“Abzas Media”nın həbsdə olan və aclıq aksiyası keçirən direktoru Ülvi Həsənlinin ürəyində problemlər olduğu bildirilir.
Bu barədə iyulun 26-da onun həyat yoldaşı Rübabə Quliyeva məlumat yayıb.
Bildirilir ki, iyulun 25-də zəng edən Həsənlinin səsi “çox zəif və halsız” gəlib.
“İyulun 21-də karserdə huşunu itirəndən 5 gün sonra həkim onu “müayinə” etməyə lütf edib. Qan təzyiqi 140/100 səviyyəsindədir, çəkisi 67 kiloqrama düşüb. Ülvi həkimə ürəyində problemlər olduğunu deyib. Həkim isə bildirib ki, burada kardioqramma etmək mümkün deyil, icazə yoxdur”, – Quliyeva xəbər verib.
Həsənli iyulun 21-də huşunu itirdiyini nəzarətçiyə bildirsə də, buna heç kimin əhəmiyyət vermədiyini deyib.
O, həmçinin, isti havaya rəğmən saxlanıldığı cərimə kamerasında nəfəsliyin qəsdən bağlı saxlanıldığını çatdırıb.
“Ülvini aclıq aksiyasına görə karsda saxlamaq bir yana, əlavə olaraq işgəncə məqsədilə bu dözülməz isti havada nəfəsliyi belə açmırlar. O, düşünür ki, səhhəti ilə bağlı yayılan xəbərlərə görə cəzalandırılır və nəfəsliyin bağlanması da məqsədli şəkildə edilir”, – Quliyeva əlavə edib.
“Abzas Media” direktoru ona həmrəylik məqsədilə aclıq aksiyası keçirən qadın jurnalistlər üçün narahat olduğunu da bildirib.
Ülvi Həsənli iyulun 20-dən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarlarını yerinə yetirməməsi ilə əlaqələndirib.
Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti 3 iyul tarixində təmin edib və bu qərar Penitensiar Xidmətə təqdim olunub. Lakin qərar hələ də icra olunmayıb.
Həsənliyə dəstək məqsədilə iyulun 22-də BİT-də saxlanılan “Abzas Media” jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclığa başlayıblar.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib. (ToplumTV)