusiya ilə strateji əlaqələri zədələməmək şərtini ön plana çıxarır.

Regional nüfuzun möhkəmləndirilməsi
Sülh prosesi uğurla davam edərsə, Türkiyə həm Azərbaycan üzərindəki təsirini möhkəmləndirəcək, həm də Ermənistanla iqtisadi əməkdaşlıq vasitəsilə Cənubi Qafqazın əsas oyunçularından biri kimi mövqeyini bərkitmiş olacaq. Bu, Ankaranın həm NATO müttəfiqləri, həm də Türk Dövlətləri Təşkilatı daxilində siyasi çəkisini artıracaq.

Türkiyənin yanaşması, sülhün davamlı olmasından birbaşa fayda götürəcək bir praqmatizm üzərində qurulub. Ankara üçün bu, eyni zamanda həm “qardaşlıq diplomatiyası”, həm də Avrasiya qitəsində artan təsir uğrunda strateji oyunun bir hissəsidir.

Ümumiləşdirilmiş təhlil

Amma masanın ən böyük sualı dəyişməz qalır: “Sülh üstünə” qurulan bu yeni regional arxitektura dayanıqlı olacaqmı?

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyir ki, nə Moskva, nə də Tehran ABŞ-ın rolunun güclənməsindən, xüsusən də bu TRIP layihəsi inkişaf edərsə, məmnun olmayacaq. Ona görə də İranın və Rusiyanın bütün bunlara necə reaksiya verəcəyini izləmək lazımdır (Azadlıq radiosu, 9 avqust 2025a).

Tarixi təcrübə göstərir ki, Cənubi Qafqazda əldə edilən istənilən razılaşma icra mərhələsində sınanır. Münaqişə sonrası dövrdə davamlı sülhün qorunması üçün yalnız diplomatik jestlər kifayət etmir, institusional mexanizmlər, qarşılıqlı etimad addımları və tərəflərin qəti siyasi iradəsi tələb olunur.

İqtisadi asılılıq və risklər

İqtisadi əlaqələr və siyasi protokollar, şübhəsiz ki, münaqişə riskini uzunmüddətli olaraq azalda biləcək mühüm vasitələrdir. Regional nəqliyyat dəhlizlərinin açılması, sərhəd keçidlərinin liberallaşdırılması və enerji infrastrukturunun bir-birinə bağlanması kimi addımlar, qarşılıqlı asılılıq yaradır və bu, hər iki tərəf üçün konfliktin iqtisadi qiymətini artırır. Lakin iqtisadi inteqrasiya tək başına siyasi və etnik ziddiyyətləri aradan qaldırmır.

Bu prosesin ən zəif həlqəsi, tarixi travmalar və onların ictimai şüurda necə qorunduğudur. Hər iki ölkədə illərlə möhkəmlənmiş düşmən obrazları, təhsil sistemində, medianın ritorikasında və siyasi diskursda hələ də canlıdır. Bu stereotiplər yumşaldılmadıqca, sülh sənədi hər an “kagız üzərində qalan” bir anlaşmaya çevrilə, yekun sülh razılaşmasını qeyri-müəyyən gələcəyə ata bilər.

Böyük güclərin rəqabəti

Nəhayət, böyük güclərin rəqabəti məsələnin dayanıqlığını sual altına qoyur. ABŞ-ın bu razılaşmadakı rolunu Moskva öz təsir dairəsinə təhdid kimi görür, Çin isə iqtisadi və infrastruktur maraqlarını qorumağa çalışır. İran isə Rusiyayla, Rusiyasız ABŞ-ı Cənubi Qafqaza buraxmayacağını sərt dillə iddia edir (Azadlıq radiosu, 9 avqust 2025). Belə bir çoxqütblü mühitdə hər bir böyük güc, prosesin öz maraqlarına uyğun şəkildə davam etməsinə çalışacaq. Bu isə Azərbaycan və Ermənistanın balans siyasətini həddindən artıq mürəkkəbləşdirə bilər.

Bir sözlə, bu “sülh üstünə” qurulan regional arxitektura kağız üzərində qalmamalı, real həyatda da möhkəmləndirilməlidir. Bunun üçün də tərəflərdən strateji səbr, siyasi iradə və cəmiyyətlərdə psixoloji transformasiya tələb olunur. Əks halda, bugünkü Ağ Ev imzası sabahın tarixi sənədindən çox, “itirilmiş fürsətlər” siyahısında yer ala bilər.

Vaşinqton razılaşmasının gələcək taleyi

Ağ Evdə imzalanan bu sənəd sülhə aparan yolda nə yekun nöqtədir, nə də sadəcə başlanğıc. O, uzun illərdən bəri dondurulmuş, zaman-zaman yenidən qızışan bir münaqişənin siyasi təqvimində yeni bir səhifə açır. Lakin bu səhifə ağ rəngdədir və onun üzərinə hansı mətinin yazılacağı hələ də qeyri-müəyyəndir.

Bu sənəd, bir tərəfdən, Qafqazın yeni mərhələyə keçidinin rəsmi anonsu kimi oxunur: ABŞ-ın vasitəçilik formatına dönüşü, region dövlətlərinin geoiqtisadi əlaqələrinin yenidən qurulması və diplomatiyanın hərbi qələbələrdən sonra yenidən mərkəzi oyunçuya çevrilməsi.

Onu “siyasi manifest” edən məhz bu çox şaxəli xarakteridir. Bir yandan o, tərəflərə sülh gündəminin mümkünlüyünü göstərir; digər yandan, həyata keçirilmədiyi təqdirdə, sülhün yalnız deklarativ səviyyədə qaldığını xatırladacaq. Belə sənədlər tarixdə ya uzunmüddətli sabitliyin təməl daşına, ya da diplomatik arxivlərin tozlu rəflərində unudulan bir vərəqə çevrilib. Bu sənədin hansı taleyi yaşayacağı, qarşıdakı illərdə atılacaq konkret və ölçülə bilən addımlardan asılı olacaq.

Ən əsası Ağ Evin şahidlik imzası tərəflərə bir növ “psixoloji momentum” verir. Bu momentumdan yararlanmaq üçün sərhədlərin faktiki açılması, ticarət və kommunikasiya kanallarının işə salınması, humanitar məsələlərin həlli və qarşılıqlı etimadı artıracaq jestlər gecikmədən həyata keçirilməlidir. Əks halda, bu sənədin yaratdığı ümid dalğası çox tez çəkilə bilər.

Beləliklə, Ağ Evdəki görüşün məhsulu həm regionun gələcək siyasi xəritəsinin eskizi, həm də bu xəritənin reallığa çevrilib-çevrilməyəcəyini müəyyən edəcək ilk testdir. O,  diplomatiyanın imkanlarını və kövrəkliyini eyni anda  nümayiş etdirir.

Elman Fəttah – KHAR Centerin rəhbəri

Tacxeber.com

Oxşar xəbərlər

Fələstin bayrağını təpikləmək istədi, özü qurbana çevrildi – ANBAAN VİDEO

redaktor

Latviyada bu tarixdən qadınlar əsgərliyə gedəcək

redaktor

Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu

redaktor